Azərbaycan Ermənistanı əməkdaşlığa dəvət edir – “Ədavətə son qoymalıyıq”
Dünən imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənayesinin məhsullarını Azərbaycana təqdim edəcək. Bunu dekabrın 10-da Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Türkiyənin müdafiə sənayesinin məhsulu olan pilotsuz uçuş aparatı «Bayraqdar» böyük dəyişikliyə səbəb oldu, Azərbaycanın uğurlarının əldə edilməsində müstəsna rol oynadı. «Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü, Türkiyə sənayesinin inkişaf etmiş sənaye olduğunu bir daha gördü», - İ.Əliyev deyib.
“Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl, sevincli günlərdə də, bugünkü gündə də birlikdəyik. Bu, təbiidir».
Dövlət başçısı bildirib ki, Türkiyə və onun prezidenti müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib: "Türkiyə prezidentinin bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli idi, eyni zamanda bütün dünyaya bir mesaj idi. Mesaj idi ki, Azərbaycan tək deyil”.
“Biz tarixi ədaləti bərpa etdik, uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi və biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik”, - İ.Əliyev qeyd edib.
«Bu gün Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir, əzilmiş xalqların mənafelərini müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir. Bu, müstəqillik, mərdlik, cəsarət örnəyidir”, - İ.Əliyev deyib.
Prezident qeyd edib ki, Türkiyə şirkətlərinin Şuşa şəhərinə inşa edəcəyi yeni avtomobil yolu çəkildikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşaya gedəcəklər.
“Bu gün Türkiyə prezidenti ilə konkret layihələr haqqında danışılıb: yol, dəmir yolu, infrastruktur layihələri. Bütün bu layihələrdə Türkiyə və Azərbaycan şirkətləri birgə iştirak edəcəklər. Bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcək”, - o deyib.
Azərbaycan prezidenti qeyd edib ki, bölgədə yeni bir əməkdaşlıq platforması yaradılmalıdır.
“Bu əməkdaşlıq platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər. Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı var. Eyni zamanda Azərbaycan-Rusiya-İran əməkdaşlığı, Türkiyə-Rusiya-İran əməkdaşlığı var. Bütün bu əməkdaşlıq platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə, gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq”,- İ.Əliyev deyib.
“İki ölkə arasında ədavətə son qoyulmalıdır. Biz bu səhifəni bağlamalıyıq. Biz bu ədavətə son qoymalıyıq”, - o vurğulayıb.