Opera və Balet Teatrında növbəti tamaşanın nümayişi olacaq
Cari teatr mövsümünün son ayına qədəm qoyan Opera və Balet Teatrında iyun ayı ərzində sənətsevərlərə bir sıra maraqlı tamaşalar təqdim ediləcək.
Gün.Az-ın məlumatına əsasən, tamaşalardan biri iyunun 11-də Ukrayna, Belarus və yerli vokal ustalarının ifasında səhnəyə qoyulacaq Cakomo Puççininin “Boqema” operasının tamaşasıdır.
Adı bakılı operasevərlərə artıq tanış olan ukraynalı vokalçı Olqa Naqornaya bu tamaşada Mimi partiyasını ifa edəcək.
Belarus Akademik Böyük Opera və Balet teatrının solisti Vladimir Qromov isə Marsel rolunda
oynayacaq.
Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri - xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər Fərid Əliyev (Rudolf), İnarə Babayeva (Müzetta), Anton Ferştandt (Kollen), solistlərdən Tural Ağasıyev (Şonar), Firuz Məmmədov (Benua) və Fəhmin Əhmədli (Parpinol) də rol alıblar.
Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.