azia.az
azia.az

“Erməniləri Azərbaycan ərazisinə Qriboyedovun təşəbbüsü ilə köçürüblər” — Tarixçi alim

7-07-2019, 14:28

“Erməniləri Azərbaycan ərazisinə Qriboyedovun təşəbbüsü ilə köçürüblər” — Tarixçi alim
Ermənilər orta əsrlərdən etibarən xristian missionerləri kimi, zaman-zaman Azərbaycana gələrək müsəlmanlığı qəbul edən türklərin tərk etdikləri məbədləri erməni kilsəsinə çevirmişlər və həmin məbədlərin əhatəsindəki torpaqlarda məskunlaşması nəticəsində bir sıra erməni yaşayış məntəqələri meydana gəlib.
Bunu “Ölkə.Az”a açıqlamasında tarixçi alim Nazim Mustafa deyib.

Onun sözlərinə görə, 1141-ci ildə erməni katolik kilsəsinin iqamətgahının Kilikiyadan İrəvan şəhəri yaxınlığındakı Valarşabad kəndindəki Üçmüəzzin (Eçmiədzin) kilsəsinə köçürülməsindən sonra azərbaycanlılara məxsus torpaqların kilsələrin vəsaiti hesabına satın alınması nəticəsində Şimali Azərbaycan xanlıqlarının ərazisində kilsələr ətrafında yeni-yeni erməni yaşayış məntəqələri yaranıb:

“Ermənilərin Şimali Azərbaycan xanlıqlarının ərazilərinə kiçik dəstələrlə axını 1801-ci ildə rus qoşunlarının İrəvan xanlığına tabe olan Pəmbək əyalətinə daxil olmasından sonra azərbaycanlıların bölgəni tərk etmələri və Türkiyə ərazisindən gələn ermənilərin həmin bölgədə məskunlaşdırılması dövründən başlanıb. 1827-ci il iyunun 26-da ruslar Naxçıvan şəhərini, sentyabrın 20-də Sərdarabad qalasını, oktyabrın 1-də isə İrəvan qalasını ələ keçirdilər. 1827-ci ilin sonu, 1828-ci ilin əvvəllərində rus qoşunlarının Xoy, Urmiya, Səlmas və Ərdəbili ələ keçirməsi müharibənin taleyini həll etmiş oldu.

1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qatıldı. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq etmiş və ertəsi gün İrəvan və Naxçıvan xanlıqlarının ərazilərini əhatə edən “Erməni vilayəti” yaradılması haqqında fərmanı imzalayıb. İnzibati bölgü üzrə “Erməni vilayəti” İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünüb. İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahalı, Naxçıvan əyalətinə 5 mahal və Ordubad dairəsinə 5 mahal daxil idi. Vilayət idarəsinin rəisi vəzifəsinə yerli qoşunların komandanı Aleksandr Çavçavadze təyin edilib.

Rusiya hökuməti yeni işğal edilən ərazilərə əvvəlcə rusların köçürülməsini nəzərdə tuturdu. Lakin Rusiyanın İrandakı səfiri A.S.Qriboyedovun təşəbbüsü ilə işğal edilmiş yeni ərazilərə İran ermənilərinin köçürülməsi məsələsi meydana çıxdıqdan sonra, Rusiya hökumətinin İranla sərhəd boyu ərazilərə 80 min kazakın köçürülməsi layihəsi qüvvədən düşüb.

1826-1828-ci illər Rusiya-İran müharibəsi nəticəsində imzalanan Türkmənçay müqaviləsinin (1828-ci il 10 fevral) 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi. Ermənilərin satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük rüsumu və vergi qoyulmadan daşınan mülkləri aparmaq və satmaq üçün bir il, daşınmaz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında verilən vəkalət üçün 5 illik müddət müəyyən edilib.

Polkovnik Lazaryev xristianların Rusiya ərazisinə köçürülməsinin nəticələri haqqında qraf Paskeviç-Erivanskiyə 24 dekabr 1829-cu ildə yazdığı yekun hesabatında göstərir ki, köçürmə işlərinə 26 fevral 1828-ci ildə başlanılıb və iyunun 11-də başa çatıb. Bu müddət ərzində 8249 xristian ailəsi (onlardan cəmisi 100-ə qədəri aysor ailəsi, qalanları ermənilər olmuşdur) İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülüb”.

