Vətən Müharibəsi qazisi Məmmədli Bəxtiyar Saleh oğlu Binəqədi Rayon İcra Hakimiyyətindən şikayətçidir. Onun sözlərinə görə, mənzil imtiyazı məsələsi ilə bağlı uzun müddətdir müraciətlər etsə də, problemi həllini tapmayıb.
“Mənzil növbəm əsassız səbəblərlə verilmədən saxlanılır. Mən Azərbaycan əsgəri kimi bu dövlətə canımı, qanımı fəda etməyə hazır olmuşam.
Lakin indi, sadəcə mənzil hüququmla bağlı, keçmiş sovet dövrünə (1989-cu il tarixli) istinad edilərək əsassız imtinalarla üzləşirəm. Halbuki həmin qərarlar artıq hüquqi qüvvəsini itirib”.
Xəbər verilir ki, Binəqədi Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qazinin istifadəsində mülkiyyət olduğundan müraciətinin müsbət həlli mümkün olmayıb:
“Vətəndaş Məmmədli Bəxtiyar Saleh oğlu, adına daşınmaz əmlakın olub-olmaması barədə Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim etdiyi arayışa əsasən Sabirabad rayonu, Balakənd kəndində yerləşən ümumi birgə payda olan 0.13 ha həyətyanı torpaq sahəsinə aid 14.06.2000-ci il tarixli JN-119A nömrəli və 0.3 ha həyətyanı torpaq sahəsinə aid 14.06.2000-ci il tarixli JN-119B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilməsi müəyyən edilib.
Vətəndaş B.Məmmədlinin Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatının 7 (yeddi) ildən az olması və istifadəsində həyatyanı torpaq sahəsi olduğundan müraciətində qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmayıb”.