MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Bakıya toplanır
Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclası keçiriləcək
"Report" xəbər verir ki, görüş zamanı iştirakçılar terrora, transsərhəd mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərini, MDB məkanında terror təhlükələrinin qiymətləndirilməsi üzrə yanaşmaları müzakirə edəcəklər.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəsmi saytının məlumatına görə, görüşdə İŞİD beynəlxalq terror təşkilatı ilə mübarizə aparmaq üçün birgə tədbirlər işlənib hazırlanmasına dair məsləhətləşmələr davam edəcək.
Birliyin Antiterror Mərkəzinin rəhbərinin 2016-cı ilin may-iyun aylarında Belarusda keçirilmiş birgə antiterror təlimlərinin yekunları üzrə hesabatı dinləniləcək.
MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında müşahidəçi qismində bir sıra Avropa ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edəcək.