azia.az
azia.az

Putin nöqtəni qoydu, Əliyev nidanı: Azərbaycan bölgənin şəriksiz liderinə çevrilir

19-11-2020, 13:33

Putin nöqtəni qoydu, Əliyev nidanı: Azərbaycan bölgənin şəriksiz liderinə çevrilir

Ermənistan tam iflas ərəfəsində; ilin sonuna ölkənin xarici borcu 9 milyard dollara çatacaq - illik büdcəsindən 3 dəfə çox; əcnəbi şərhçilər: “Müharibəni uduzan Ermənistandır, təkcə Paşinyan yox...”

Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı imzalanmış üçtərəfli saziş haqda son söylədikləri ilə axırıncı “i”lərin üzərində də nöqtələr qoyulmuş oldu. Kreml başçısı Azərbaycanın halal hərbi qələbəsini etiraf edərək, Ermənistanı yeni reallıqlara alışmağa çağırdı, ən əsası, öz başına özünün çarə qılmasını məsləhət gördü, erməni rəhbərlərinə mifik ideyalarla yaşamaqdansa, erməni xalqının gələcəyini düşünməyi tövsiyə elədi.

Putinin dediklərindən hasil olan əsas qənaətlərdən biri də odur ki, Moskva Dağlıq Qarabağda qalmış bir ovuc erməniyə xüsusi statusun verilməsi üçün Bakı ilə cəngi-cidaya çıxmayacaq. Bundan ötrü o, hansısa əziyyətə qatlaşmağa da hazırlaşır. Putinin çıxış etdiyi gün isə Prezident İlham Əliyev Cəbrayılda bəyan etmişdi ki, heç bir statusdan söhbət belə gedə bilməz. Rusiya lideri əslində həmin bəyanatı daha da möhkəmlətdi. Erməniləri bir növ başından elədi.

Xülasə, status məsələsi qapandı. Çünki birincisi, Rusiya bunu artıq real saymır; ikincisi, Azərbaycan Rusiya üçün Ermənistandan heç də az önəmli ölkə deyil, əksinə, daha vacibdir - ən azı, Azərbaycanla bir sıra mühüm ortaq layihələr mövcuddur. Üçüncüsü, Türkiyə amili var - Moskva Ankara ilə də çox yaxşı əlaqələrə malikdir və bu əlaqələri “ikinci erməni dövləti” xülyasına qurban verməyəcək. Dördüncüsü isə Azərbaycan həqiqətən regionun lider dövlətidir. Özü də təkcə iqtisadi planda yox, indi həm də hərbi göstərici üzrə.

Putinin İrəvana bir ismarışı da belədir: Ermənistan inkişaf eləmək istəyirsə, öncə yan-yörəsi ilə əlaqələri normala salmalıdır.

*****

Təbii ki, 44 günlük savaşda Rusiya Ermənistana bacardığı dəstəyi verdi və ona münasibətdə heç bir satqınçılığa getmədi - əsasən də beynəlxalq hüquq və götürdüyü öhdəliklər çərçivəsində. Putinin məlum müsahibəsindən də göründüyü kimi, ermənilərin ruslardan inciməyə haqqı yoxdur. Əksinə, rəsmi Kremlə minnətdar olmalıdırlar ki, onun hesabına işğalçı ölkə müharibədə son anda tam darmadağından yaxa qurtarıb.

“Bunları vurğulamaq xüsusilə vacibdir: 1. Rusiya Ermənistanı savaşda tam və qeyd-şərtsiz darmadağından xilas elədi. 2. Rusiya TAM HƏCMDƏ (seçdirmə müəllifindir - red.) öz hərbi müttəfiqi - Ermənistan qarşısında bütün öhdəliklərini yerinə yetirdi. Hətta deyərdim ki, bundan artığını elədi və bunu kim bilməsə də, David Tonoyan (müdafiə naziri - red.) yaxşı bilir! 3. Rusiya sayəsində erməni qaçqınlar Xankəndinə qayıdır, onların təhlükəsizliyi rus sülhməramlıları tərəfindən təmin edilir. 4. Ermənistanın hərbi məğlubiyyətinin səbəbləri Rusiyada deyil, Ermənistanın özündədir: onun siyasətində, ordusunda, hərbi komandanlığındadır”.

“Azia.Az”ın məlumatına görə, bu barədə rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.

“Heç kim Ermənistana xəyanət etməyib və hər şeyi Paşinyanın çiyinlərinə yükləmək lazım deyil. Ermənistan tərəfindən düzgün qurulmuş hava hücumundan müdafiə sisteminin olmaması, kadr hazırlığının zəifliyi və bəzi növ müasir silahların yoxluğu Azərbaycana qarşı müharibədə mənfi rol oynadı”.

Bunu isə rusiyalı hərbi ekspert Dmitri Drozdenko deyib. Onun sözlərinə görə, Ermənistanın başına gələnlər Qarabağ hadisələrindən nəticə çıxarmaq üçün əsas olmalıdır.

*****

Andranik Köçəryan...

Bu arada Ermənistan parlamentinin Müdafiə məsələləri üzrə komissiya sədri Andranik Köçəryan Ermənistan ordusunun artıq mövcud olmadığını, onun yerində yalnız silahlı şəxslərin olduğunu söyləyərək, növbəti dəfə David Tonoyanın başçılıq elədiyi silahlı qüvvələri aşağılayıb.

