azia.az
azia.az

AZƏRBAYCANDA təhsildən məhrum edilən 80 min uşaq

9-01-2017, 09:12

AZƏRBAYCANDA təhsildən məhrum edilən 80 min uşaq
Nabil Seyidov: "Qızları məktəbə buraxmırlarsa, evləndirirlərsə, bu təhsildən yayınmadır”

Azərbaycanda təhsilin səviyyəsi heç də ürəkaçan deyil. Zaman-zaman bu məsələdən çox danışılıb, müzakirələr aparılıb, ancaq təhsilin inkişafı ilə bağlı heç bir yenilik müşahidə edilmir. Bu sahədə olan nöqsanların sayı isə azalmır. Bu günlərdə Azərbaycanda təhsildən kənar qalan məktəbyaşlı uşaqların dəhşətli statistikası üzə çıxıb. Uşaq hüquqları üzrə ekspert Nabil Seyidovun verdiyi məlumata görə, Azərbaycanda 70-80 min uşaq təhsildən kənar qalıb. Səsləndirilən rəqəm olduqca maraq doğurur və heç də inandırıcı görünmür. Bəzi ekspertlər bu rəqəmin 3-4 min arasında dəyişdiyini önə çəkir.

Bildirilir ki, bu gün Azərbaycanda vətəndaşların çoxunun əsas məqsədi gündəlik çörək qazanmağa yönəlib və yaşamaq uğrunda mübarizə təhsildən ön plana çəkilib.
Rəsmi qurumlar tərəfindən ölkədə nə qədər uşağın təhsildən yayınması ilə bağlı statistik rəqəmlər açıqlanmasa da, müşahidələr onu göstərir ki, bu say heç də az deyil. Hətta ağılasığmaz dərəcədə yüksək rəqəmdir.

Təhsildən yayınan uşaqların sayı gizlədilir...

Təhsil ekspertlərinin dediyinə görə, əslində təhsildən yayınma daha çox özünü bölgələrdə göstərmiş olur. Maddi çətinlik içində yaşayan ailələr öz övladlarına keyfiyyətli təhsil verə, bəzi yoxsul ailələr ümumiyyətlə, uşaqlarını məktəbə göndərə bilmirlər. Ailə dolanışığının çətin olduğunu öz gözlərilə görən və dərk edən yeniyetmə gənclər isə valideynlərinə kömək məqsədilə müxtəlif işlərə cəlb olunaraq evə az da olsa gəlir gətirməyə can atırlar.

"2 minə yaxın uşaq küçədə işləyir”

Məsələ ilə bağlı "Cümhuriyət” qəzetinə açıqlama verən Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri-Hökumət Təşkilatları (QHT) Alyansının milli koordinatoru Nabil Seyidov deyib ki, mediada onun dilindən qeyd olunan rəqəmlər həqiqəti əks etdirmir: "O yalnış məlumatdır. Mən heç kəsə müsahibə verməmişəm. O məlumat 3-4 il əvvəl verilən müsahibədən götürülərək qoyulub. Kimsə mənim adımdan sui-istifadə edib belə bir məlumat yazıb. Qətiyyən elə rəqəmlər səsləndirməmişəm. Hamısı yalnış məlumatdır. Öz hesablamaları nəticəsində belə bir rəqəm ortaya çıxarıblar. Əslində Azərbaycanda təhsidən kənar olan uşaqların sayı barədə dəqiq rəqəm məlum deyil. Amma o rəqəmi təxmin etmək olar.

Biz təhsildə iki müvəffəqiyyət əldə edə bilərik. Onlardan ikisi də vacibdir. Birincisi, uşaqlar ümumiyyətlə, təhsil alır, ya yox... İkincisi isə uşaqların aldığı təhsil nə dərəcədə müasir dövrün tələblərinə cavab verir? Yəni təhsil keyfiyyətlidir ya yox... Təxmin etmək olar ki, Azərbaycanda 2 minə yaxın uşaq küçədə işləyir. Yəni bu uşaqlar "küçə uşaqları” qrupuna daxildir. Bilirsiniz ki, ölkədə 70 minə yaxın əlilliyi olan uşaq var. İnklüziv təhsilə isə çox az sayda onlarla, yüzlərlə uşaq cəlb olunub. Evdə təhsilə isə o qədər də çox uşaq cəlb olunmayıb. Səhv etmirəmsə 3-4 il bundan əvvəl aparılan araşdırmada müəyyən edilmişdir ki, təxminən 15 minə yaxın əlilliyi olan uşaq təhsilə cəlb olunmayıb.

İnanıram ki, indi də həmin məsələ öz həllini tapmayıb. Çünki Təhsil Nazirliyi inklüziv təhsilə hələ indi-indi başlayır. Artıq bir neçə regionda inklüziv təhsilə başlanılıb. Ümid edirik ki, bu sistem davamını görəcək və daha geniş tətbiq olunacaq”.

Evlənməyə məcbur edilmiş təhsilsizlər...

QHT rəhbərinin sözlərinə görə, digər bir məsələ də ondan ibarətdir ki, Azərbaycanda müəyyən yaşdan sonra uşaqların təhsildən yayınma halları da mövcuddur: "Yəni onlar müəyyən yaşa qədər təhsil alıb sonradan təəssüf ki, təhsildən kənara qalır. Bu da əsasən qızlardır. Azərbaycanın bir neçə regionunda bu fenomen hələ də qalmaqdadır. Təhsildən yayınan bu qızlar "erkən nikah”ın qurbanına çevrilir. Bəzi bölgələrdə valideynlər öz qızlarını 9-cu sinifdən çıxarırlar. Bu da öz təsirini göstərir. "Erkən nikah” da əslində nikah bağlanmır. Bu erkən evlənməyə məcbur edilmiş qızların sayı barədə rəqəm demək çətindir. Digər qrup keyfiyyətli təhsil almayan uşaqlardır. Misal olaraq cəzaçəkmə yerlərində, internat müəssisələrində oxuyan uşaqların təhsil keyfiyyəti, texniki imkanları qat-qat aşağıdır. Əlilliyi olan uşaqlar üçün məktəblər, o cümlədən yardımçı təhsil müəssisələrində, evdə təhsilə cəlb olunmuşların da təhsili heç də keyfiyyətli hesab olunmur. Bu istiqamətdə Təhsil Nazirliyi digər qurumlarla və qeyri-hökumət təşkilatları ilə vəziyyəti dəyişməyə çalışır. Lakin bunun üçün xeyli vaxt tələb olunur. Çünki bu məsələ qısa bir zaman çərçivəsində həll olunası deyil”.

Nabil Seyidov deyib ki, qeyd olunan qrupları nəzərə alsaq deməli təhsildən yayınan uşaqların sayı heç də az deyil: "Lənkəranda, Zaqatalada, Qubada, Bakı kəndlərində əgər qızları məktəbə buraxmırlarsa, evləndirirlərsə bu təhsildən yayınmadır və demək burada ciddi rəqəmlər var. Hərə öz sahəsində müvafiq işlər görməlidir ki, bu vəziyyətin qarşısı alınsın. Yoxsul aillələr də var ki, uşağı məktəbə göndərə bilmirlər. Çünki onların övladları bəzi təsərrüfat və müəyyən işlərə cəlb olunurlar. Bir neçə il əvvəl bəzi QHT- lər tərəfindən monitorinqlər aparılırdı. Müəyyən olunmuşdu ki, Bakının mərkəzi rayonlarında 6-7 uşağı olan valideynlərin uşaqlarının ya hamısı, ya da yarısı məktəbə getmirdi.

Çünki imkanı çatmırdı. Hər uşağa geyim, məktəb və dərs ləvazimatlarının alınması pul tələb edir. Son iki ildə bütün dünyada iqtisadi durğunluq var. Qlobal böhrandır və Azərbaycana da təsir edir. İndi də neftin qiyməti aşağı düşür. Yoxsul ailələrin sayı arta da bilər. Bu məsələdə ehtimal böyükdür. Bu da ilk növbədə uşaqların təhsilinə, inkişafına ciddi təsir edir. Uşaqlara bütün fəsillərdə kitab, dəftər, qələm, paltar, ayaqqabı alınmalıdır. Bu vəziyyət belə ailələri başqa prioritetlərə istiqamətləndirir. Amma biz daim çalışmalıyıq ki, bu cür ailələr istər ac-yalavac, ayaqqabısız, geyimsiz də olsalar, uşaq məktəbə getməlidir. Uşaqların gələcəyi üçün onların təhsilini mütləq valideyn verməlidir. Nə vasitə olur-olsun, uşaq cırıq ayaqqabı ilə belə məktəbə getməlidir. Çalışmaq lazımdır ki, heç bir uşaq təhsildən kənarda qalmasın”.

Kimlər təhsildən məhrum olunub?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə qeyd edib ki, bu rəqəm məsələləri ciddi məsələdir:

"Hansısa fikir söyləməzdən əvvəl mütləq şəkildə faktlara söykənməlidir. İlk növbədə kimlər təhsildən məhrum olunub? Buna baxaq. Bu problem ilk olaraq, fiziki qüsurlu şəxslərdə qarşılaşır. Azərbaycanda əlilliyi olan uşaqların sayı 62 000 nəfər təşkil edir. Onlardan 9 355-i evdə təhsilə, 2 725-i yardımçı internat məktəblərinə, 2 558-i yardımçı məktəblərə, 412-si qarışıq tipli internat məktəblərinin xüsusi siniflərinə, 298-i inklüziv təhsilə cəlb olunan uşaqlar, 46 652-si isə təhsildən kənar qalan əlilliyi olan uşaqlardır. Deməli, bu məsələ daha çox obyektiv səbəblərdən irəli gəlir. Əgər 90-cı illər olsaydı, müharibə şəraitinə görə kütləvi şəkildə təhsildən yayınma halları ola bilərdi. Çünki dünya təcrübəsində bu hal var. Məsələn, UNİCEF-İN statistik göstəricilərinə görə, Liberiya, Cənubi Sudan, Əfqanıstan, Nigeriya və digər ölkələrdə 18 milyondan çox uşaq təhsil almaq haqqından məhrum olub. Uşaqların məktəbə getməmələrinin əsas səbəbi, baş verən müharibələr və təbii fəlakətlərdir. Dünyada günü-gündən tendensiya artmaqdadır”.

Eksper vurğulayıb ki, hal-hazırda Azərbaycanda insanların normal şəraitdə dərs alması üçün bütün lazımi şərait yaradılıb. Problem ondadır ki, o yaradılan şəraitdə necə və kimlər dərs keçir:"Hesab edirəm ki, Azərbaycanda təhsildən yayınma ilə bağlı ciddi problemlər yoxdur.

Alçina Amilqızı
xeberman.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi