Ermənilərin atəşkəs adıyla götürdüyü taym-aut – Dağılan ümid, tükənən limit
“Voleybolda olur, bir komanda ard-arda 3-4 xal itirəndə baş məşqçi işə qarışır, sol əlinin şəhadət barmağını sağ əlinin ovcuna dayayıb yuxarı qaldırır, baş hakimə işarə verir, taym-aut götürür ki, oyunun axarını dəyişsin. Bax, ermənilər də belə etdi, dalbadal kəndləri əldən verir, Qarabağdan qaçırdılar, onlara 1-2 günlük taym-aut lazım idi, ona görə atəşkəsə getdilər ki, 3:0-la uduzmasınlar”.
Azia.Az xəbər verir ki, Bu fikri köhnə dostlardan biri ermənilərin Gəncədə 9 nəfərin ölümü, 30-dan çox insanın yaralanması ilə nəticələnən raket hücumunu dəyərləndirərkən dilə gətirdi.
Doğrudan da elədir. Ermənilər Qarabağda uduza-uduza gedirdilər, Suqovuşanın ardınca Cəbrayılı itirmişdilər, Hadrutu əldən vermişdilər, Füzulinin götürülməsi gün məsələsiydi, onların məkr və hiylə dağarcığı olan beyinlərinə nə cür olur-olsun bir taym-aut götürmək fikri gəldi, özlərini ülgüclədilər, dünya dövlətlərini minnətçi saldılar, axır ki, Moskvada xarici işlər nazirlərinin görüşünə nail oldular. Nəticədə Azərbaycan ordusunun sürətli və uğurlu əks-hücumlarına fasilə verildi.
Ancaq humanitar atəşkəsin ömrü bir gün, əslində heç 5 saat da çəkmədi. Ordumuz hücumu dayandıran kimi, ermənilər tez toparlandılar, əllərindəki canlı qüvvəni və olub-qalan texnikanın cəmləşdirərək, əldən verdikləri Hadrut və Cəbrayılı geri qaytarmağa cəhd etdilər. Yenə uğursuzluğa düşar oldular, çoxlu canlı qüvvə və 15-ə yaxın hərbi texnika itirdikdən sonra quduz şəkildə geri çəkildilər, qisasçı damarları yenə yoğunladı və Gəncəyə, dinc insanlara raket atdılar.
Onlarınkı budur. 1992-ci ildə də belə etmişdilər, Xocalıya hücum edərək, dinc insanlara qarşı qətliam törətmiş, soyqırım siyasəti yeritmişdilər.
Voleybolda taym-aut elə şeydir ki, bir dəqiqə çəkir və bəzən onu götürən baş məşqçi idmançılara bağırıb-çığıraraq, yeni təlimat verərək, oyunun axarını dəyişə bilir. Ancaq bu, hər dəfə olmur. Əgər rəqib güclüdürsə, 100 taym-aut götürülsün, nəticə dəyişmir. Üstəlik, taym-autların da limiti var, hər komanda bundan iki dəfə istifadə edə bilər.
Ermənilər öz limitlərini tükətdilər, Azərbaycana isə taym-aut lazım deyil. O, müharibəni sona, qələbəyə qədər fasiləsiz davam etdimək əzmindədir.
Gəncəyə hücumdan sonra artıq bütün sazişləri qüvvədən düşmüş saymaq olar. Çünki ölkənin ikinci böyük şəhərində həlak olanların və yaralananların heç biri hərbçi deyil, hamısı mülki, dinc şəxsdir.
Əslində isə ortada atəşi kəsməyə dair saziş varsa, heç hərbçilərə də atəş açmaq olmaz. Fakt budur ki, “humanitar saziş”in mürəkkəbi qurumamış ermənilər hərbi əməliyyatlara başlayıblar. Gəncəyə raket atılması isə hərbi əməliyyat epizodu da deyil, bu, insanlığa qarşı cinayətdir, müharibə cinayətidir. Bunu edən canilər tutulub Haaqa məhkəməsinə çıxarılmalıdır.
İndi Azərbaycan ordusu bu caniləri son mənzillərinə qədər qovmaqda, məhv etməkdə mükəlləfdir. Necə deyərlər, artıq həmin hərbi canilərin qanı halaldır. Bizim üçün onlar bin Ladendən heç nə ilə fərqlənmirlər.
Ermənilər ağızlarının üstündən daha bir güclü zərbə aldıqdan sonra yenə barmaqlarını sağ əllərinin ovcuna dayayıb yuxarı qaldıracaq, yenə taym-aut götürmək istəyəcəklər. Bu dəfə onlara bu haqqı tanıyan olacaqmı? Budur məsələ. Sonda onlar mütləq uduzacaqlar - 3:0-la olmasalar da, 3:1-lə. Hər halda bu müharibə tay-brekə getməyəcək.
P.S. Yuxarıda verilmiş şəkil taym-autun nə demək olduğunu göstərir, illüstrativ səciyyə daşıyır, erməni şəkli deyil.