“Müharibə zamanı qadınları fahişə kimi göstərdiyinə görə” xanımlar piket keçirdi, filmi ekranlardan yığışdırıldı - Həkimlərin səhvindən xərçəngə tutulan Xalq artisti
Azia.az Kulis.az-a istinadən Xalq artisti Şahmar Ələkbərov haqqında 10 maraqlı faktı təqdim edir.
1. Şahmar Ələkbərov 1943-cü ildə Gəncədə anadan olub. Atası Zülfüqar kişi Cəbrayıldan, anası İzulət xanım Tiflisdəndir. 9 yaşı olanda Şahmar ailəsi ilə birgə Gəncədən Bakıya köçür. Orta məktəbi 15 yaşında bitirəndən sonra sənədlərini Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verməyi düşünür. Lakin bunun əksinə hərəkət edərək, İncəsənət İnstitutuna istiqamətlənir. Anası İzulət xanım buna bərk əsəbləşir. Çünki o, Azərbaycanda açılmış ilk pedaqoji texnikumun birinci məzunlarından idi və oğlunu səhnədə görmək istəmirdi. Lakin Şahmar fikrindən dönmür.
2. Həyat yoldaşı teatrşünas Kəmalə xanımla teatrda tanış olublar. Kəmalə xanım Şahmarın iştirak etdiyi bütün tamaşalara baxırmış. Şahmar Kəmalə xanıma elçi göndərəndə valideynləri qızlarının aktyorla ailə qurmasına razılıq vermir. Dörd ildən sonra o, yenidən elçi göndərir. Kəmalə xanımın nənəsi əslən şuşalı idi. O, elçi göndərən oğlanın da qarabağlı olduğunu biləndə, nəvəsinin "hə"-sini verir. Bu evlilikdən onların əkiz qız övladları doğulur.
3. 1989-cu ildə Elçinin "Toyuğun diri qalması" povesti əsasında ssenarisini yazdığı "Sahilsiz gecə" filmini çəkir. Film hazır olandan sonra çox ciddi münaqişələr yaradır. Səbəb isə müharibə dövründə qadınların həyatında bəzi məqamların göstərilməsi idi. Studiyanın qarşısına toplanan qadınlar piket keçirir, filmi ləğv etdirmək istəyirlər. "Sahilsiz gecə" cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan itir.
4. Filmdə erməni Roza rolunun ifaçısı, Xalq artisti Nuriyyə Əhmədova müsahibələrinin birində deyir:
"Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət var, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin əli varmış. Əslində, filmdə etiraz ediləsi məqam yox idi. Orda sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir".
5. Deyilənə görə, "Sahilsiz gecə"nin yaradıcı heyəti filmin müdafiəsi zamanı rejissoru tək qoyublar. Bəlkə də bu səbəbdən həmin film illərlə rəflərdə qaldı, ekranlar çıxa bilmədi. Filmin çəkilişləri vaxtı isə aktyorlar rejissorun xasiyyətini bildiklərindən nizam-intizamla işləyirdilər. Şahmar Ələkbərovun xanımının sözlərinə görə rejissor Zibeydənin cavan vaxtını ifa eləməyi Mehriban Xanlarovaya həvalə etmək istəyəndə, Ənvər Əbluç ona deyib ki, onu çəkmə, "Bircəciyim" filmini çəkəndə gördüm ki, necə intizamsızdı, hər çəkilişə gecikəcək, sən də əsəbiləşəcəksən. Lakin Şahmar Ələkbərov öz seçimindən vaz keçmir. Mehriban Xanlarova isə bir dəfə də olsun çəkilişə gecikmir. Ümumiyyətlə, aktyorların hamısı çəkilişlər qurtarana qədər nizam-intizama tam riayət etdilər.
6. Şahmar istəyib ki, Zibeydənin yaşlı vaxtını ya Leyla Bədirbəyli, ya da Nəcibə Məlikova canlandırsın. Amma onların heç biri razı olmayıb. Hətta onlara qəribə görünüb ki, niyə belə rola dəvət olunurlar. Nəhayət Şahmar Türkmənistandan keçmiş balerinanı Bakıya dəvət etməli olur. Filmin sonrakı taleyi Şahmara çox pis təsir edib. O, kino sahəsində həm aktyor kimi, həm də rejissor kimi böyük sarsıntılar keçirir. Sonralar nəvəsi Şahmarda aktyorluq potensialı görsələr də, ailə üzvləri onun incəsənət adamı olmasına qarşı çıxırlar.
7. Tanıyanların dediyinə görə, çox ailəcanlı adam olub. Əkiz qızlarını həddindən çox sevib. Onların hər iksinin toyunu bir gündə o vaxtkı "Abşeron" mehmanxanasının restoranında edib.
8. Şahmar Ələkəbərov yaşının ən gözəl, yaradıcılığının ən məhsuldar vaxtında xəstələnir. Düz yeddi il bu əzab-əziyyət davam edir. Hər şey "Firəngiz" filminin çəkilişlərindən başlayır. Daha doğrusu, aktyor filmin çəkilişindən əvvəl stomatoloqa gedir, burada onun dili zədələnir. Filmin çəkilişlərində soyuqladığı üçün dilindəki əzik xoraya çevrilir. Şahmar mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözür. 1992-ci ilin qışında onu Hamburqa aparırlar. Orada ona heç nə deyilməsə də, ailəsinə bu xəstəlik qarşısında tibbin gücsüz olduğu bildirilir. Ailə üzvləri Şahmarı yenidən Bakıya gətirib xəstəxanaya yerləşdirirlər ki, əlacsız olduqlarını başa düşməsin. Xəstəliyinin ağır günlərində ən yaxın dostlarının belə onunla görüşməsinə, onu xəstə vəziyyətdə görməsinə razılıq verməyib.
9. Kinoda daha çox müsbət rollar ifa edib. Yeganə mənfi rolu "Atları yəhərləyin" filmindəki İbrahimdir. Amma kinoda da aktyor kimi tam istifadə olunmur. "Ad günü" filmində baş rola dəvət olunsa da, sınaq çəkilişlərində iştirak etsə də, nədənsə, Əli obrazı gürcü aktyoruna qismət olur.
10. Ömrünün son illərində onda meyxanaya maraq yaranır. Hətta meyxana teatrı da yaratmaq istəyir. Günlərin birində Şahmar Ələkbərov öz ssenarisi əsasında "Qəzəlxan"ı çəkməyə başlayır. 1990-cı il idi. O, xəstə vəziyyətdə işləyir. Baş rola gənc aktyor Loğman Kərimova dəvət edir. Çəkilişlər dayanmadan gedirdi, hər şey öz qaydasında idi. Film qurtaranda məlum oldu ki, material çoxdur. Şahmar Ələkbərov filmi iki hissədə çəkməyi qərara alır. 1991-ci ildə isə film ekranlara çıxır. Əfsus ki, Şahmar Ələkbərov filmin ekran taleyini görə bilmir. Uzun sürən əzab-əziyyətdən sonra görkəmli kino xadimi, Xalq artisti 12 avqust 1992-ci ildə 48 yaşında dil xərçəngindən vəfat edir.