Prezidentin sensasion Qarabağ bəyanatı gündəmə çevrildi
Dağlıq Qarabağın “müstəqilliyini” tanımaq üçün Azərbaycana kim(lər) təzyiq edir?; Ekspertlərə görə, dövlət başçısı ABŞ və Rusiyaya işarə vurub, amma...
“Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: ”Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir". Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin".
Bu sensasiyalı bəyanatla prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən həftə keçirilən toplantısında çıxış edib. Prezident bağlı qapılar arxasındakı söhbətləri açıqlamaq istəmədiyini də qeyd edib. Səbəbini isə diplomatiyanın öz qaydalarının olması ilə əsaslandırıb: “Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada ”beşinci kolon"a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik".
Qeyd edək ki, prezident İlham Əliyev ilk dəfədir bu cür açıq şəkildə ifadə edir ki, qapalı görüşlərdə Azərbaycanı Qarabağı tanımağa məcbur etmək istəyirlər.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi. Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığına işarə idi: “Əksinə, təzyiq bizə var imiş. İndi Ermənistan prezidenti də rahat şəkildə cəmiyyətinə deyəcək ki, ”gördüz, bizə heç bir təzyiq yoxdur, bunu rəsmi Bakı da etiraf edir". Ermənistana təzyiq yoxdursa, bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər. Bizə başqa alternativ qoymurlar.
Diqqət etdinizsə, İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerrinin adını çəkmədən onun “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” fikrini tənqid etdi. Dövlət başçısı “bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin” deməklə ABŞ-dan təzyiqlə üzləşdiklərinə işarə vurdu. Ancaq İlham Əliyev Qarabağla bağlı çıxışının bir hissəsində ad çəkmədən Rusiyadan da narazı qaldığını bildirdi. Qeyd etdi ki, Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Bu cümlədən isə ən çox Rusiyaya “pay” düşür. Çünki Ermənistana silah və pul verən əsas ölkə məhz Rusiyadır".
Deputat Zahid Oruc bildirdi ki, Azərbaycanın bu müddətdə keçdiyi yol, iqtisadi-siyasi imkanlarının artması, buna paralel hərbi imkanlarının artması Azərbaycana qarşı olan layihələrin icrasına imkan verməyib: “Amma Qarabağın müstəqilliyi ilə bağlı, xüsusilə də bağlı qapılar arxasında aparılan təzyiq siyasətini istər ulu öndər Heydər Əliyev, istərsə də cənab prezident İlham Əliyev həmişə öz üzərində hiss edib. Uzun illər ayrı-ayrı dairələrin iddialarının, ittihamlarının əsassız olduğunu prezidentin açıqlaması bir daha sübuta yetirdi. Prezidentin açıqlaması bir daha sübut elədi ki, o, heç bir beynəlxalq sövdə, hər hansı bir hakimiyyət istəyi, siyasi marağı naminə ərazi bütövlüyü məsələsində tərəddüdlü mövqe tutmayıb, təzyiq qarşısında geri çəkilməyib və geri çəkilməməkdə də qərarlıdır. Bu aprel savaşından əvvəl də, sonra da hər zaman Azərbaycanın qarşılaşdığı bir reallıqdır. Hesab edirəm ki, bu təzyiq Rusiyanın, ABŞ-ın, İranın, Qərb dairələrinin hansı mərhələlərdə hansı siyasətinə yarayıb, bunu təyin eləmək o qədər asan deyil. Amma nəticə birdir. Qarabağın müstəqilliyi prosesi əslində bu gün erməniçiliyin qəbrini qazır. Mən bu mövzuda ayrıca böyük bir müəllif yazısı ilə də çıxış edəcəyəm”.(musavat.com)