Parlamentin komissiya sədri bildirib ki, Ermənistan ordusu mövcud deyil. “Ordu praktik olaraq yoxdur, onlar ancaq silahlı şəxslərdir, Ermənistan ordusunun məsul şəxslərinin cəzasızlığı ölkənin təhlükəsizliyi üçün böyük təhlükə olacaq” - deyə Andranik Köçəryan qeyd edib.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti isə öz növbəsində deputatın fikirlərinə sərt etiraz edib.

Ancaq bu etiraz nəyi dəyişəcək ki. Gerçəyi hamı bilir. Ordu quruculuğu isə uzun illərlə yanaşı, böyük vəsait tələb edən sahədir. Dərin iqtisadi-sosial və demoqrafik böhran yaşayan, 44 günlük müharibədə aldığı yeni ağır zərbələrlə daha kritik duruma düşən, əmək qabiliyyətli əhalisi bir az da azalan yoxsul ölkənin bunun öhdəsindən gələcəyi böyük sual işarəsi altındadır.

Əksinə, əgər Ermənistan bundan sonra öz olan-qalan simvolik dövlətçiliyini, əhalisini aclıqdan xilas eləmək istəyirsə, o zaman hərbi quruculuq yox, iqtisadiyyatının xilası barədə düşünməlidir. Bundan ötrü isə ilk görüləcək iş əsas qonşular - varlı və imkanlı Azərbaycan və Türkiyə ilə münasibətləri təcili surətdə qaydaya salmaq tələb olunur.

Yolu bəlli. Bu haqda dəfələrlə yazmışıq. Çünki təcrübə göstərdi ki, bu problem yoluna qoyulmadan Ermənistana heç bir inqilab, dinc və ya zorakı hakimiyyət dəyişikliyi kömək etməyəcək. “İnqilabçı” Nikol Paşinyan iqtidarı görkdür. Bu iqtidara ermənilər hansı ümidləri bağlamırdılar.

Həmçinin müttəfiq Rusiya da Ermənistana kömək ola bilməyəcək. Moskva İrəvana yenə yalnız güzəştli kreditlər, nisbətən ucuz qiymətə təbii qaz və silah verə bilər. Lakin Rusiya ermənilərin yerinə Ermənistan iqtisadiyyatını, Ermənistanı qaldıra bilməz. Bu, həm də ona görə mümkün deyil ki, Rusiyanın Ermənistanla birbaşa quru sərhədi yoxdur. İkinci yandan, Moskvanın güzəştli şərtlərlə verdiyi bir çox silahların 2-ci Qarabağ savaşında effektli olmadığı üzə çıxdı...

*****

Ermənistanda yeni silahlar peyda olur - Düşmən durmadan silahlanır.

Müharibədəki kapitulyasiyanın Ermənistanı daha böhranlı duruma saldığı şəksizdir. Təkcə məhv edilən 2 milyard dollarlıq silah və hərbi texnikanı, bir günlük müharibənin Ermənistan büdcəsinə 30 milyon dollara başa gəldiyini (44 günə 1.5 milyard edir) yada salmaq kifayətdir. Bura çoxlu sayda insan itkisini və işğalçı ölkəyə qarşı Azərbaycanın açmağa hazırlaşdığı böyük təzminat davasını da əlavə eləsək, mənzərənin İrəvan üçün nə dərəcədə acınacaqlı olduğu aydınlaşar.

Şübhə yox ki, müharibənin vurduğu yaralar da daxil, bu problemlərin öhdəsindən Ermənistan büdcəsinin gələcəyi söhbət mövzusu ola bilməz. O Ermənistan ki, onun xarici borcları artıq indidən sürətlə artmağa başlayıb.

“2021-ci il dövlət büdcə layihəsinə görə, bu ilin sonuna qədər Ermənistanın dövlət borcu 8 milyard 850 milyon dollar, gələn ilin sonuna isə 9 milyard 215 milyon dollar olacaq”.

Bu haqda Ermənistanın maliyyə naziri A.Cancuqazyan bildirib. Onun sözlərinə görə, 2020-ci ildə koronavirus pandemiyası, daha sonra hərbi əməliyyatlar səbəbindən 5%-lik iqtisadi artım 6%-lik azalma, daha sonra isə 6,8% azalma ilə əvəz olunub.

Xatırladaq ki, Ermənistanın dövlət büdcəsi cəmi 3.5 milyard dollardır.

İlham Əliyev Cəbrayılda Azərbaycan bayrağını qaldırıb.

“Bu gün Azərbaycanda baş verənlər fenomenaldır. İlham Əliyev bütün postsovet 30 ilində Qafqazın ən uğurlu və nüfuzlu siyasətçisinə çevrildi”.

Bu sözləri məşhur erməni əsilli Rusiya rejissoru Karen Şahnazarov Vladimir Solovyovun verilişində deyib. “O, yaxşı məktəb keçmiş görkəmli, ağıllı bir siyasətçidir. Bu halda ona qarşı nə iddia ola bilər? Bu və ya digər şəkildə Cənubi Qafqazın indi regional birliyə ehtiyacı var. Bu gün bu regional birliyin lideri kim ola bilər? Cənab İlham Əliyev! Müharibəni qazanan, nefti, pulu və başqa hər şeyi olan Azərbaycanla”, - deyə o qeyd edib.

Şahnazarov hesab edir ki, Ermənistanda əhalinin əksəriyyəti baş verənlərin qaçılmaz olduğunu anlayır və Paşinyanı günahlandırmır.

Qalır indi baş verənlərdən erməni toplumunun düzgün nəticə çıxarması...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi