Emin Əmrullayevi kimlər və niyə tənqid edirlər?
Bir vaxtlar əmək və əhalinin sosial müdafiə naziri işləyəndə Sahil Babayevə deyilməyən, yazılmayan söz qalmadı, çünki minlərlə saxta əlilliyi ləğv edib milyonlarla dövlət vəsaitini büdcəyə qaytardı.
Hazırda elm və təhsil naziri Emin Əmrullayevlə bağlı eyni kampaniya aparılır, çünki təhsildə inkişafa doğru əsaslı dəyişikliklər etmək istəyir. Bu yolda cəmiyyət olaraq islahatlara dəstək verməkdənsə, təhsildən xəbəri olmayanlar, yaxud islahatlardan narahat olanlar nazirə qarşı ağıllarına və ağızlarına gələn hər şeyi yazırlar.
Emin Əmrullayev elm və təhsil naziri oldu, olmadı, fərq etməz, apardığı islahatlar çox vacibdir və sona qədər davam etməlidir ki, Azərbaycan təhsili inkişaf etsin, məktəb müəllimin əlavə iş və qazanc yeri deyil, əsas iş və qazanc yeri olsun.
Bəzi adamlar küyə düşüb tənqid edirlər, amma özləri də anlamır ki, bunu bu cəmiyyət üçün, bu xalqın övladları üçün edirlər, şagird ev tapşırığını hazırlamaq üçün kursa, əlavə repetitor yanına getməsin, çətinliyi varsa dərsdən sonra qalıb elə öz müəllimindən pulsuz, havayı dəstək alsın, repetitora verdiyiniz pul cibinizdə qalsın deyə edirlər. Yox əgər yenə kimsə pulsuz dəstəkdən faydalanmayıb, əlavə repetitorun xidmətindən istifadə edəcəksə, öz seçimidir, özü bilər. Əsas budur ki, maddi imkanı aşağı olan insanlar bu imkandan istifdə edə biləcəklər.
Müsbət yeniliklər həmişə top-tüfənglə qarşılanır, amma əsas nəticədir və nəticə müəllimlər və xalqın balaları üçün yaxşı olacaq.
Mən inanıram ki, bu islahatlar nəticəsində təhsildə çox müsbət və keyfiyyətli dəyişikliklər baş verəcək.
Xanlar Xoca