Şuşa yolçuluğundan öncə imzalanan Bakı Bəyannaməsi: “Davamı da gəlir”
Düşmənə göz dağı olan Üçlər İttifaqından növbəti möhtəşəm layihə, tarixi addım; “Türkiyə və Pakistan kimi dövlətlərlə hərtərəfli əməkdaşlıq barədə razılığa gəlmək...”
İyulun 27-də Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçirildi. Tarixi tədbirin yekununda Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının Sədri cənab Əsəd Qeysər və Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentop Bakı Bəyannaməsini imzaladılar.
Artıq mətni açıqlanan bəyannamə Azərbaycan Pakistan və Türkiyə arasında qardaşlıq, tarix və mədəni əlaqələr, qarşılıqlı hörmət və əməkdaşlığı gücləndirməyin lazımlılığını özündə ehtiva edir. Həmçinin dövlətlərimiz və millətlərimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoqun və əməkdaşlığın gücləndirilməsi vacibliyindən bəhs olunur. Bir sıra vacib məsələlər, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığın əks olunduğu tarixi sənəddə qeyd olunur ki, tərəflər “müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini və qarşılıqlı hörmətlərini yenidən təsdiq etdilər; Ermənistanın Azərbaycana mina xəritələrini verməyi rədd etməsini qınayaraq, azad edilmiş torpaqların yenidən inşası və məcburi köçkünlərin evlərinə qaytarılması səylərində Azərbaycanla tam həmrəylik içində olduqlarını vurğuladılar”.
Tarixin sınaqlarından çıxmış üç qardaş dövlətin əməkdaşlıq istiqamətində növbəti addım, imzalanmış Bakı Bəyannaməsi kifayət qədər yüksək qiymətləndirilir. İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşündə də əvvəlcə Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri arasında imzalanan Bakı Bəyannaməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu sənəd ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək. Nazir qeyd edib ki, parlament sədrlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə planlaşdırılan səfəri çox əhəmiyyətlidir. O deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Şuşaya olan səfəri bütün dünya üçün mühüm əhəmiyyət kəsb edirdi. “Şuşa Bəyannaməsi bizim üçün böyük uğurlardan biridir. 44 günlük Vətən müharibə dövründə Türkiyə daim yanımızda oldu və onun dəstəyini hiss etdik. Hazırda da Türkiyənin dəstəyini görürük və bundan fəxr edirik”, - deyə C.Bayramov bildirib.
“Ermənistanın belə əməlləri yeni deyil, bu əməllərdən asanlıqla əl çəkməyəcəyini də düşünürəm”. APA-nın məlumatına görə, bunu Ermənistanın Kəlbəcər istiqamətində hücumlarına münasibət bildirən Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib. Türkiyə Böyük Millət Məclisinin sədri qeyd edib ki, Azərbaycan Ermənistana sülh sazişinin imzalanmasını təklfi edib: “Ermənistanda seçkilər keçirildi, Nikol Paşinyan qələbə qazandı. Ermənistan xalqı da bununla bir növ sülhə dəstək vermiş oldu. Mən Ermənistan xalqının da müharibə istədiyini düşünmürəm, müəyyən dairələr bunun tərəfdarı kimi çıxış edir. Ermənistan anlamalıdır ki, bunun yenə acı nəticələri ola bilər”. Kifayət qədər ciddi xəbərdarlıqdır. Düşmən ölkə Azərbaycan Müdafiə və Xarici İşlər nazirliklərinin artdınca İrəvana tuşlanan hədə barmağını görməzdən gəlsə, sonuc ağır olacaq.
Qeyd edək ki, Bakıdakı görüşlərdən sonra Şuşaya səfər də reallaşdırılacaq. Bakı, İslamabad və Ankaranın əməkdaşlığı dostları sevindirir, düşməni təşvişə salır. Həm də ona görə ki, Azərbaycan və Türkiyə liderlərinin Şuşada imzaladığı Müttəfiqlik Bəyannaməsinin ardınca, Ermənistanı dövlət kimi tanımayan Pakistanın da iştirakı ilə Bakı Bəyannaməsinin imzalanması Ermənistanı və onu himayə edənləri ciddi şəkildə narahat edir. Düşmənə göz dağı olan Üçlər İttifaqından növbəti möhtəşəm layihə, tarixi addım ekspertlər tərəfindən də mühüm hadisə sayılır.
Təhlükəsizlik eksperti İlham İsmayıl “Yenoi Müsavat”a açıqlamasında Bakı Bəyannaməsini çox yüksək yüksək qiymətləndirdi: “Şuşa Bəyannaməsindən sonra Azərbaycan, Türkiyə, Pakistan parlament rəhbərlərinin 27 iyul görüşü və Bakı Bəyannaməsinin imzalanması, ölkənin xarici siyasət kursunun düzgün müəyyənləşdiyini göstərməklə bərabər, mövcud geosiyasi duruma qlobal güclərin fasiləsiz olaraq təsiri və təzyiqinin artdığı bir vaxtda Türkiyə və Pakistan kimi dövlətlərlə hərtərəfli əməkdaşlıq barədə razılığa gəlmək, Azərbaycanı qeyd olunan təsir və təzyiqlərdən sığorta etməklə yanaşı, onu regionun şəriksiz lider dövlətinə çevirir. Lider olmaq, səninlə hesablaşmaq deməkdir. İlk növbədə də bunu düşmən Ermənistan və onun havadarları etməlidir və artıq erməni politoloqları bu hadisəni “böyük faciə ərəfəsində" olduqları kimi dəyərləndirirlər. Bakı Bəyannaməsi və nümayəndə heyətinin gözlənilən Şuşa səfəri bu yaxınlarda Şuşaya getməkdən imtina edən ABŞ, Rusiya, Fransa səfirlərinin demarşına layiqli cavabdır və düşmənə ümid verən o “imtina aksiyası” kölgədə qaldı, deyə bilərik". İ.İsmayıl digər mühüm məqama da toxundu: “Eyni zamanda Bakı Bəyannaməsi Minsk Qrupunun yenidən zühr edib Qarabağ probleminin həllinin son akkordlarında iştirakına yer qalmadığını, hətta belə bir iştirak olarsa belə, bizim iradəmizdən kənar uydurduqları hər hansı bir ”prinsipin" işləməyəcəyini bəri başdan elan etmiş oldu. Bu “prinsipin” Qarabağa status verilməsi ilə bağlı olduğunu yaxşı bilirik və belə bir güzəştin olmayacağı artıq dəfələrlə ən yüksək səviyyədə elan olunub. Necə deyərlər, sözümüz imzamızdır. Bunu düşmənlər də bilir, havadarları da. Bundan sonra zaman kəsimini uzatmadan düşmənin hələ də nəzarət etdiyi Qarabağın bir hissəsində Azərbaycan bayrağının tezliklə dalğalanmasını, yəni ərazi bütövlüyümüzün de-fakto bərpasını təmin etmək istiqamətində həqiqi hücum diplomatiyasına start verilməlidir".
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan, Türkiyə və Pakistan parlament rəhbərlərinin Bakı Bəyannaməsinin imzalanması 21-ci əsrdə yeni bir dönəmin başlanğıcı olacaq: “Bunun saysız-hesabsız davamı olacaq. Müxtəlif sahələri əhatə edən tədbirlər bir-birini əvəzləyəcək. Əslində bu, çoxdan gözlənilən hadisədir və şükürlər olsun ki, bizlər bunun şahidləri olduq. Davamı da gəlir. Sentyabr ayında Bakıda üç qardaş dövlətin hərbçiləri bir araya gələcəklər. Bu haqda artıq elan olunduğuna görə onu indi deyə bilirik. Bundan əlavə, Türkiyədə, Pakistanda da üç dövlətin iştirakı ilə hərbi sahəni əhatə edən təlimlər planlaşdırılır. Bu hadisələr təkcə indi üçün deyil, yaxın on illiklər, bəlkə də əsrlərə hesablanmış bir siyasi qəra və addımdır. Sözsüz ki, bunu alqışlayanlarla yanaşı, bu addımı öz məkrli və xain niyyətlərinə qarşı addım kimi dəyərləndirənlər də olacaq. Ancaq artıq gecdir və sarsılmaz birliyi və qardaşlığı bundan sonra yalnız inkişaf və davam etdirmək lazım olacaq”. Hərbi ekspert proseslərin geridönməz xarakter aldığı qənaətindədir: “Dünya dəyişib, reallıqlar yeni tələblər irəli sürür və hesab edirəm ki, bu qardaşlığın və ittifaqın digər dövlətlərə də bir nümunə və örnək olacağı şübhəsizdir. Məncə, bu 3-lüyə bu və ya digər formada qatılmaq istəyən dövlətlər də olacaq. Və hesab edirəm ki, bu məhz o dövlətlərin maraqlarına xidmət baxımından önəmlidir. Biz indi hər şeyi açıb demirik. Amma, perspektivdə çox önəmli məsələr durur. Bunlar arasında bütün sahələri əhatə edən məsələr var. Ələlxüsus da hərbi, hərbi-texniki sahəni əhatə edən məsələlər daha prioritet və vacib yer tutacaq. İlk addımlar atılıb və yaxın aylarda biz bu cür qardaş və mütəffiq dünya əhəmiyyətli sənədlərin və qərarların daha çox şahidi olacağıq”.
Ü.Cəfərovun fikrincə, birmənalı olaraq bu bəyannamənin imzalanması tarixi hadisə kimi qəbul olunur: “Buna yalnız sevinmək və alqışlamaq lazımdır. Necə deyərlər, millətlərimiz və dövlətlərimiz, xalqlarımız üçün xeyirli-uğurlu olsun!”
Bu yerdə çox vacib və önəmli məqamı əlavə edək. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Bakıdakı mətbuat konfransında “Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycanın yanında olması kiməsə inad deyil, əksinə, nəticədir”, - deyə bildirib. M.Şəntop deyib ki, bu üçlüyün birliyini hər hansı dövlətlərə inad kimi qiymətləndirmək doğru deyil: “Birinci Dünya müharibəsi zamanında birlik qurula bilmədi və irqçilik, eləcə də digər səbəblərdən dolayı dünyada sülh yarada bilmədi. Lakin yeni mexanizmlər dünyada sülhü bərqərar edəcək. Deyərdim ki, bizim bu üçlü mexanizm iqtisadi inkişaf vəd edəcək. Bu 21-ci əsrin bölgə və dünya barışına düşünülən hədəfdir. İstərdim ki, bu üç ölkənin birgə hərəkəti belə qiymətləndirilsin”. “Ortaq Türk ordusu yaradılması istiqamətində də bir sıra danışıqlar aparılır” - deyən Mustafa Şəntop bildirib ki, anlaşmalar çərçivəsində iki ölkənin ortaq hərbi təlimləri keçirilir: “Bütün bunlara rəğmən bizim əsas amalımız bir millət - iki dövlətdir. Hər zaman da belə olaraq qalacaq. Bunun ətrafında da bir çox danışıqlar və anlaşmalar aparılıb”.
Beləcə, Şuşa və Bakı bəyannamələrinin ardınca daha qətiyyətli addımların atılacağı artıq heç kim üçün sir deyil... Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Arşak Karapetyanın məhz bu bəyannamənin ardınca qaça-qaça Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşə, Moskvaya getməsi diqqət çəkir. Bir gün əvvəl Karapetyanla Şoyqu arasında telefon danışığı olsa da, ardınca Ermənistan müdafiə nazirinin birinci müavini Moskvaya yollandı. Həyəcanlıdır düşmən...