azia.az
azia.az

Səhnəmizin brilliantı ola bilməyən Brilliant Dadaşova - Orxan Saffari yazır…

Bu gün, 08:30

Düzünü desəm, Brilliant Dadaşovanın oxumağını heç vaxt başa düşməmişəm. Yəni çoxları kimi ortabab səsi var, bu heç, ancaq anlaya bilmirəm ki, onun musiqimizə, Azərbaycan mədəniyyətin hansı töhfəsi, yeniliyi var? Təsəvvür edək ki, Brilliant xanım müğənni deyil, belə bir adam səhnəmizdə yoxdur. Nə dəyişir? Əlbəttə, heç nə.

Doğrudan da onun Azərbaycan musiqisindəki yerini müəyyən etmək çətindir. Hətta çətin də deyil, ümumiyyətlə, mümkün deyil. Sanki bir tədbirə girmisən, bütün yerlər tutulub, hamı oturub, gediblər başqa otaqlardan stol gətirməyə. Nəhayət, bir qırıq stol da tapıb gətirib qoyurlar bir küncə. Təxminən belədir vəziyyət.

Nədənsə, çağırılmamış, məclisdə çox da sevilməyən qonaq təəssüratı bağışlayır Brilliant xanım. Olmağı dəhşət problem yaratmır, amma olmasa, daha yaxşı olardı kimi gəlir adama.

Bir çox müğənnilər kimi, Brilliant xanım da yadda qalmır, qısa zaman kəsiyində unudulan müğənnilərdəndir. Aylarla, illərlə yadına düşməz, ifasını, özünü axtarmarsan.

Ümumiyyətlə, Azərbaycanda kifayət qədər gənc xanım müğənnilər var ki, özlərinə kimisə kumir götürür, ona bənzəmək istəyir. Ancaq heç kim Azərbaycan musiqisinin Brilliant Dadaşovası olmaq istəmir. Məsələ kiminsə kiməsə oxşamaq istəməsi deyil. Məsələ ömrünün uzun illərini sənətə vermiş bir adamın sənətçi fanatının belə olmaması, məktəbə çevrilməsidir. Çünki bu məsələ həm də sənətkar olmağın göstəricisidir.

Elə müğənnilər var, həm səsi, həm soyunmağı ilə yadda qalır. Adı gələndə pis-yaxşı sənə nəsə deyir, ancaq bu, Brilliant xanım üçün belə deyil. Onun adı da, ifası da adama heç nə demir, böyük bir sükut yaranır, boşluğa düşürsən.

Bu mənada, obrazlı desək, Brilliant xanım Azərbaycan musiqisinin gümüş adı ilə verilən paslanmaz poladıdır. Oxşayır, ancaq o deyil.

O, musiqi sahəsində tək-tük adamlardandır ki, heç bir yeniliyə imza atmayıb, fərqli ola bilməyib.

Mümkün deyil ki, bir mahnıya qulaq asasan və onu oxuyanın Brilliant olmadığını kimsə deməmiş biləsən. Çünki Brilliant xanımın səsi adama heç vaxt doğma gəlmir.

Brilliant Dadaşova da elə adlardandır ki, illərlə səhnədə olub, amma səhnənin öz yaddaşında bir boşluq kimi qalıb. Adı tanışdır, siması tanışdır, amma bu tanışlıq səsə, ideyaya, estetikaya çevrilmir.

Onun oxuduqları sanki havadan asılı qalıb. Nə keçmişə bağlanır, nə gələcəyə körpü salır. Bu ifalar yaddaşda qalmaq üçün yox, sadəcə səslənmək üçün mövcuddur. Elə bir ifa yoxdur ki, Brilliant xanım möhürünü vursun.

O, Azərbaycan musiqisində səs-küy yarada bilməyib, heç sükut da yaratmayıb. Sadəcə arada qalıb. Nə yaddaşda iz buraxan bir hadisədir, nə də mübahisə doğuran bir fiqur. Bu isə sənət üçün ən təhlükəli məsələdir. Görünürsən, amma hiss olunmursan, sual doğurmursan.

Bu mənada, Brilliant xanım adama heç vaxt maraqlı gəlmir. Məsələn, heç vaxt bir gecə yarı kimdənsə ötrü darıxıb açıb bir ifasını da dinləmirsən. Əgər dinləsən, darıxdığın adamdan zəhlən gedər.

Sual yaratmayan Brilliant xanımın musiqiçi kimi problemi budur. Ümumiyyətlə, sual yaratmayan sənət isə cavab kimi də xatırlanmır.

Orxan Saffari


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi