azia.az
azia.az

Bakı-Sumqayıt yolunda xaos: Avtobus zolağı ləğv olunsun, yoxsa…? – Açıqlama

Bu gün, 17:06

Son günlər Bakı-Sumqayıt yolunda yeni çəkilən avtobus zolağı digər sürücülər arasında narazılıq yaradıb. Əvvəllər dörd zolaqla hərəkət edən avtomobillər indi üç zolaqda şəhərə gəlməyə məcburdur.
Sürücülərin sözlərinə görə, onlar əvvəllər 20 dəqiqəyə qət etdikləri məsafəyə indi 45 dəqiqə vaxt sərf etdiklərini deyirlər.
Yol əvvəllər də tıxaclı olsa da, zolaq sayının azalması vəziyyəti daha da xaotik edib.

Bəs ekspertlər nə düşünür?

Azia.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, Bakı şəhərində müxtəlif formalı və məqsədli nəqliyyat vasitələri mövcuddur. Onların əsasını isə ən çox istifadə edilən ictimai nəqliyyat – avtobus və metro təşkil edir:

Bakupost.az
“İndiyədək avtobus marşrutları üçün xüsusi zolaqlar mövcud olmayıb, lakin son 3-4 ildə bunun üzərində iş aparılıb. Elə yerlər var ki, marşrut zolağı qırılır, sonra avtobuslar böyük tıxaca düşür. Bu nöqteyi-nəzərdən, harada mümkündürsə, həmin zolaqlar çəkilir. Ümumiyyətlə, mən həmişə demişəm ki, 3 zolaqlı yollarda məqsədəuyğundur ki, avtobus marşrutları üçün xüsusi zolaq təşkil olunsun. Çünki heç olmasa iki zolaqda digər nəqliyyat vasitələri hərəkət edə bilər Bu yol 4 zolaqlıdır, ona görə bir zolağı avtobus marşrutları üçün nəzərdə tutmaq mümkündür və lazımdır. Amma ümumiyyətlə, həmin yolların intensivliyi o qədər yüksəkdir ki, 4 zolaq olsa da, olmasa da tıxac yaranır. Əlbəttə, 3 zolaq olduqda tıxac daha çox olacaq, 4 zolaq olduqda isə nisbətən azalar. Lakin başqa çıxış yolumuz yoxdur. Buna görə də şəxsi avtomobil sürücüləri narazılıq edirlər, deyirlər ki, 4-5 zolaq olsa daha rahat hərəkət edə bilərik, tıxac azalar.
İctimai nəqliyyatda gedən sərnişinlərin sayı daha çoxdur, onların gecikməsi ciddi iqtisadi ziyan yaradır. Bir var nəqliyyat vasitəsində 3 sərnişin olsun, bir də var 50-60 nəfər. 50-60 nəfərin gecikməsi ümumilikdə böyük iqtisadi ziyana gətirib çıxarar”.

F.Eyyyubov vurğulayıb ki, sözügedən ərazidə tıxacın qarşısını almaq üçün yenə də tədbirlər görülməlidir:

“Bakı şəhərinin yol hərəkətinin təşkili o demək deyil ki, elə 100 faiz konkret belə olmalıdır. Hərəkət təşkil olunduqdan sonra müəyyən monitorinqlər aparılır, analiz edilir, mənfi cəhətlər nəzərə alınır və sonra konkret olaraq yol hərəkəti tənzimlənir. Əgər tıxac çoxdursa və onun qarşısını almaq mümkün deyilsə, ola bilsin avtobus zolaqlarında dəyişiklik edilər və ya onlar ləğv olunar.
Piyadalar da istəyir ki, bəzi yollar və piyada keçidləri onların təhlükəsizliyi üçün yaradılsın, amma hər yerdə bu mümkün deyil. Şəxsi avtomobillər tıxaca görə narazıdır, sərnişinlər isə avtobuslarda xüsusi tıxaca rast gəldikdə narazılıq edirlər. Buna görə bütün narazılıqları eyni vaxtda aradan qaldırmaq mümkün deyil”.

Ekspert qeyd edib ki, tıxacın qarşısını almaq üçün əsasən üç üsul mövcuddur:

1. Operativ idarəetmə
2. Memarlıq layihələndirmə
3. İqtisadi məhdudlaşdırma (yəni nəqliyyat vasitələrinin əraziyə nisbətən az buraxılması)
Gələcəkdə Bakı şəhərində pullu yollar olacaq. Şəhərin mərkəzinə bəzi avtomobillər buraxılmayacaq. Buna görə bəzi insanlar bunu nəzərə almalıdırlar ki, iqtisadi baxımdan avtobusların gecikməsi daha çox ziyan vurur, nəinki fərdi nəqliyyat vasitələri”.

Lalə Novruz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi