Bahalaşma dalğası başladı: təcili bu quruma məlumat verin – DİQQƏT
2026-cı ildən Azərbaycanda bir sıra maliyyə və sosial dəyişikliklər qüvvəyə minəcəyi barədə xəbərlər yayılandan sonra bəzi sahələrdə bahalaşma müşahidə olunur. Məsələn, bazarlarda satıcılar “hazırlıq” bəhanəsi ilə məhsulların qiymətini artırır, yaxud taksi xidmətində ciddi dəyişikliklər hiss edilir və sair. Vətəndaşlar artıq bununla bağlı şikayətlənməyə başlayıblar.
Heç bir əsas olmadan belə addımlar düzgündürmü?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, qanun qüvvəyə minmədən əvvəl verilən açıqlamalar qiymət artımına səbəb olur:
“Vətəndaşlar bilməlidirlər ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Süni və əsassız qiymət artımı halları aşkar edilərsə, faktlarla birlikdə bu quruma müraciət etmək lazımdır. Əgər bahalaşma sahibkarın gəlirinin artması ilə bağlıdırsa, buna uyğun vergi də ödəməlidir. Təəssüf ki, vergidən yayınma halları geniş yayılıb, siyahıya daxil edilməyən qeyri-qanuni gəlirlər və qeydiyyatsız ticarət mövcuddur. Bu problemin qarşısını almaq üçün konkret tədbirlər görülməlidir. Məsələn, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdə POS terminal olmalı, bazarlarda elektron tərəzi və post cihazları tətbiq edilməli, qida məhsullarına dair Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlama sənədlərinin nüsxəsi isə olmalıdır”.
İqtisadçı bildirib ki, vergi artırılarkən vətəndaşların hüquqları qorunmalı, süni bahalaşma və digər qanunsuzluqlara ciddi nəzarət edilməlidir:
“Vətəndaşların əsas tələbi süni bahalaşmanın qarşısının alınması, belə hallara səbəb olan şəxs və qurumlara yüksək cərimələrin tətbiq edilməsidir. Bəzi xarici ölkələrdə olduğu kimi bələdiyyələrin nəzdində təftiş və qiymətə nəzarət bölmələri yaradılmalıdır. Belə bölmələr piştaxta və kassa qiymətlərinin uyğunsuzluğuna nəzarət edə, vergisiz küçə ticarəti və digər qanunsuzluqları yerli səviyyədə effektiv şəkildə izləyə, aradan qaldıra bilər. İqtisadiyyat Nazirliyi bunu həyata keçirsə də, ölkə üzrə müşahidəni gücləndirmək üçün yerli icra orqanları və bələdiyyələrin iştirakı vacibdir”.