azia.az
azia.az

Siraqəddin Cabbarov istifadədə olan ərazini İbrahim Nehrəmliyə necə verib?- İTTİHAM

7-08-2020, 19:45


Saatlının keçmiş, Sabirabadın isə indiki icra başçısı Siraqəddin Cabbarov eyni ərazini müxtəlif adamlara icarəyə verib, bu barədə sərəncamlar imzalayıb.
Siraqəddin Cabbarov istifadədə olan ərazini İbrahim Nehrəmliyə necə verib?- İTTİHAM
Bu sərəncamlar isə o, Saatlının icra başçısı olanda verilib. Söhbət rayonun Simada kəndi yaxınlığında 28 hektar ərazidən gedir. Bu qalmaqalda mübahisə tərəflərindən biri də işadamı İbrahim Nehrəmlidir.

Validə Məhəmmədova deyir ki, 2000-ci ildə Saatlının o dövrdəki icra başçısı qoyunçuluğu inkişaf etdirmək məqsədiylə qış otlaq sahəsindən ona 50 hektar torpaq sahəsinin uzunmüddətli istifadə üçün ayrılması haqda sərəncam imzalayıb. 2003-cü ildə Məhəmmədovanın müraciəti əsasında icra başçısı daha bir sərəncam verib və ərazinin 20 hektarı geri alınıb. 2009-cu ildə isə qalan 30 hektarın 15 illik ona icarəyə verilməsi barədə icra hakimiyyətilə yeni icarə müqaviləsi bağlanıb. Həmin vaxt artıq icra başçısı Siraqəddin Cabbarov idi. Bu icra başçısı 2018-ci ilin mayında İbrahim Nehrəmliyə məxsus “Rom-Alpinos süd və ət məhsulları” MMC-yə 137 hektar torpaq sahəsi ayrılması barədə daha bir sərəncam imzalayıb. Bu ərazinin 28 hektarı V.Məhəmmədovanın icarəsində olan torpaq sahəsi olub.

V.Məhəmmədova bildirir ki, onunla 2009-cu ildə bağlanmış icarə müqaviləsi qüvvədə ola-ola istifadəsində olan ərazini icra başçısı başqasına verib. Halbuki, həmin ərazinin 2024-cü ilə qədər onun icarəsində olduğunu təsdiqləyən sənəd əlindədir:

“Həmin icarə müqaviləsinə də Siraqəddin Cabbarov imza atıb”.

İcra hakimiyyəti bu mübahisəni həll etmədiyinə görə V.Məhəmmədova məhkəməyə üz tutub. Elə həmin ərəfədə - 2019-cu ilin mayında S.Cabbarovun yeri dəyişib, o, 2008-ci ildən icra başçısı işlədiyi Saatlıdan Sabirabada eyni vəzifəyə göndərilib.

V.Məhəmmədova məhkəmə iddiasında tələb qoyub ki, icra başçısının “Rom-Alpinos süd və ət məhsulları” MMC-yə 137 hektar ərazi ayrılması haqda sərəncamı qismən (onun icarəsindəki 28 hektara aid hissədə) ləğv olunsun.

Adıçəkilən şirkət də üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunub. Şirvan İnzibati İqtisadi Məhkəməsi V.Məhəmmədovanın xeyrinə qərar verib. Saatlı rayon İcra Hakimiyyəti qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi icra hakimiyyətinin şikayətini təmin edib, birinci instansiyanın qərarı ləğv olunub. V.Məhəmmədova Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə də apellyasiya instansiyasının qərarını ləğv edib. İşi təkrar araşdırmaq üçün bu quruma qaytarıb.

Avqustun 4-dən etibarən Şirvan Apellyasiya Məhkəməsi yenidən bu işi araşdırmağa başlayıb. Saatlı rayon İcra Hakimiyyəti iddia edir ki, V.Məhəmmədovaya torpaq sahəsinin 15 illik icarəyə verilməsi barədə 2000-ci ildə imzalanan sərəncam 2015-ci ilədək qüvvədə olub. 2015-ci ildə müddət bitəndən sonra yeni sərəncam imzalanmayıb. Ona görə də V.Məhəmmədovanın “Rom-Alpinos süd və ət məhsulları” MMC-yə verilən əraziyə iddia etməyə haqqı yoxdur. V.Məhəmmədova isə 2009-cu ildə bağlanmış icarə müqaviləsinə əsaslanır. //azadliq.org//


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi