Almaz Ələsgərli “Amerikalı kürəkən”lə səhnəyə çıxacaq
Azərbaycan Dövlət Musiqili Teatrı aprelin 29-da Ramiz Mirişli və Marat Haqverdiyevin “Amerikalı kürəkən” iki hissəli musiqili komediyasını təqdim edəcək.
Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır. Səhnə əsəri haqqında fikirlərini bölüşən xalq artisti bildirib ki, bu əsərin ən böyük özəlliklərindən biri də günümüzlə səsləşməsi, aktuallığıdır: “Söz yox ki, hər bir valideyn övladının xoşbəxtliyini istəyir. Amma burda bir incə məqam var: bəzilərinə elə gəlir ki, xoşbəxtlik təkcə qır-qızılda, var-dövlətdə, imtiyaz sahibi olmaqdadır. Əlbəttə ki, bu, çox yanlış bir fikirdir. Və bizim əsərin qəhrəmanı olan ana – Tunzalə xanım da bu cür yanlış düşüncədə olan insanlardandır. O qızını varlı, malı-dövləti başından aşan birisinə ərə vermək istəyir. Qızı Reyhan isə başqa birisini – ingilis dili müəllimi olan Kamranı sevir. Reyhan anasının onun kasıb bir müəllimlə evlənməsinə heç cür razı olmayacağını görüb Kamranla birgə Tunzalə xanım üçün oyun qurur. Elə əsl məzhəkə də bundan sonra başlayır... Yeri gəlmişkən, qeyd edim ki, Tunzalə obrazını tanınmış müğənnimiz, əməkdar artist Almaz Ələsgərli ifa edir”.
Qeyd edək ki, Almaz Ələsgərli Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komdeyia aktyorluğu” fakültəsini bitirib. İlk dəfə 1985-ci ildə - tələbə ikən məhz Musiqili Teatrda səhnəyə çıxıb və Emin Sabitoğlu və Xalidə Hasilovanın “Nəğməli könül” əsərində baş qəhrəmanı – Könül obrazını canlandırıb. Sonra uzun müddət teatrdan uzaq düşən Almaz xanım əsasən müğənnilik fəaliyyəti ilə məşğul olub. Bu yaxınlarda yenidən teatrda işləmək arzusu ilə Azərbaycan Dövlət Musiqili Teatrına müraciət edib. Artıq o, Musiqili Teatrın aktrisasıdır.
“Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu-drijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi xalq şairi Fikrət Qoca, xormeysteri əməkdar artist Vaiqf Məstanov, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Nigar Qarayeva və Gülnarə Kərimbəyova ifa edirlər.