"Bu rəqəmlər həqiqətdirsə, ya onlayn evliliklərdir, ya da toysuz evlənənlər"
Azia.az xəbər verir ki, Toyların dayanması, evlənmək istəyənləri də dayandırdı. Valideynlər var ki, “qızımı toysuz vermirəm” deyib, iki ayağını bir başmağa dirəyir. Oğlan evi də “Nuh” deyir, “Peyğəmbər” demir: “İllərlə oğul toyu həsrəti çəkmişəm!”. Xalq yazıçısı Anarın “Evləri köndələn yar” tamaşasında Kübra xanım necə gileylənirdi? “İndi deyirsən mən, oğlumun toyunda sındıra-sındıra oynamayım?!”.
“Əhməd hardadır” klassik filmimizdə isə gənclər evlənməyə razı deyildilər: “Gör mənim oğlum nə deyir: mən belə evliliyi istəmirəm!”. Qız atası da “Gör mənim qızım nə deyir: üzüyü qaytar! İndi sənin üçün 19-cu əsr deyil!”... Vaxtilə “toy necə olsun” mübahisəsi aparılırdı, elə zəmanəyə gəlib çıxdıq ki, toylara bilmərrə qadağa qoyuldu. Di gedin, indi toy edin, görək necə edirsiniz. Heç nəyi bəyənmirdiniz...
Toysuzluğun səbəbkarı məlumdur – lənətə gəlmiş koronavirus! Bu ilin mart ayından məhdudlaşdırıcı qaydaların tətbiqinə başlandı və yalnız aprelin 15-dək sifariş edilmiş toy məclislərinin keçirilməsinə icazə verildi. Aprelin 15-dən sonra artıq heç bir toy məclisi keçirilmədi. Əlbəttə, qayda pozanlar da oldu, cəzalarını aldılar. Hələ də qayda pozmağa meyillənənlər boy göstərir hərdən.
Nikah bağlanmalarla bağlı Ədliyyə Nazirliyinin açıqladığı statistika isə maraq doğurur. Rəqəmlərə görə, bu ilin 7 ayında Azərbaycanda 20 min 837 nikah bağlanıb. Ötən il isə ölkə üzrə bu rəqəm ümumilikdə 63 min 869 olub. Pandemiya ilə əlaqədar mart ayının 25-dən toy mərasimlərinin keçirilməsinə qadağa qoyulduğu nəzərə alınarsa, bu rəqəm nə dərəcədə inandırıcıdır?
“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında rəqəmlərin təəccüb doğurduğunu dedi:
- Bu rəqəmlər qəribə görünür. Azərbaycan ailələrində adət-ənənələrə bağlılıq güclüdür. Toysuz evlənmələrə çətin ki, ailələr razılıq versin. Düzdür, biz pandemiya dövründə adətlərin dəyişdiyini də müşahidə edirik.
Bəzi gənclər toysuz, dəbdəbəsiz evlənir, nikah bağlayır.
Bununla bağlı sosial şəbəkədə fotolarını paylaşan cütlüklər var. Amma bu, kütləvi deyil. Elə ailələr, nişanlı cütlüklər var ki, pandemiya nə qədər uzansın-uzansın, toysuz evlənməyə razılıq vermirlər. Toylarını təxirə salanlar çoxdur. Bu, bir tərəfdən məni sevindirir. Çünki adət-ənənələrə bağlılıq müsbət cəhətdir. Azərbaycan xalqının gözəl adətləri var və onların qorunması, nəsillərə ötürülməsi çox vacibdir.
Amma digər tərəfdən də şadlıq saraylarında baş tutan israfçı toyları, ailələrin toy yükü altında əzildiyini görəndə pandemiyaya “sağ ol” demək istəyirsən. İsrafçılığın qarşısı müəyyən qədər alındı, nə qədər olmasa, insanların düşüncə tərzi dəyişdi, təfəkkürdə yeniliklər baş verdi. İnsanlar fərqli düşünməyə başlayıblar. Rəqəmlərə gəlincə, niyə qəribə görünür, çünki mart ayından karantin rejimi tətbiq olunub, evdən çıxmaq yasağı qoyulub.
Bu rəqəmlər həqiqətdirsə, ya onlayn evliliklərdir, ya da toysuz evlənənlər. Bilirik ki, ASAN Xidmət karantin şəraitində fəaliyyətini dayandırmayıb və karantinə baxmadan evlənmək istəyənlər “ASAN” vasitəsilə evliliklərini rəsmiləşdiriblər. Amma yenə də bu üsulla evlənənlər çoxluq təşkil etmir. Əksəriyyət adət-ənənəni üstün tutur və toylara icazə veriləcəyi zamanı gözləyir.
M.Zeynalova qeyd etdi ki, ƏN nikah bağlanmalar haqqında statistikanı pandemiyaya qədərki və pandemiyadan sonrakı dövrə bölməli idi:
- Biz bilmirik, bu rəqəmlər hansı aylara aiddir. Karantin rejimindən əvvəl nə qədər nikah bağlanıb, karantin rejimi tətbiq olunan, eləcə də yumşalmalar başlanandan sonra nə qədər. Həmçinin erkən nikahlar haqqında da məlumat yoxdur. Bu rəqəmlər təqdim edilsə, ümumi mənzərə aydın olar. Amma hətta statistika olmadan da deyə bilərik ki, pandemiya evliliyə təsir edib, bu, sözsüzdür.
Çünki iş yerlərini itirənlər, iş yerini itirmək ehtimalı olanlar vardı. Sərt karantin rejimi günlərində, hətta bir millət vəkili “ər-arvad ayrı-ayrı otaqlarda yatsınlar” demişdi. Belə vəziyyətdə evlənmək qərarının verilməsi təbii ki, böyük məsuliyyət tələb edir. İnsanlar yaxşıya ümid edir ki, vəziyyət düzəlsin, xəstəlik azalsın, sonra toy etsinlər, övladlarını evləndirsinlər. Burada adət-ənənəyə sadiqlik də var, pandemiya təhlükəsi də.