Azərbaycanda aqrar sığortanın tətbiqində yeniliklər olacaq
Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli fərmanına əsasən ölkədə aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci ilin noyabrından isə Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə start verilib.
Bu sahədə gözləilən yeniliklər barədə "Report"a müsahibəsində Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov danışdı.
- Bir açıqlamanızda Aqrar Sığorta Fondunun 60 bölgədə fəaliyyət göstərdiyini demişdiniz. Daha hansı bölgələr üzrə aqrar sığortanın fəaliyyət dairəsinin genişləndirilməsi nəzərdə tutulur?
- Bizim dediyimiz 60 bölgə fermerlərin aqrar sığorta xidmətlərindən geniş istifadə etdiyi bölgələrdir. Bizim xidmətlər isə bütün ölkə üzrə hamıya, yəni həm fiziki, həm də hüquqi şəxslərə eyni şərtlərlə tətbiq olunur. Biz hamıya xidmət edirik. Sadəcə hesabat yönlü bir press-relizimizdə demişdik ki, artıq 60 bölgədən olan fermerlər bizim sığorta xidmətlərimizdən istifadə edir. Əslində Azərbaycanın bütün bölgələrində və təsərrüfatının həcmindən asılı olmayaraq bütün fermerlərə xidmət göstəririk. Onların hamısına da yanaşmamız eynidir.
- Fermerlərin aqrar sığortaya marağı necədir?
- Fermerlərimizin bu sahəyə kifayət qədər böyük marağı var. Çünki bu günə qədər ölkədə aqrar sığorta xidmətləri kifayət qədər təqdim olunmurdu. İldən-ilə bu marağın daha da artmasının şahidi olacağıq. Ötən illə müqayisədə əkilən ərazilərin sayı və toplanan sığorta haqları (yalnız bitki sığortasından söhbət gedir) 65 dəfə artıb.
Türkiyədə 16 ildir uğurlu aqrar sığorta mexanimzi təqdim olunsa da, orda xidmətlərdən 100 nəfərdən cəmi 20 nəfəri istifadə edir. Bu, o deməkdir ki, aqrar sığortanın geniş şəkildə tətbiqi üçün illər lazımdır. Belə ola bilməz ki, birdən-birə bütün fermerlər sığortalansın. Biz ildən-ilə nəticələrin artmasını gözləyirik.
- Aqrar xidmətlərin əlçatan olması məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi və Aqrar Sığorta İnformasiya Sistemi yaradılıb...
- Bəli. Bu sahənin elektronlaşdırılması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması yaxud planda olan heyvanların qeydiyyatı məsələsi var. Ölkədə əkinçiliklə məşğul olan fermerlərin sayı bəllidir, onların dəqiq statistikası var və heyvandarlıqla məşğul olanların da əlaqə telefonları, ünvanları bəllidir. Elektronlaşma tam təmin olunandan sonra avtomatik fermerlərimizə əlçatanlıq da rahat olacaq. Onlara elektron məlumatların göndərilməsi, şəxsi kabinetlərin yaradılması reallaşacaq. Sektorun elektronlaşdırılması məlumatların düzgün çatdırılmasına da imkan verəcək. Bu gün ölkədə heyvanların qeydiyyat sistemi yoxdur. Hansı fermerin harda nə qədər heyvanının olub-olmaması, o heyvanların birkalanıb-birkalanmaması və digər məsələlər barədə dəqiq məlumatlar sistemi yoxdur. Belə halda biz ancaq ümumi məlumatlandırma ilə kifayətlənə bilirik. Bu məlumatlar yavaş-yavaş olacaq.
- Fond olaraq bitkiçiliklə məşğul olan fermerləri dolu, yanğın, zəlzələ, qasırğa kimi bir sıra risklərdən sığortalayırsınız. Bu risklərin sayının artırılması nə vaxta planlaşdırılıb?
- Bununla bağlı planlar var. İlk gündən bəyan etmişdik ki, fəaliyyətimizi mərhələli şəkildə böyüdəcəyik. 2019-cu ildə qanun qəbul edildi. Fond 2020-ci ilin sonunda faəliyyətə başladı. Artıq 2021-ci ilin noyabrında risklərin əhatə dairəsi genişlənəcək. Bununla bağlı layihə artıq Nazirlər Kabinetindədir.
- Siyahıya hansı risklərin əlavə edilməsi nəzərdə tutulub?
- Artıq risklərin siyahısına dolu, qasırğa, zəlzələ, torpaq sürüşməsi kimi risklərlə yanaşı donvurma riskini əlavə edirik. Donvurma meyvə istehsalçılarımızın ən qorxduğu məsələdir. Risklərin əhatə dairəsinin genişləndirilməsi məsələsi bir aya Baş nazir tərəfindən təsdiqlənəcək. Düşünürük ki, oktyabr ayında risklərlə bağlı yeni siyahı təqdim edəcəyik. Yəqin ki, 2025-2026-cı illərdə bu siyahıya quraqlıq riskinin də əlavə edilməsini düşünəcəyik ki, dəmyə ərazilərə də təminat verək.
Bizim risk və predmetlər barədə bütün qərarlarımız Baş nazir tərəfindən təsdiqlənir. Qərarlarımız dövlət qurumları ilə razılaşdırılır. Dediyimiz layihə artıq bütün razılaşdırmalardan keçib və Nazirlər Kabinetində imzadadır. Son razılaşdırma əldə olunduqdan sonra biz həmin siyahını təqdim edəcəyik.
Risklərin siyahısının genişləndirilməsi ilə yanaşı sığorta predmeti olan bitkilərin də sayını artıracağıq. Hazırda biz 14 bitkiçilik məhsulunu sığortalayırıq. Bu rəqəmi 41-ə qaldıracağıq.
- Heyvandarlıq təsərrüfatları üzrə də sığorta risklərinin siyahısı genişləndiriləcəkmi?
- Bəli. Dediyimiz risklərin əhatəsində heyvandarlıq sahəsi də var. Biz heyvanlarda da bu yanaşmanı tətbiq edirik ki, risklərin əhatəsi genişlənsin. Artıq risk siyahısına yoluxucu xəstəliklərlə bağlı adi xəstəlikləri də salacağıq. Bununla yanaşı damazlıq funksiyasının itirilməsi təminatını salacağıq. Məsələn, heyvan hər hansı xəstəlik nəticəsində damazlıq funksiyasını itirib və bala verə bilmir. Bu zaman fermer onu məcburi kəsimə yollayacaq. Tutalım, heyvanın qiyməti 5 min manatdır və fermer onu məcburi kəsimə göndərib 3 min manat götürəcək. Bu zaman biz də ona 2 min manat ödəyəcəyik ki, yeni heyvan gətirsin və istehsalın davamlılığı təmin olunsun.
İndi biz yalnız südlük iribuynuzlu heyvanları sığortalayırıq. Bir aydan sonra artıq iribuynuzlu ətlik heyvanları da sığortalayacağıq. Eyni zamanda xırda buynuzlu qoyun və quzular, keçilər də sığortalanacaq. Artıq heyvanlarla bağlı yaş məsələsini də dəyişirik və bir il tələbini bir aya salırıq. Artıq bir ay və yeddi yaş aralığında olan heyvanlar sığortalanacaq.
- Bilirik ki, aqrar sığorta olunması üçün bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürülür. Amma ölkənin kənd təsərrüfatı məhsulları arasında ixrac payına görə önəmli yer tutan bir sıra tərəvəz məhsulları aqrar sığorta predmeti olan bitkilər sırasına daxil edilməyib. Bunun səbəbi nədir?
- Bu gün Aqrar Sığorta fondu 14 bitkiyə təminat verir. Amma bir aydan sonra pomidor və xiyarı da sığorta edə biləcəyik. Bununla yanaşı gilası da edəcəyik. Biz ilk günlərdən fəaliyyətimizə əsasən ixrac və ərzaq təhlükəsizliyi prizmasından yanaşmışdıq. Əkin ərazilərimizin böyük hissəsi buğda və arpa əkinləridir. Biz düşündük ki, ölkədə istehsalın davamlı olması üçün birinci ərzaq təhlükəsizliyi baxımından buğda və arpanı sığortalamalıyıq. Daha sonra ixracyönlü məhsullardan fındıq və pambıq da var. Ərzaq təhlükəsizliyi prizmasından kartof var. Bir ayın içində biz pomidoru, xiyarı və digər tərəvəzləri siyahımıza salandan sonra artıq onların da icbari sığortalanması mümkün olacaq.
Biz birinci gündən deyirdik ki, mərhələli inkişaf istəyirik. İlk gündən cəmi kapitalımızın 9 milyon olduğu halda desəydik ki, hər şeyi sığorta edirik, bu zaman hər kəs gəlib sığorta olunacaqdı, bir kütləvi hadisə baş verən kimi isə sistem çökəcəkdi.
Ona görə də işlərimizi mərhələli şəkildə edirik. İndi bitkilərin sayını 41-ə çatdırırıq. Növbəti il siyahını artıracağıq. Gələn il artıq arıçılıq fəaliyyəti ilə məşğul olan fermerlərimizə də xidmət verəcəyik. Arı yeşiklərinin, balın sığortlanmasını təmin edəcəyik. İldən-ilə isə fəaliyyətimizi artıracağıq.
- Azərbaycan Sığortaçılar Assosiasiyası ilə əməkdaşlığınız var. Bu əməkdaşlıq çərçivəsində hansı addımların atılması nəzərdə tutulub?
- ASA ilə əsas əməkdaşlığımz ölkədə aqrar sığorta sahəsi üzrə fermerlərimizin, sahibkarlarımızın maarifləndirilməsi istiqamətindədir. Bu istiqamətdə regionlara səfərlərimiz zamanı onlarla birgə hazırladığımız məlumatlar olur. Növbəti illərdə xüsusi video çarxların hazırlanmasını da düşünürük.