"Ermənistan və ABŞ “Tramp Marşrutu”nu müzakirə edir" - Mirzoyan
Ermənistan və ABŞ, respublikanın Sünik bölgəsindən keçərək Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirəcək “Tramp Marşrutu”nun (TRİPP – Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) açılması ilə bağlı texniki detalları intensiv şəkildə müzakirə edir.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament iclasında məlumat verib.
Nazirin sözlərinə görə, “Tramp Marşrutu”nun icrası və sahədə müxtəlif texniki məsələlərin həlli üçün zəruri olan şirkətin yaradılması istiqamətində Ermənistan və ABŞ arasında danışıqlar başlanıb və hazırda fəal mərhələdədir.
“Lakin qəbul ediləcək bütün qərarlar Ermənistanın ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həyata keçiriləcək”,– deyə Mirzoyan qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Bakı və İrəvan arasında sülh yolu ilə nizamlanma, həmçinin materik Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutan birgə bəyannamə imzalayıblar. Layihə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılıb.
Niyaz Hacıyev