Azərbaycanlı aktyor Rusiyada əlinə qılınc alıb döyüşdü
Ötən ilin sentyabrından çəkilişləri başlayan Rusiya istehsalı olan “Rusiyalı qul” ("Русский раб") adlı ekran əsərində rol alan məşhur aktyor Kamran Ağabalayev serialın pərdə arxası görüntülərini gün üzünə çıxarıb.
Oxu.Az xəbər verir ki, tarixi janrda ərsəyə gələn 12 seriyadan ibarət filmin baş rollarından birini canlandıran aktyor qılıncla döyüş kadrlarını izləyiciləri ilə bölüşüb.
Həmin görüntülər isə Sankt-Peterbuq şəhərinin tarixi məkanlarından birində lentə alınıb.
Karantin günlərində darıxmadığını dilə gətirən K.Ağabalayev “Rusiyalı qul” ekran əsərinin çəkilişlərinin yekunlaşdığını bildirib:
“Karantində ancaq çəkiliş meydançası üçün darıxıram. Bu video səkkiz ay müddətində çəkilən “Rusiyalı qul” serialının son günlərində çəkilib. Görüntülər məşq prosesindəndir. Yenə səhər saat 4-də oyanmağa hazıram”.
Qeyd edək ki, rusiyalı prodüser Yelena Deniseviçin rejissoru olduğu ekran əsərində K.Ağabalayev Bəyazid Ağa obrazını canlandırıb.