Tarixçi alim bildirib ki, əgər Türkmənçay müqaviləsinin imzalanmasınadək Erməni vilayətində müsəlmanların sayı 81749 nəfər (16078 ailə) və ermənilərin sayı 25131 nəfər (4428 ailə) olmuşdusa, İrandan erməniləri köçürdükdən onların sayı 60691 nəfərə (11377 ailə) çatıb: “ Bununla da ermənilərin sayı 24 faizdən 43 faizə qalxıb. Nəzərə alsaq ki, ümumiyyətlə, İrandan köçürülən 8249 ailədən 6949-u “Erməni vilayəti”ndə yerləşdirilib. Onda belə qənaətə gəlmək olar ki, yerdə qalan 1300 ailə Qarabağa və Zəngəzura köçürülüb.

1829-cu il sentyabrın 14-də Rusiya ilə Türkiyə arasında imzalanan Ədirnə müqaviləsinə əsasən Türkiyədən 84 mindən artıq erməni və yunanlar Cənubi Qafqaza köçürülüb.

Rus tarixçi-statisti İ. Şopenin 1829-1831-ci illərdə Erməni vilayətində (keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində) apardığı siyahıyaalınmanın nəticələrinə görə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57266 nəfər erməni (10631 ailə) köçürülüb. Köçürülmələrdən əvvəl həmin ərazidə cəmisi 25131 nəfər (4428 ailə) erməni yaşayıb ki, onların da əksəriyyəti 1801-ci ildə rus qoşunlarının Cənubi Qafqaza daxil olmasından sonra kənardan gələrək həmin ərazilərdə məskunlaşıblar. Müharibələrin nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən türklərin xeyli hissəsi qaçqın düşmüş, orada yalnız 81749 nəfər (17078 ailə) müsəlman qalmışdı. Köçürmələrdən sonra isə ermənilər 82397 nəfər (15059 ailə) təşkil etmiş, nəticədə müsəlmanları sayca üstələmiş olublar.
İ.Şopenin statistik məlumatlarından aydın olur ki, İrandan köçürülən ermənilər İrəvan xanlığının 119 kəndində, Naxçıvan xanlığının 72 kəndində, Türkiyədən köçürülən ermənilər İrəvan xanlığının 128 kəndində, Naxçıvan xanlığının 4 kəndində yerləşdirilmişdilər. Köçürülmələr nəticəsində İrəvan xanlığının ərazisində azərbaycanlılarla ermənilərin qarışıq yaşadıqları 50, Naxçıvan xanlığının ərazisində isə 35 kənd meydana çıxıb.
Rus tədqiqatçısı N.Şavrov yazır: “1826-28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik hansı ki, orada erməni əhalisi cüzi idi. Onları həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında yerləşdirdik. Onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpağı ayrılmış, 2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi mülkiyyət torpaqları satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahili həmin ermənilərlə məskunlaşdırılmışdı. Nəzərə almaq lazımdır ki, 124 min nəfər rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır.”
XIX əsrin 90-cı illərdə Türkiyədə baş verən erməni üsyanları nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza köçüb gəlıb. N.Şavrov qeyd edir ki, XX əsrin əvvəlində Zaqafqaziyada yaşayan 1.300.000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılıb.
Ümumiyyətlə, XIX əsrin əvvəllərindən etibarən ermənilərin Şimali Azərbaycan xanlıqlarının ərazilərinə köçürülüb gətirilməsi azərbaycanlıların müəyyən bölgələrdən, xüsusən də indiki Ermənistan ərazisindən tədricən sıxışdırılıb çıxarılmasına, regionda etno-demoqrafik mənzərənin süni surətdə və ciddi şəkildə ermənilərin xeyrinə dəyişməsinə səbəb olub”.

Zamanında İrəvanda tikilən tarxi abidələr, qalalar, saraylar və digər mədəni irslə bağlı məlumat verən tarixçi alim bildirib ki, İrəvan şəhərində mövcud olmuş mülki memarlıq nümunələrindən ən diqqətçəkəni İrəvan qalasındakı Xan sarayı, yaxud Sərdar sarayı idi.
O bildirib ki, 1578-ci ildə İrəvan bəylərbəyi Toxmaq xan İrəvan qalası ilə üzbəüz Zəngi çayının sağ sahilində bağ saldırmış və qalanın içərisində yeni xan sarayı inşa etdirib.

“Əmirgünə xan Qacarın (1604-1625) İrəvanın hakimi olduğu dövrdə qala və Xan sarayı daha da möhkəmləndirilib. 1679-cu il zəlzələsi nəticəsində tamamilə dağılan İrəvan qalası və o cümlədən, Xan sarayı Zal xan (1679-1688) tərəfindən yenidən bərpa edilib. İrəvan əyalətinin Osmanlı hakimiyyəti altına keçdiyi dövrdə Rəcəb paşa (1725-1728) tərəfindən İrəvan qalasındakı saray kompleksində xeyli quruculuq və abadlıq işləri həyata keçirilib. Hüseynəli xan Qacarın (1759-1783) hakimiyyəti dövründə yeni Xan sarayı inşa edilin. Hüseynəli xanın və oğlu Məhəmməd xanın (1784-1805) hakimiyyəti dövrləri İrəvan şəhərinin və qalasının çiçəklənmə dövrü hesab edilir. Hüseynəli xan yeni iqamətgah inşa etdirmək üçün dövrün məşhur memarı Mirzə Cəfər Xoylunu İrəvana dəvət edib. XX əsrin əvvəllərinədək İrəvan qalasında mövcudluğunu saxlayan Xan sarayı Mirzə Cəfər Xoylunun rəhbərliyi altında yenidən qurulub. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan Qacar Güzgülü salonu və Xan (Sərdar) bağındakı Yay imarətini inşa etdirmiş, bununla da bu möhtəşəm tikili memarlıq baxımından monumental saray kompleksi kimi tamamlanıb. Saray kompleksi 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə əsaslı təmir edilmiş və ona bir sıra tikililər əlavə edilib. Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Əbdürrza Xan sarayının divarlarındakı rəsmləri 1815-ci ildə tamamlayıb. İrəvan qalasının və Xan sarayının Rusiya işğalından sonra çəkilmiş cizgilərinin (çertyojlarının) bir qismi hazırda İrəvan şəhər Tarix Muzeyində saxlanılır.
Rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ikimərtəbəli saray binası trapesiya formasında (ölçüləri 36x35x31x25 m) olub. Sarayın ortasında şahın təntənəli qarşılanması üçün böyük eyvan olmuşdur. Eyvanın qurtaracağında Zəngi çayına açılan və rəngli şüşələrlə bəzədilmiş, şəbəkələrlə ayrılan yataq yerləri – taxçalar düzəldilib. Xan sarayının Güzgülü zalında xanın taxtının önündə müalicəvi xüsusiyyətli damarlı əqiq daşlardan (oniks) ulduzvari hovuz düzəldilib. Ortasında kiçik fontan olan hovuz rus rəssamı Q.Qaqarinin çəkdiyi Güzgülü zalın rəsmində də öz əksini tapıb. Həmin hovuz hazırda İrəvan şəhər Tarix Muzeyində saxlanılır.

Fransız səyyahlarından Jan Batist Tavernye 1655-ci ildə, Jan Batist Şardən isə 1673-cü ildə İrəvan şəhərində olmuş, onun qrafik təsvirlərini çəkmişlər. Həmin təsvirlərdə İrəvan qalası və qalanın içərisindəki tikililər və Xan sarayı göstərilib.

1817-ci ildə Aleksey Yermolovun başçılığı altında İrana səfər edən Rusiya nümayəndə heyətinin tərkibində İrəvan xanlığında olmuş alman əsilli hərbçi Moritz fon Kotzebue İrəvan qalasındakı Sərdar sarayını və Sərdar bağındakı Yay köşkünü ətraflı təsvir edib.

1827-ci ilin oktyabrında İrəvan qalasının süqutundan bir qədər sonra məhz Güzgülü salonda Aleksandr Qriboyedovun məşhur “Ağıldan bəla” əsərini rus zabitlətri onun özünün iştirakı ilə tamaşaya qoyulub.

Rusiya işğalından sonra xan sarayında əvvəlcə İrəvan müvəqqəti idarəsi, sonra isə İrəvan və Naxçıvan xanlıqlarını birləşdirən “Erməni vilayəti”nin administrasiyası yerləşib.

1864-cü ildə İrəvan qalasının hərbi-istehkam qalası kimi istifadəsinə son qoyulub. 1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı erməni taciri satın alaraq orada konyak zavodu inşa etdirib. Hazırda İrəvan konyak zavodunun ərazisinin bir hissəsi Xan sarayı kompleksinin ərazisinə düşür.

Məşhur Britaniya səyyahı, coğrafiyaşünası və ictimai xadimi Henri Linç 1901-ci ildə Londonda çap edilən əsərinin I cildində Güzgülü zalın divarlarında kətan üzərində işlənmiş 8 tablo gördüyünü və onlardan ikisinin – İrəvan xanı Hüseynqulu xanın və onun solunda farsların qəhrəmanı Fəraməzin tablolarının öz kitabına daxil etdiyi şəkildə əks olunduğunu yazır. Müəllif divarlardakı digər portretlərdə Fətəli şahın, onun oğlu Abbas Mirzənin, İrəvan xanı Hüseynqulu xanın qardaşı Həsən xanın, qəhrəman döyüşçü personajları olan Zöhrabın və Rüstəm Zalın, habelə cəngavər bir qadının (amazonun) obrazlarını əks etdirən portretlərinin təsvir olunduğunu yazır.

İrəvan Xan sarayının daxili tərtibatı haqqında şahidlərin təsvirləri, rus rəssamı akademik Vladimir Moşkovun, etnoqraf və rəssam knyaz Qriqori Qaqarinin, fransız səyyahı və rəssamı Düyuba de Monperenin çəkdikləri rəsm əsərləri, fotoqraf Dmitri Yermakovun, ingilis səyyahı Henri Linçin çəkdikləri fotolar sarayın bədii tərtibatı, divar rəsmlərinin məzmunu, forma və üslubu, professional sənətkarlıq və estetik xüsusiyyətləri haqqında fikir söyləməyə imkan verir.

Əldə edilən məlumatlara görə, Xan sarayında bərpa işlərininin bir qismini Azərbaycan dəzgah boyakarlığının banisi hesab edilən Mirzə Qədim İrəvani (1826-1875) həyata keçirib.

İmperator Arxeoloji Komissiyasının tapşırığı ilə Xan sarayına baxış keçirən akademik Nikolay Marr Sərdar sarayının nümunəsində bütün Cənubi Qafqazda müsəlman tarixi abidələrinin qorunmasına laqeyd münasibət bəslənildiyini yazır. Akademik N.Marrın məruzəsində işlətdiyi “darmadağın etmişlər”, “sındırmışlar”, “oğurlamışlar”, “insan əli ilə dağıdılmışdır”, “barbarcasına” ifadələri təbii ki, ermənilərə aiddir və onlar belə “təriflərə” layiq olduqlarını yetərincə sübut etmişlər.

Sənətşünas alim Natalya Miklaşevskayanın yazdığına görə, Sərdar sarayı 1914-cü ildə dağıdılıb və Mirzə Qədim İrəvaninin XIX əsrin ikinci yarısında sarayın divarlarında 2 x 1 m ölçüdə çəkdiyi portretlər divardan qopardılaraq Tiflisdəki Hərb-Tarix muzeyinə təhvil verilib. Həmin portretlər Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyinə, sonradan isə Gürcüstan İncəsənət Muzeyinə verilib.

Fotoqraf D.Yermakovun XIX əsrin 80-ci illərində çəkdiyi İrəvan Xan sarayının bütün detallarını əhatə edən fotoşəkilləri hazırda Gürcüstan Dövlət Muzeyində D.Yermakova aid kolleksiyada saxlanılır . 1918-1920ci illərdə İrəvan quberniyası ərazisində erməni-daşnak hökuməti qurulmuş, azərbaycanlılara qarşı soyqırım həyata keçirilmişdi. İrəvan şəhərində azərbaycanlılara məxsus olan bir çox tarixi-memarlıq abidələri də məhz dövrdə yer üzündən silinib. Xan sarayı erməni vandalları tərəfindən Yer üzündən silinsə də, günümüzədək gəlib çatan məlumatlar, arxiv sənədləri, rəsm əsərləri, fotolar İrəvan Xan sarayı kompleksinin tam mənzərəsini yaratmağa imkan verir”.

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi