Adı gələndə yada film düşməyən kino insanımız - Orxan Saffari yazır...
Azərbaycanda xeyli istedadlı gənc aktyor və rejissorlar var. Ancaq bunun Kənan MM-ə heç bir dəxli yoxdur.
Maraqlıdır ki, görəsən, Kənan MM istedadlıdır, amma aktyor-rejissor deyil, ya aktyor-rejissordur, sadəcə istedadı yoxdur?
Mənə elə gəlir, Kənan MM film sektorumdan birmənalı və birdəfəlik olaraq getməlidir.
Qalırsa da, nəsə klip zad çəksin, baxıb gülək.
Təhlil edəsi olsaq, bu günə qədər Kənan MM tamaşaçı yaddaşında hansısa yaxşı bir ekran işi ilə yox, açdığı şpaqat, duzsuz zarafatlar və bəzən də haqqında yazılanlara qarşı verdiyi sərt reaksiyalarla qalıb. Bütün bunların özü Kənana heç nə demirmi?
Əslində, Kənan MM indiyə qədər özü müəyyən etməli idi ki, o, aktyordur, rejissordur, yoxsa “bayavoy oğlan”?
Bir çox sənət adamı kimi, Kənan MM-də ona qarşı edilən haqsızlıqlardan, ədalətsizliklərdən danışır. Hətta daha çox o danışır, nə vaxt baxırsan, kimsə Kənan MM-ə qarşı haqsızlıq eləmiş olur.
Danışsın, problem deyil, əksinə, müsbət haldır. Ancaq Kənan MM onu da başa düşməlidir ki, bu gün az-çox tanınırsa, kimlərsə tərəfindən sevilirsə, elə ədalətsiz mühitə borcludur. Ədalətli mühitdə Kənan MM ən yaxşı halda toylarda kameramanın şnur daşıyanı ola bilər. Yəni nə zamansa çəkməyi öyrənmək üçün. Ancaq Kənan MM elə bilir ki, təxminən Tarantino filandır, fəqət ölkə birləşib ona şərait yaratmır, qarşısını alırlar, deyirlər, amanın günüdür, qəfil Tarkovski olar, Allah eləməmiş, hələ bir Nobel zad da verərlər.
İnsan çox şeydən və uzun müddət narazı ola bilər. Amma ömür boyu narazı olmaq artıq suallar yaradır. Nə oldu indi, hamının adamı var, hamını birtəhər qabağa çəkdilər, Kənan qaldı? Ölkədə ondan tanınmış adam da yoxdur heç. Həqiqətəndə ortaya dünən hardan çıxdığını bilmədiyimiz cavan uşaqlar hoqqa verir, ancaq 50 yaşlı Kənan MM hələ də texnika zad axtarır. Bu azmış kimi, Türkiyənin mənasız seriallarında çəkilib sonra da minnət vurur. Tək o yox heç, çox adam. Adama elə gəlir, çox nüfuzlu bir iş görüblər, ölkəyə böyük mükafatlarla qayıdıblar, indi də deyirlər ki, bəs qədrimizi özümüzkülər bilmədi, biz də gedib bayramğımızı xaricdə dalğalandırdıq.
Söhbət heç təkcə Kənandan da getmir. İnsan istedadsız, uğursuz olanda elə hesab edir ki, onun qarşısını kəsirlər, hamının gözü götürmür. Ancaq reallıq budur ki, istedadsız adamı sadəcə görmək istəmirlər. Bəlkə, Kənan MM-i də görmək istəməyənlər çoxdur? Bəlkə özü bu barədə bir də düşünsün ki, necə yəni ölkədə məni görən, kəşf edən adam olmadı? Bəlkə gənclik ilərindəki obrazdan heç cür çıxa bilmədi deyə? Bəlkə inkişaf edə bilmədi?
Kənan MM-in hansısa bir sərt vətəndaş, müxalif mövqeyi də yoxdur ki, heç olmasa, düşünəsən, nazirlik və digər yerlər ondan buna görə çəkinir.
Bu günə qədər arada sənətdən də danışan Kənan MM-in hələ bircə ciddi işi də yoxdur. Heç kim deyə bilməz ki, filan rolda, filan yerdə Kəan masterdir, əladır.
Kimin yadında Kənan hansıs ciddi bir rol və ya rejissor işinə görə qalıb?
Əgər bu gün Kənan MM adı gələndə yada film, obraz yox, onun yerinə dalaşqan, həmişə və hər şeydən narazı insan gəlirsə, bu, hər şeydən əvvəl Kənanın problemidir. Nə hansısa qurumun, nə də hansısa tamaşaçının. Kənan isə günahı heç vaxt özündə görə bilməməkdə elə özünə ən böyük səhvi edib.
Orxan Saffari