Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm də beynəlxalq hüquq kontekstində dünya ictimaiyyətinə çatdırdı - Arzu Nağıyev
Prezident İlham Əliyev Azərbaycan və Ermənistan rəhbərlərinin Münxendə iştirak etdikləri panel müzakirələrdə Ermənistanın baş naziri Nikol Paşinyana həm siyasi, həm də tarixi bir dərs verdi.
Bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, bu, həm də Ermənistana növbəti diplomatiya dərsi idi:
"Təxminən 50 dəqiqəlik görüşdə cənab Prezident konkret faktları əsas gətirməklə tarixdə Ermənistanla bağlı məqamların nədən ibarət olduğunu beynəlxalq aləmə bir daha göstərdi. Məlum məsələdir ki, görüşdə Paşinyan çalışırdı ki, tarixin Ermənistanla bağlı hissəsini gizlətsin və ya başqa rakursdan versin. Amma cənab Prezidentin ortaya qoyduğu dəqiq və müsbət istiqamətə yönəlmiş faktların qarşısında Paşinyan aciz qaldı və çıxılmaz vəziyyətə düşdü. Hətta Paşinyan o dərəcəyə gəldi çatdı ki, öz çıxışında bir neçə dəfə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edib sonradan sözünü dəyişməklə müxtəlif variantlara əl etdı.
Ən maraqlı məqamlardan biri isə Xocalı faciəsi ilə bağlı idi. Eks-prezident Ayaz Mütəllibovun Xocalı ilə bağlı dediklərinin erməni jurnalistləri tərəfindən təhrif olunmuş formada verilməsini Paşinyanın "fakt" kimi qabartmasına da cənab Prezident tutarlı cavab verdi. Nəticədə Paşinyan bu məsələdə də aciz qaldı.
Həmçinin cənab Prezident ATƏT-in Minsk Qrupu həmsədrlərinə də ismarış verdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan qurumlar Ermənistana başa salmalıdır ki, bu torpaqlar əbədi və əzəli Azərbaycan torpaqlarıdır. Dövlət başçısı görüşdə XVIII əsrdən tarixi faktlar gətirərək ermənilərin Azərbaycan ərazilərinə necə köçürüldüyünü də başa saldı. Prezident İlham Əliyev bu tarixi faktları açıqlamaqla bütün dünyaya göstərdi ki, problemin tək həlli erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, yalnız bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı bəyanatların verilməsidir".
Politoloq bildirib ki, bu debat bir daha dünyaya bəyan etdi ki, Dağlıq Qarabağ məsələsinin həllində status-kvonu saxlamağa çalışan məhz erməni tərəfi və onların arxasında duran müəyyən qüvvələrdir: "Düşünürəm ki, cənab Prezidentin bu debatdakı çıxışı dünyaya bir görk oldu ki, Dağlıq Qarabağ probleminin həllində status-kvonu saxlamaqla ermənilər vaxtı uzatmağa çalışır. Ermənilərin bu prosesi uzatmaqda məqsədi isə odur ki, hansısa dövlətlər qondarma rejimi tanısınlar. Hesab edirəm ki, cənab Prezidentin bu çıxışı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən və dünyaya agah olunan ən mühüm çağırışlardan biridir. Bu, həm Azərbaycanın xarici diplomatiyasının, həm də Prezident İlham Əliyevin apardığı xarici siyasətin qələbəsidir".