Qandan və saçdan istifadə edərək…-Azərbaycanda ŞOK
Son dövrlər sosial şəbəkələrdə yayılan qeyri-adi bir trend cəmiyyətdə həm maraq, həm də ciddi narahatlıq doğurur. İnsanlar sevdikləri şəxslərə sədaqətlərini və bağlılıqlarını göstərmək üçün öz saçlarından, qanlarından, hətta vəfat etmiş yaxınlarının məzar torpağından hazırlanan aksesuarlar sifariş edirlər. Bu cür “xüsusi” boyunbağılar və təsbehlər bəziləri üçün dərin mənəvi bağın simvolu sayılsa da, məsələnin psixoloji tərəfi daha mürəkkəb və düşündürücüdür.
Psixoloqların fikrincə, insanın öz bədənindən bir parçanı və ya genetik materialını kiməsə hədiyyə etməsi simvolik olaraq “tam aidiyyət” və “itkisiz bağlılıq” mesajı daşıyır. Bu, sağlam sevgi ifadəsindən daha çox emosional asılılıq, tərk edilmə qorxusu və güclü bağlanma ehtiyacı ilə əlaqəli ola bilər. Xüsusilə sosial mediada münasibətlərin nümayiş xarakteri daşıması belə davranışları stimullaşdırır. İnsanlar fərqli və diqqətçəkən addımlarla münasibətlərinin “adi olmadığını” göstərməyə çalışırlar.
Mövzu ilə bağlı klinik psixoloq Vüsalə Əliyeva NOCOMMENT.az-a bildirib ki, bu cür addımların arxasında dərin psixoloji motivlər dayanır:
“Saç və ya qan kimi bioloji materialların hədiyyə edilməsi simvolik olaraq özünü qarşı tərəfə tam şəkildə təqdim etmək, hətta bir növ ‘mən sənsiz mövcud deyiləm’ mesajı vermək anlamına gələ bilər. Bu isə sağlam sərhədlərin pozulmasına işarədir. Sağlam münasibətdə sevgi sübuta ehtiyac duymur. Sevginin dəyəri riskli və ekstremal jestlərlə ölçülməməlidir”.
Psixoloqun sözlərinə görə, belə davranışlar bəzən gənclər arasında romantikləşdirilir və emosional manipulyasiya alətinə çevrilə bilər:
“Məsələn, tərəflərdən biri digərindən bu cür “qurbanlıq jest” tələb edə bilər. Bu isə münasibətdə psixoloji təzyiq və asılılıq yarada bilər. Xüsusilə yeniyetmə və gənc yaş qrupunda şəxsiyyət formalaşması tam başa çatmadığı üçün bu tip təsirlərə meyillilik daha yüksək olur.
Əsas sual budur: insan niyə sevgisini sübut etməyə ehtiyac duyur?
Özünə inamı aşağı olan, tərk edilmə travması yaşamış və ya emosional təhlükəsizlik hissi zəif olan şəxslər münasibətlərdə daha çox “simvolik təminat” axtarırlar. Onlar düşünürlər ki, nə qədər radikal jest edərlərsə, qarşı tərəf onları bir o qədər tərk etməz. Halbuki sağlam münasibət qarşılıqlı hörmət, sərhədlər və emosional balans üzərində qurulur”.
Vüsalə Əliyevanın sözlərinə görə, sosial mediada yayılan trendlər çox vaxt düşünülmədən təkrarlanır. Lakin hər trend fərdi və ictimai nəticələr doğura bilər:
“Sevgi adı altında öz bədəninə və sağlamlığına risk yaratmaq, həmçinin vəfat etmiş şəxslərin qalıqlarını emosional simvola çevirmək uzunmüddətli psixoloji təsirlər buraxa bilər. Bu, yas prosesini təbii şəkildə yaşamağa mane ola və insanın itki ilə bağlı sağlam qəbul mexanizmini poza bilər”.
Qeyd edək ki, məsələnin tibbi tərəfini şərh edən tanınmış həkim, professor Adil Qeybulla baku.ws saytına bildirib ki, qan götürülməsi prosedurunun yalnız steril tibbi şəraitdə aparılmalı olduğunu vurğulayaraq, ev şəraitində və ya qeyri-peşəkar müdaxilə ilə qan istifadəsinin təhlükəli infeksiyalara yol aça biləcəyini bildirib. Onun sözlərinə görə, hepatit və HİV kimi virusların ötürülmə riski realdır və bu, həm proseduru həyata keçirən, həm də materialla təmasda olan şəxslər üçün ciddi təhlükə yaradır.
İlahiyyatçı Tural İrfan isə, bu cür davranışların dini baxımdan qəbulolunmaz olduğunu qeyd edərək, insanın öz bioloji qalıqlarını bu şəkildə istifadə etməsinin sevgi göstəricisi sayıla bilməyəcəyini vurğulayıb.
Sara