azia.az
azia.az

Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası yenidən repertuarda

25-06-2016, 06:00

Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası yenidən repertuarda Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

Gün.Az-a Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşanın nümayişi bayram günündə - 26 iyun tarixində saat 19.00-da baş tutacaq. Azərbaycan Dövlət Musiqili Teatrının əsası ötən əsrin əvvəllərində - 106 il bundan öncə - 1910-cu ildə Üzeyir Hacıbəylinin məhz bu ölməz səhnə əsəri ilə - “Ər və arvad” tamaşası ilə qoyulub.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır. Rolları Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov ifa edirlər.

Azərbaycan Dövlət Musiqili Teatrı Azərbaycan Silahlı Qüvvələri Gününü və iyun ayının son həftəsini bayram əhval-ruhiyyəsi ilə başa vurmaq arzusunda olan hər kəsi “Ər və arvad” tamaşasını izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi