Alen Simonyan: "Ermənistan Azərbaycandan qaz idxal etməyə hazırdır"
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkəsinin Azərbaycan, İran və digər dövlətlərdən təbii qaz idxal edə biləcəyini istisna etməyib. O vurğulayıb ki, rəsmi İrəvan "bir dövlətdən olan asılılığı başqası ilə əvəz etmək" niyyətində deyil.
Xəbər verilir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"Mümkün olan bütün mənbələrdən qaz almağı planlaşdırırıq. Əgər Rusiya bizə qaz verəcəksə, Rusiyadan, Azərbaycan verəcəksə, Azərbaycandan, İran tədarük edəcəksə, İrandan alacağıq", - deyə Simonyan jurnalistlərə bildirib.
O əlavə edib:
"Əgər Türkiyədən də qaz almaq imkanı yaranarsa, eyni zamanda, oradan da idxal edəcəyik. Kim deyib ki, bir cibdən çıxıb digərinə girmək lazımdır?"
Media nümayəndəsinin Rusiya qazının Ermənistan üçün daha ucuz başa gəlməsi ilə bağlı iradına cavab olaraq Simonyan qiymətin təkcə dollarla ölçülmədiyini qeyd edib:
"Qazın qiymətinin ucuz olduğunu kim deyir? Görürsünüz ki, təbii qazdan siyasi valyuta kimi istifadə olunur".
Qeyd edək ki, Ermənistana qazın böyük qismi Rusiya tərəfindən verilir. 2025-ci ildə "Qazprom" bu ölkəyə təqribən 2.7 milyard kubmetr qaz nəql edib. Bu il mayın sonlarında Rusiyanın energetika naziri Sergey Tsivilyov xəbərdarlıq edib ki, əgər Ermənistan Avropa İttifaqı ilə yaxınlaşmanı davam etdirərsə, 2013-cü ildə qaz, neft məhsulları və almaz tədarükünə dair imzalanmış saziş dayandırıla və ya ləğv edilə bilər. Bir müddət əvvəl Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan Rusiya tərəfindən qaz qiymətlərinin ehtimal olunan artımını "apokaliptik hal" adlandıraraq, inflyasiyanın yüksələcəyini və iqtisadi artımın yavaşlayacağı risklərini proqnozlaşdırmışdı.\\oxu.az