Dünyanı silkələyən “uşaq fabriki”nin SİRRİ -200 min avroya körpə “sifarişi”
Sosial şəbəkələrdə “200 min avroya körpə sahibi olmaq” başlığı ilə yayılan video böyük maraq və mübahisə doğurub.
Xəbər verilir ki, türkiyəli jurnalist Uğur Önverin paylaşdığı videoda “EctoLife” adlı süni ana bətni mərkəzindən danışılır.
Görüntülərdə insan embrionlarının xüsusi kapsullarda inkişaf etdirildiyi, bütün prosesin süni intellekt və sensorlar vasitəsilə izlənildiyi nəhəng “uşaq fabriki” təsvir olunur.
İddiaya görə, bu texnologiya sonsuzluq problemi yaşayan cütlüklərə bioloji övlad sahibi olmaq imkanı verəcək. Valideynlərin xüsusi mobil tətbiq vasitəsilə körpənin ürək döyüntüsünü, temperaturunu və inkişaf prosesini izləyə biləcəyi bildirilir. Videoda belə bir xidmətin qiymətinin 200 min avroya çata biləcəyi vurğulanır.
Facebook-da yayılan video 2,2 mindən çox reaksiya, 500-ə yaxın şərh və təxminən min paylaşım toplayıb. Kadrların təqdimat forması bir çox izləyicidə belə bir müəssisənin artıq fəaliyyətə başlaması təsəvvürü yaradıb.
Lakin aparılan yoxlama sensasion görüntülərin arxasında tamam başqa həqiqətin dayandığını göstərir. “EctoLife” hazırda fəaliyyət göstərən şirkət və ya real süni ana bətni mərkəzi deyil. Görüntülər 2022-ci ildə Berlində yaşayan elm kommunikatoru və video prodüseri Haşim əl-Qaili tərəfindən hazırlanmış kompüter animasiyasıdır.
Layihənin müəllifi özü də AFP-yə açıqlamasında “EctoLife”ın yalnız gələcək texnologiyalar haqqında müzakirə yaratmaq məqsədi daşıyan konsepsiya olduğunu, belə bir müəssisənin və hətta prototipin mövcud olmadığını bildirib. Alimlər isə insan embrionunun mayalanmadan doğuşadək tamamilə süni bətn daxilində inkişaf etdirilməsini hələlik elmi fantastika adlandırırlar.
Hazırda aparılan real elmi tədqiqatlar hamiləliyi tamamilə əvəz etməyə deyil, son dərəcə erkən doğulan körpələrin həyatını xilas edə biləcək yeni nəsil inkubatorların hazırlanmasına yönəlib. ABŞ-dəki Filadelfiya Uşaq Xəstəxanasının tədqiqatçıları buna bənzər sistemləri quzular üzərində sınaqdan keçiriblər.
Beləliklə, videodakı “200 min avroya körpə” təklifi real xidmət və təsdiqlənmiş qiymət deyil. Ancaq bu görüntülər bəşəriyyətin yaxın gələcəkdə qarşılaşa biləcəyi ən böyük elmi, hüquqi və mənəvi mübahisələrdən birini indidən gündəmə gətirib: insan övladı bir gün laboratoriyada “istehsal” edilə bilərmi?\\musavat.com