azia.az
azia.az

Prezidentin xəbərdarlığı erməniləri və havadarlarını hərəkətə gətirdi

21-07-2022, 12:08


Ermənistan ordusunu Qarabağdan çıxarır, bəs qondarma rejimin silahlı dəstələri?
Laçın dəhlizinin girişində post yaratmaq təklifi yenidən gündəmə gəldi; İrəvan Azərbaycan ərazisində hələ də hərbçi saxladığını etiraf etdi və “top”u Qarabağ separatçılarının üstünə atdı; “Dəmir Yumruq-2" əməliyyatının anonsu verilib...
Prezidentin xəbərdarlığı erməniləri və havadarlarını hərəkətə gətirdi
Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Qarabağdakı erməni silahlı birləşmələrinin hələ də oradan çıxarılmaması məsələsinə xüsusi toxunması və sərt xəbərdarlığı erməniləri təşvişə salıb, havadarlarını hərəkətə gətirib.

Xüsusilə də Prezidentin aşağıdakı xəbərdarlığı düşmənin yuxusunu qaçırıb. Sitat: “Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr bəyannaməsinin kobudcasına pozulması deməkdir”. Burada bir məqamı qeyd edək ki, Prezidentin bu sərt xəbərdarlığından sonra ekspertlər Qarabağda antiterror əməliyyatlarının qısa zamanda həyata keçiriləcəyini bildirdilər. Bu xəbərdarlıqdan sonra ABŞ və Rusiyanın baş kəşfiyyatçılarının - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Ermənistana elan olunmamış səfəri də diqqət çəkir. Bu sıraya İran Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxaninin İrəvanın ardınca Bakıya səfəri də Azərbaycan dövlətinin mövcud durumla barışmaq niyyətində olmadığından irəli gələn narahatlığın elementi kimi görünə bilər.

Armen Qriqoryan Hikmət Hacıyevlə son görüşünün ləğvindən danışdı

Armen Qriqoryan

Görünən budur ki, Prezidentin bu xəbərdarlığı həm Ermənistanı, həm də onların havadarlarını hərəkətə gətirib, növbəti dəfə dəmir yumruq yeməkdən, daha ağır duruma düşməkdən canlarını qurtarmağa çalışırlar. 19 iyulda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verdi ki, Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini oradan çıxarmağa başlayıb. Sitat: “Atəşkəs rejiminin yaradılması və Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsindən sonra bölgədən Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması olduqca təbii haldır. Sözügedən bu proses artıq başa çatmaq üzrədir və sentyabrda tam olaraq yekunlaşacaq” - deyə bildirib. Amma Qriqoryan onu da deyib ki, Dağlıq Qarabağda yaşayan yerli çağırışçıların separatçıların “müdafiə ordusu”nda xidmətə çağırılması davam edəcək. Amma burada erməni hiyləsi açıq şəkildə özünü göstərir. Belə ki, Ermənistan özünü sanki separatçı rejimə cavabdeh olmayan tərəf kimi göstərməyə çalışır. Bu da bir hiylədir. Təbii, bu dəstələri - hansı ki, onların bir çoxu xaricdən gətirilmiş terrorçulardır - neytrallaşdırmaq da sülhməramlıların məsuliyyətinə və mandatına aiddir, 10 noyabr bəyanatına uyğun olaraq. Əgər onları sülhməramlılar çıxarmasa, Azərbaycan antiterror əməliyyatları keçirməyi tamamilə haqq edir. Yəni söhbət yalnızca Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə yekunlaşa bilməz. Orada bütün silahlı adamlar tərk-silah edilməli, yalnız dinc Qarabağ erməniləri qalmalıdır. İrəvan Qarabağda hələ də hərbçi saxladığını etiraf etməklə əslində Azərbaycana antiterror əməliyyatları üçün fürsət yaradıb. Bununla belə, Ermənistan hakimiyyəti məsuliyyəti özündən uzaqlaşdırmaq cəhdi etməklə yanaşı, “top”u Qarabağ separatçılarının üzərinə atıb, yəni “biz daha əsgər göndərməyəcəyik, Xankəndi ilə danışın”. Bu da məkrli siyasətdir. Yaranmış durumla bağlı ekspertlərimizin maraqlı və faydalı yanaşmaları var.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov xatırladıb ki, əslinə qalsa, Ermənistan bir müddət əvvəldən Qarabağa hərbçi göndərməmək haqda qərar vermişdi: “Lakin sonradan məlum oldu ki, Qarabağdakı ermənilərin sayı kəskin şəkildə azaldığından postlarda dayanmağa canlı qüvvə çatışmır. Buna görə də rəsmi İrəvan bunu bəhanə edərək yenidən Azərbaycanın bu torpaqlarına hərbçilər yollamağa başlayıb. Amma mən istisna etmirəm ki, bu dəfə də Ermənistan yenə də hansısa yollarla, yəni könüllü, muzdlu, müqaviləli və s. adlarla Qarabağa hərbçi göndərəcək”.

Eks-nazir Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sentyabr ayından Qarabağda Ermənistandan çağırışçıların olmayacağını, lakin orada məskunlaşmış ermənilər arasındakı çağırışçıların qondarma “müdafiə ordusu”nda xidmətə çağırılmasının davam edəcəyi haqdakı son bəyanatına münasibət bildirərkən söyləyib. “Lakin Ermənistanın bu qərarı məsələnin həlli deyil. Hesab edirəm ki, Laçın yolunda Azərbaycan sərhəd nəzarəti mütləq və mütləq bərpa olunmalıdır. Yalnız bundan sonra biz Ermənistanın Qarabağa əsgər göndərib-göndərmədiyini müəyyən edə bilərik”-T.Zülfüqarov Moderator.az-a açıqlamasında deyib. Bildirib ki, biz məsələnin həllinin yalnız bəyanatlarla gözləsək, bu, bizi qane etməyəcək. O, Rusiyanın torpaqlarımızdakı “sülhməramlı” sayılan hərbi kontingentinin oradakı qanunsuz silahlı birləşmələrin tərk-silahı prosesini davam etdirməyə borclu olduğunu da diqqətə çatdırıb:

“İkincisi, bəli, Ermənistandan torpaqlarımıza hərbçi göndərilməməsi bir tərəfdən müsbət addımdır. Digər tərəfdən, yaxşı, Ermənistan hərbçiləri çıxır və olmayacaq, bunu anladıq, bəs orada A.Qriqoryanın xatırlatdığı qondarma separatçı-terrorçu rejimin qeyri-qanuni fəaliyyət göstərən və yerli ermənilərdən ibarət guya ki, təhlükəsizlik məsələləri ilə məşğul olan müxtəlif silahlı qurumlar necə olacaq? Onların da mövcudluğu Azərbaycan Konstitusiyasına ziddir, qəbuledilməzdir və məntiqə uyğun deyil, çünki orada Rusiya sülhməramlılarının oradakı fəaliyyəti əslində ermənilərin təhlükəsizliyini təmin etməkdir. Yəni bu baxımdan 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlılar tərəfindən tərk-silah prosesi davam etdirilməlidir. Çünki həmin ərazilərin Azərbaycan dövlətinə inteqrasiya prosesi gərək ilk növbədə təhlükəsizlik tezisinə aid olsun. Və Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək adı ilə yaradılmış qüvvələr Azərbaycanın nəzarəti altında formalaşmış hansısa qurumlarla əvəz olunmalıdır”.

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Azərbaycan tərəfi Ermənistana dəfələrlə 10 noyabr razılaşmasının bəndlərinin ən qısa vaxtda icrası ilə bağlı xəbərdarlıq edib: “Eyni zamanda Rusiya tərəfi ilə müzakirələrdə də bu məsələ dəfələrlə qaldırılıb. Rusiya tərəfi də bu məsələnin icrası ilə bağlı söz verib. Ancaq bu günə kimi bu vəd yerinə yetirilməyib. Prezident İlham Əliyev 6 ayın yekunlarına dair müşavirədə bu məsələyə bir daha toxunaraq Ermənistana növbəti dəfə ciddi xəbərdarlıq etdi. Özü də ən kəskin və açıq formada. Armen Qriqoryanın son bəyanatlarına gəldikdə isə biz belə bəyanatları çox eşitmişik. Bizə bəyanat yox, öhdəliklərin yerinə yetirilməsi lazımdır. Ermənistan tərəfi bilməlidir ki, Azərbaycanın əlavə 30 il də gözləmək fikri yoxdur”. Millət vəkilini bildirdi ki, 10 noyabr razılaşmasının bütün bəndləri dəqiq yerinə yetirilməlidir: “Yerinə yetirilməsə, Azərbaycanın məcburetmədən başqa alternativi qalmır və bu məsələyə görə məsuliyyəti bilavasitə Ermənistan daşıyır. 44 günlük müharibədən əvvəlki dövrlərdə də biz Ermənistana dəfələrlə xəbərdarlıq etdik, Ermənistan nəticə çıxarmadı. Nəticə isə göz qabağındadır. Ermənistan erməni xalqının yaşadığı həmin acını unutmamalıdır”.

C.Məmmədov əmindir ki, artıq Ermənistanın limiti tükənir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, konkret mövqe bildirməlidir. Əgər Razılaşmanın bəndlərini yerinə yetirmək fikrində deyilsə, biz işimizi bilək. Bizim gələcəklə bağlı böyük planlarımız var. Ona görə bölgədə təhlükəsizlik tez təmin olmalı, bölgəyə ən qısa zamanda sülh gəlməlidir. Ermənistan da pozuculuq fəaliyyətlərinə son qoymalıdır. Prosesə mane olmaqla Ermənistan özünü də bataqlığın dərinliyinə doğru sürükləyir. Hələ ki buradan çıxmaq imkanları var. Azərbaycanın isə çox gözləməyə nə vaxtı, nə səbri, nə də həvəsi var. Zamanında Ermənistana kifayət qədər möhlət vermişik”.

Uzeyir Ceferov ordudan ehtiyata buraxildi

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, biz dəfələrlə həm yazılı, həm də elektron KİV-lərdə Ermənistanın öz imzasına sayğısızlıq göstərdiyinə dair çoxsaylı faktlar-sübutlar səsləndirmişik: “Proses bu gün də davam edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bir sərsəm bəyanatı az qala aləmi bir-birinə vurub. Əslində isə erməni rəsmisinin açıq yalan danışdığı göz önündədir. Ermənilər nə vaxt guya öz cinayətkar ordu dəstələrinin qalıqlarını Qarabağdan çıxartmağa başladılar ki, hələ üstəlik də bu adam deyir ki, prosesi sentyabrda yekunlaşdıracaqlar?! Guya bunlar o qədər qanunsevər xalqdırlar ki, sən demə, bizim xəbərimiz yoxdur. 2020-ci ilin noyabr sənədinin imzalanmasının ikinci ilinin tamamına az qalıb. Bu günə qədər hələ bir fakt ortada olmayıb və səsləndirilməyib ki, ermənilər və ya onlara açıq havadarlıq edən başabəla sülhməramlılar hansısa yaramaz silahlı ermənini ərazilərimizdən uzaqlaşdırıblar. Əksinə, biz o terrorçu Norayr Mirzoyan məsələsini hələ unutmamışıq. O əclaf bizim əsgərlərə Şuşada, Daşaltı yaxınlığında postda silahlı basqın həyata keçirdi, onu guya həbs edən ruslar sakitcə qarşı tərəfə geri qaytardılar. Ona görə də guya Ermənistanın öz qoşunlarını Qarabağdan geri çəkməsi, sadəcə, fiksiyadır. Bəs orada qondarma separatçı qurumun ”ordusu" qalır cümləsini necə başa düşmək olar?"

C.Məmmədov bildirdi ki, ona görə də, biz vaxt itirmədən bəzi məsələləri ciddi şəkildə yekuna doğru aparmalıyıq: “Yəni silahlı tör-töküntülər oradan təmizlənməli və nəhayət ki, gərginliyə son qoyulmalıdır. Proses uzandıqca biz hələ çox şeylər eşidib və göröcəyik. Ona görə də vaxtı uzatmadan biz daha sərt tələblər və lazım gələrsə, daha sərt addımlar atmalıyıq ki, Ermənistan və havadarları bizə hansısa absurd təkliflər səsləndirməsinlər. Üçtərəfli razılaşmaya görə, Qarabağda Azərbaycan Silahlı Qüvvələrindən başqa hər hansı bir başqa silahlı qüvvələr ola bilməz və olmamalıdır”.

Azərbaycan Prezidenti son müşavirədəki xəbərdarlığında Ermənistana və havadarlarına açıq şəkildə mövqelərini bildirmək çağırışı etmişdi və “desinlər, işimizi bilək” əlavəsi ilə... Sıradan bir xəbərdarlıq deyil. “Dəmir Yumruq-2" əməliyyatının anonsudur.

Elşad PAŞASOY,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi