azia.az
azia.az

Hansı peşələr sağlamlıq üçün risklidir? - SİYAHI

Bu gün, 12:06

Peşə xəstəliklərinin yaranmasının əsas səbəbləri kimyəvi-toksik maddələr, istehsalat tozları, səs-küy, vibrasiya, radiasiya, yüksək və ya aşağı temperatur, həddindən artıq fiziki gərginlik və digər zərərli amillərdir. Bu amillərə uzunmüddətli məruz qalma orqanizmin normal fəaliyyətini pozur və peşə xarakterli xəstəliklərin yaranma riskini artırır.

 

Pravda.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasının Baş direktoru Mətanət Axundova bildirib.

 

O qeyd edib ki, peşə xəstəliklərinin qarşısının alınması üçün iş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır: “İş yerlərinin düzgün havalandırılması, fərdi mühafizə vasitələrindən istifadə və iş rejiminin normativ tələblərə uyğun təşkili daim nəzarətdə saxlanılmalıdır”.

 

Onun sözlərinə görə, nəşriyyat, kimya sənayesi, maşınqayırma, kənd təsərrüfatı, neft emalı, metallurgiya, dağ-mədən sənayesi, tikinti, yüngül və ağır sənaye sahələri peşə xəstəlikləri riskinin yüksək olduğu istiqamətlər kimi müəyyən edilib: 

 

"Peşə xəstəlikləri əsasən ağır, zərərli və təhlükəli istehsalat şəraitində çalışan şəxslərdə müşahidə olunur. Risk qrupuna daha çox mədən və dağ-mədən sahəsində çalışan kömür mədənçiləri və karxana işçiləri, tikinti sektorunda çalışan inşaat fəhlələri və sement ustaları, metallurgiya və sənaye müəssisələrində çalışan qaynaqçılar və metaləritmə işçiləri daxildir.

 

Bununla yanaşı, kimya sənayesində boya istehsalı və laboratoriya işçiləri, kənd təsərrüfatında pestisidlərlə işləyən fermerlər, nəqliyyat sahəsində uzun müddət fəaliyyət göstərən sürücülər, tibb işçiləri, eləcə də ağır fiziki əməklə məşğul olan anbar işçiləri və yükləyicilər də yüksək risk altındadırlar. Bu şəxslər toz, kimyəvi maddələr, səs-küy, vibrasiya və ağır fiziki yüklənmə kimi zərərli amillərin təsirinə məruz qalaraq müxtəlif peşə xəstəliklərinə tutula bilərlər.

 

Bir sıra peşə xəstəlikləri ilkin mərhələlərdə gizli simptomlarla müşayiət olunur və zərərli istehsalat amillərinin orqanizmə davamlı təsiri nəticəsində zamanla inkişaf edərək ciddi patoloji dəyişikliklərə və ağırlaşmalara səbəb olur.

 

Kimyəvi-toksikoloji müayinələr vasitəsilə zərərli iş şəraitinin insan orqanizminə təsiri vaxtında müəyyən edilir, xəstəliklər erkən mərhələdə aşkar olunur və müvafiq müalicə tədbirləri həyata keçirilir. Bu müayinələr işçilərin əmək qabiliyyətinin qorunmasına, peşə xəstəlikləri riskinin azaldılmasına və əmək məhsuldarlığının artırılmasına xidmət edir”.

 

Mütəxəssis vurğulayıb ki, xəstəliklərin müəyyən edilməsi üçün hazırda laborator müayinələr əsasən qan və sidik nümunələri üzərində aparılsa da, yaxın gələcəkdə laboratoriyada saç və dırnaq nümunələri üzərində də bu müayinələrin aparılması nəzərdə tutulur.

 

Onun sözlərinə görə, aparılan kimyəvi-toksikoloji tədqiqatların nəticələrinə əsasən işçilərin zərərli amillərə məruz qalma dərəcəsini qiymətləndirmək, intoksikasiya əlamətlərini vaxtında aşkar etmək və profilaktik tədbirlərin görülməsini təmin etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi