azia.az
azia.az

Saxta əlilliklə mübarizədə incə məqam: sosial gərginliyi kimlər artırmağa çalışır?

10-06-2021, 21:04


Azərbaycanda əlillik müddəti bitən şəxslərin yenidən müayinələrə cəlb olunaraq, bir sıra hallarda əlilliyin təyinatından imtina edilməsi prosesi cəmiyyətdə ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Bir neçə gün əvvəl Milli Məclisdə prosesdə yaranan problemlərlə bağlı səsləndirilən tənqidlər ictimaiyyətin diqqətini bir daha prosesə yönəltdi.
Saxta əlilliklə mübarizədə incə məqam: sosial gərginliyi kimlər artırmağa çalışır?
Saxta əlilliyə qarşı mübarizə prosesini diqqət mərkəzinə gətirən əsas məqam əhalinin həssas təbəqələrini əhatə etməsidir. Əlillər bütün dünyada xüsusi yanaşma tələb edən həssas qruplar hesab olunur. Buna görədir ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri, millət vəkilləri yaranan problemlərlə bağlı narahatlıqlarını dilə gətirir, dövlət qurumlarını diqqətli olmağa çağırırlar.

İqtisadçı-alim, ƏƏSMN yanında İctimai Şuranın rəhbəri Elşad Məmmədov deyir ki, son 3 ildə əlilliyin təyinatında şəffaflığın təmin olunması baxımından müsbət trendlər müşahidə olunur: “Olduqca önəmli nəticələr var. Bu nəticələr dövlət büdcəsi vəsaitlərinin qorunmasına, digər tərəfdən əhalinin geniş təbəqələrinin sosial dəstəyinə şərait yaratmış oldu. Bunu unutmaq olmaz. Çünki faktiki olaraq 17 min nəfərin saxta əlilliyinin ləğv olunması büdcədə 71 milyon manat vəsaitin yayınmasının qarşısını almış olur. Bu qədər vəsaitlə nə qədər əsl ehtiyaclı insanın sosial ödənişlərini vermək olar. Son illərdə dünya iqtisadiyyatında böhran gözləntiləri artsa da, Azərbaycan dövləti sosial istiqamətə ayrılan vəsaitləri daim artırır. Əgər biz vəsaitlərin saxta yollarla mənimsənilməsinin qarşısını almasaq, artan sosial ödənişləri necə təmin edə bilərik?”



Şura rəhbərinin fikrincə, ƏƏSMN-in saxta əlilliyə qarşı mübarizəsini təqdir etmək gərəkdir: “Saxta əlillik sənədlərinin alınmasında bir tərəf vətəndaşdırsa, digər tərəf bu yolla külli miqdarda qanunsuz gəlir əldə edən məmurlardır. Mübarizənin gedişində həmin şəbəkələşmiş məmurların həssas əhali qruplarından istifadə edərək gərginlik, narazılıq yaratmağa çalışmaları gözlənilən idi. Hazırda biz o narazılığın müxtəlif istiqamətlər üzrə ortaya çıxmasının şahidi oluruq. Həmin qüvvələr cəmiyyətə yanlış məlumatlar ötürməklə, təəssüflər olsun ki, bir sıra ictimai-siyasi xadimləri, mətbu orqanları da yanlış yönə istiqamətləndiriblər. Dövlətin şəffaflığa doğru addımlarından son nəticədə həqiqətən sağlamlığını itirən insanlar bəhrələnəcək.

2019-cu ildən bəri ölkədə minimum əmək haqqı, minimum pensiya məbləğləri az qala iki dəfə artırılıb. Sosial siyasətin daha da genişləndiyi bir məqamda şəffaflığın tam təmin olunması da zəruridir. Şəffaflığa qarşı olan qüvvələrin bu prosesə mane olmasına imkan verməməliyik. Mən ictimaiyyəti bu məsələdə obyektiv olmağa çağırıram. Nə ƏƏSMN-in, nə də hökumətin məqsədi həqiqətən əlil olan şəxslərin müvafiq sənədi almasının qarşısını almaq deyil. İlin əvvəlindən bəri 5 min nəfərə ilkin əlilliyin təyin olunması göstərir ki, dövlətin məqsədi yalnız və yalnız prosesdə şəffaflığı təmin etmək , haqqı olmayanların saxta sənədlərlə əlillik almasına imkan verməməkdir. Buna görə də proseslərə obyektiv yanaşmaq lazımdır. Əlbəttə, prosesin miqyasının geniş olması üzündən müəyyən problemlərin yaranması istisna deyil. O cümlədən də həqiqətən əlil olan bəzi şəxslərə müvafiq sənədlərin verilməməsi, dövlət qurumlarının resurs çatışmazlığı üzündən ləngimələrin yaranması kimi hallar var. Lakin biz hay-küy qaldırıb bütün prosesi kölgə altına almaq yox, hər bir hal üzrə problemi aradan qaldırmağa çalışmaqla, işə daha çox fayda verə bilərik”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun “Yeni Müsavat”a dediyinə görə, əlillik təyinatı sahəsində aparılan islahatların əsas məqsədi bu sahədə şəffaf və obyektiv, eyni zamanda sosial ədaləti təmin edən, dürüst qiymətləndirmənin aparılmasıdır: “Hər birimiz yaxşı bilirik ki, illər öncə xeyli sayda insan sağlamlıqlarında hər hansı problem, əlillik əlaməti olmadıqları halda əsassız tibbi sənədlərin tərtib olunması, yerlərdə qeyri-şəffaf əyani müayinələr, vətəndaş-ekspert birbaşa təmaslarının mövcud olması nəticəsində saxta əlillik dərəcələri alıb.

İllər əvvəl baş verən bu proseslər həqiqi əlilliyi olanların sıralarında xeyli sayda saxta əlillik təyinatı aparılmışların yer almasına, başqa sözlə, saxta yolla əlillik dərəcəsi alaraq əlilliyi olanların haqqına girənlərin, onlara yönələn büdcə vəsaitlərinə ortaq olanların, haqqı çatmaya-çatmaya güzəşt və imtiyazlardan yararlananların sayının artmasına səbəb olub.



Ona görə də sosial sahədə şəffaflığın təminatı sahəsində köklü islahatların əsas hədəflərindən biri məhz saxta əlillik təyinatlarının aşkar edilərək ləğv olunmasıdır. Bu, əlilliyi olanların haqqını oğurlayanların, saxta əlilliklər üzrə kifayət qədər iri həcmdə sərf olunan büdcə vəsaitlərinin qeyri-qanuni xərclənməsinin qarşısını almaq deməkdir. Son 3 ildə 17 min belə əsassız əlillik işləri aşkar edilərək ləğv olunub və nəticədə illik 71 milyon manat büdcə vəsaitlərinin qeyri-qanuni xərclənməsinin qarşısı alınıb”.

Nazirlik rəsmisi əmindir ki, əlilliyi olan insanların əlilliyə görə aldığı müavinətlərin, pensiyaların dayandırılması barədə bəzən qeyd edilən fikirlərin əsası yoxdur: “Heç bir əlilliyi olan şəxsin əlillik müddəti dövründə sosial ödənişləri dayandırılmır. Bunun əksini ifadə edən qənaətlərini mediada tirajlayanlar ya məlumatsızlıqdan bunu edir, ya da əlillik təyinatlarının şəffaflaşdırılması tədbirləri barədə bilərəkdən çaşqınlıq, yanlış ictimai rəy, süni ajiotaj yaratmağa çalışanlardır.

Əlilliyə görə sosial ödənişlər (pensiya, təqaüd, müavinət) əlillik müddəti ərzində verilir və həmin müddətdə dayandırıla bilməz. Ona görə də şəxs əlillik müddətinin nə zaman bitdiyini bilməli, bitdiyi halda bu müddətin uzadılması üçün yaşadığı ərazi üzrə səhiyyə müəssisəsinə müraciət etməlidir”.

Məlum olduğu kimi, 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri avtomatik olaraq 5 il müddətinə uzadılıb.

F.Talıblı bildirir ki, bununla da həqiqi əlilliyi olanlarla bərabər, artıq sağalmış, reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş insanların da içərisində olduğu 190 minədək şəxsin əlillik müddəti hər hansı yoxlama olmadan, müayinələr aparılmadan beş il davam edib.

Bu beş illik müddət 2021-ci ildə bitir: “Bununla da il ərzində əlilliklərin qiymətləndirilməsi kimi kifayət qədər böyük iş yükü yaransa da, bu proses ardıcıl şəkildə davam edir. Göndərişlərin daxil edildiyi müddətdən sonra əlilliyin qiymətləndirilməsinə dair qərarın verilməsində hər hansı ləngimələr yarandığı halda belə, vətəndaşın hüququ pozulmur: qanunvericliyə uyğun əlillik təyinatı qərarı məhz göndərişin sistemə daxil edildiyi gündən sonrakı 10 gün ərzində olan tarixə rəsmiləşdirilir. Saxta əlilliklər ləğv edilməklə bərabər, haqqı çatanlara, həqiqətən sağlamlığında əlillik əlamətləri olan insanlara əlillik təyinatı işləri də aparılır. Buna misal olaraq, 2021-ci ilin yanvar-may aylarında 15 minədək şəxsə əlillik təyinatı aparılıb, onlardan 10 min şəxsə təkrar əlillik təyin olunub, qalanları ilkin əlillik təyin edilənlərdir.

Saxta əlilliyin qarşısının alınmasını guya insanların yeganə gəlir mənbəyindən məhrum edilməsi, bunun sosial gərginlik yaranmasına gətirib çıxardığı barədə qeyd edilənlər isə tamamilə absurddur. Sosial sahədə şəffaflığın təminatı bütün cəmiyyətin marağında olduğu bir halda, belə ucuz populizmə hesablanan, obyektiv, ədalətli yanaşmadan uzaq fikirlər sadəcə yersizdir.



Saxta əlillik yolu ilə dövlət büdcəsindən hər ay mənimsənilən qeyri-qanuni sosial ödənişlərin kimlərinsə yeganə gəlir mənbəyi olduğunu düşünüb, bu cür qanunsuzluqlara göz yummaq olmaz. Dövlət büdcəsindən, eləcə də işləyən əhalinin məvaciblərindən hər ay toplanan sığorta haqları hesabına formalaşan büdcədən kimlərinsə saxta əlillikləri hesabına hər ay vəsaitlər qoparması, hər şey bir yana, o işləyən əhalinin haqları baxımından ədalətli deyil”.

F.Talıblının sözlərinə görə, hazırda aparılan əyani müayinələr yalnız ötən dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitmiş şəxsləri əhatə edir: “Əyani müayinələr aparılması prosesində hansısa növbə gərginliyi özünü göstərmir. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş insanlara xüsusi həssaslıqla, qayğı ilə yanaşılır. Burada bir məqamı vurğulayım ki, bəzən Nazirliklə dəqiqləşdirilmədən kimlərinsə guya əliliyin qiymətləndirilməsi qaydalarında 2015-ci ildə dəyişiklik aparıldığı, əlillik təyinatına əsas yaradan xəstəliklərin sayının azaldıldığı barədə yaydıqları məlumat da tam əsassızdır. Əliliyin qiymətləndirilməsi qaydalarında belə bir dəyişiklik olmayıb”.

ƏƏSMN rəsmisi bəyan edir ki, təkrar əlilliklə bağlı tibbi müayinələrin harada aparılmasına onlar qərar vermirlər: “Təkrar əlillik müddəti bitən digər şəxslər növbəti təkrar qiymətləndirmə üçün sadəcə olaraq öz yaşadıqları ərazilərdəki səhiyyə müəssisələrinə müayinə üçün müraciət edirlər. Əgər tibb müəssisəsi əyani müayinə üçün yetərli ola biləcək tibbi sənədlərin alınması üçün vətəndaşı paytaxtda yerləşən müvafiq ixtisaslaşmış səhiyyə müəssisəsinə yönəldirsə, bu, həmin müəssisənin səlahiyyətinə aid məsələdir. Bir çox hallarda vətəndaşlar əlillik müddətlərinin nə zaman bitəcəyinin fərqinə varmadan, yalnız əlillik müddəti bitdiyi halda göndəriş üçün səhiyyə müəssisəsinə müraciət edirlər.

Belə olan halda həm təkrar qiymətləndirmə üçün göndərişin hazırlanması və e-sistemə daxil edilməsi prosesində ləngimələr yarana bilər, həm də vətəndaşların eyni vaxtda bir müəssisəyə müraciəti növbəliliyə səbəb ola bilər. Lakin bir daha bildirim ki, əlillik təyinatı göndərişin sistemə daxil edildiyi gündən sonrakı 10 gün ərzində olan tarixə rəsmiləşdirilir. Bununla belə, təkrar edirəm ki, vətəndaşlar əlillik müddətlərinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tbbi sənədlərini vaxtlında toplamalıdır. Onu da qeyd edim ki, Nazirlik məhz belə halları düşünərək humanist yanaşma məqsədilə qanun layihəsi hazırlayıb və layihə artıq Milli Məclisdədir. Bu layihə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlilliyin məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşməsini nəzərdə tutur. Yəni ortada ötürülmüş müddət üçün də şəxs əlilliyə görə sosial ödənişlərini alacaq”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi