DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub
DVX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti Xorvatiyanın Zaqreb şəhərinə səfər edib. Səfərin əsas məqsədi Xorvatiya Maliyyə Nazirliyi yanında Vergi Administrasiyası ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub.
Səfər çərçivəsində tərəflər rəqəmsal transformasiya proseslərinin təşkili, vergi inzibatçılığında müasir texnologiyaların tətbiqi, süni intellekt və avtomatlaşdırma alətlərindən istifadə etməklə vergi risklərinin idarə olunmasına yönəlmiş riskə əsaslanan uyğunluq strategiyalarının formalaşdırılması, idxal-ixrac və s. kimi məsələlər ətrafında geniş müzakirələr aparıblar. DVX nümayəndələrinin “AVİS”, “e-portal”, “e-kassa”, “Vergi risklərinin təhlili”, “Mal axınlarının hərəkətinin izləmə sistemi” kimi təqdimatları maraqla qarşılanıb.
Görüşlər zamanı, həmçinin, daxili auditin təşkili, vergi ödəyicilərinə göstərilən xidmətlərin səmərəliliyinin və şəffaflığının artırılması, istifadəçi məmnunluğunun yüksəldilməsi, elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsi aparılıb. Bununla yanaşı, vergi mübahisələrinin həlli ilə bağlı məhkəmə təcrübəsi, vergi nəzarəti tədbirlərinin məhkəmələr tərəfindən ləğv edilməsi hallarının təhlili və digər məsələlər barədə məlumatlar təqdim edilib.
Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni təşəbbüslərin reallaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi imkanlarını da müzakirə ediblər.