Ehtiyatda olan polkovnikdən Ermənistanın keçmiş müdafiə nazirinə kəsərli cavab
“Ermənistanın keçmiş müdafiə naziri Vaharşak Arutyunyanın dediyi kimi əgər Ermənistan silahlı qüvvələri aprel ayının əvvəllərində Qarabağda 4 günlük müharibədə iştirak etməyibsə, bəs nə üçün Silahlı Qüvvələrimiz tərəfindən məhv edilən erməni əsgərləri məhz Qarabağda yox, Ermənistanda dəfn olunub?!”
Bunu APA-ya Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Əzizağa Qənizadə Ermənistanın keçmiş müdafiə naziri Vaharşak Arutyunyanın fikirlərinə münasibət bildirərkən deyib.
O bildirib ki, Ermənistanın Azərbaycanla müharibə aparmağa hərbi gücü yoxdur: “Ermənistan silahlı bölmələri ilə qondarma “Dağlıq Qarabağ Respublikası” ordusunun birləşərək Azərbaycana qalib gəlməsi haqda Arutunyanın səsləndirdiyi fikirlər absurddur. Bu fikirlər gülüş doğurur. Biz artıq düşmənə öz gücümüzü göstərmişik. Ermənilər Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyərək, geri çəkilib. Arutunyan unudur ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz öz torpaqlarımızda, kəndlərimizi, dinc sakinləri ermənilərin hücumlarından qorumaq məqsədilə hərbi əməliyyatlar aparmışıq. Digər tərəfdən, biz ermənilər kimi mülki əhalini atəşə tutmuruq, müharibəni hərbçilərlə aparırıq. Arutunyanın dediyi kimi ermənilərin bizimlə haqq-hesab çürütmək fikrini xəyal etmələri belə gülməlidir. Əgər onlar bu fikrə düşsələr, onlar hər şeyi, o cümlədən öz dövlətçiliklərini belə itirəcəklər. Ermənilər ağıllarını başlarına yığsa daha yaxşı olar”.
Ehtiyatda olan polkovnik Ə.Qənizadə əlavə edib ki, Azərbaycan Ordusu atəşkəs rejiminə əməl edir: “Bizim ermənilərin torpaqlarında gözümüz yoxdur. Onlar bu torpaqlara köçürülüb. Biz bu haqda danışmırıq. Lakin Qarabağ Azərbaycan torpağıdır. Əgər Ermənistan ordusu işğal olunmuş ərazilərdə hər hansı bir hərəkət etsə onlara layiqli cavab veriləcək. Qoy bu vəziyyətdən çıxmaq haqda fikirləşsinlər. Nə Ermənistan, nə də oyuncaq “Dağlıq Qarabağ Respublikası”nın ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirə bilməz. Vaxtilə ermənilərə havadarlıq edənlər də indi başa düşüblər ki, hər şey öz yerinə qayıtmalıdır”.
Ə. Qənizadə qeyd edib ki, ermənilər 90-cı illərində əvvəllərində Qarabağda vuruşan veteran hərbçilərdən istifadə etməyə başlayıb: “Azərbaycanda veteranlar ordusu böyükdür. Amma bu gün biz hələ prosesləri kənardan izləyirik. Veteranlar bu prosesə qarışmadan da Azərbaycan Ordusu öz işinin öhdəsindən layiqincə gəlir. Vahaşak Arutunyan dənizçidir. Biz onun necə hərbi təhsil aldığını çox gözəl bilirik. Dənizçi kimi kimya ilə məşğul olub. Ona görə də yaxşı olar ki, elə kimya ilə məşğul olsun, çalışsın siyasətə qarışmasın. Sözün açığı, bu heç siyasət də deyil”.