“Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” - VİDEO
Bu gün, 10:22
Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 26-cı buraxılışının yazılı variantını təqdim edir.
Ermənistanda seçkilər...
– Məncə həfətmizin ən əhəmiyyətli hadisəsi Ermənistanda keçiriləcək seçkilərdir. Sabah yox biri gün orada seçkilər keçirilir və Cənubi Qafqazın taleyi bu seçkilərdən çox asılıdır. Mütəxəssislərin fikrincə, Paşinyan çox öndədir. Rəy sorğuları da bunu göstərir. Seçkilərlə bağlı kampaniya son həddə qızışıb. Hətta biz İrəvan meydanında Azərbaycan dilində çıxış da eşitdik. Revanşistlər bununla Paşinyanın əleyhinə rəy yaratmağa çalışdılar ki, onun sayəsində azərbaycanılılar bura da gələcəklər. Ancaq məncə bu təbliğat öz əleyhlərinə işlədi. Çünki məğlubiyyətdən sonra erməni xalqının əsas hissəsi müharibə istəmir və sülhə meyllidir. Elə Paşinyanı da buna görtə müdafiə edirlər. Ermənilər kifayət qədər ayılıb və istər Köçəryanın, istərsə də Qarabağ klanının orada nələrlə məşğul olduğunu çox yaxşı bilirlər. Ona görə şansları yoxdur. Turnikdə fırlanıb “hələ mən gəncəm, Azərbaycanla müharibə apara bilərəm” kimi subliminal mesajlar verməsi də Köçəryana kömək etməz. İrəvanda keçirilərn bir soruğunu da izlədim, mütləq əksəriyyət Paşinyanı dəstəkləyirdi. Bir xanımın cavabı isə xüsusi diqqətimi çəkdi. Dedi, oğlum Rusiyada yaşayır, ildə bir dəfə gəlir, mən qızımla yaşayıram, indi nəvəmi məktəbdən aparmağa gəlmişəm, vəziyyətimiz də yaxşıdır və seçkilərin nəticəsi məni maraqlandırmır. Zaman-zaman bizim cəmiyyətdə də seçkilərə bu cür laqeydliyin şahidi olmuşuq. Mən o xanımın dediklərini eşidəndə içimdən bir fikir keçdi ki, məhz oğlunun yanında olması və nəvənin asayiş içində sağ-salamat yaşaması üçün gedib sülhə səs verməlisən.
Məcburi köçkünlərin statusu...
– Nəyə lazım belə ömür, belə gün,
Baxışlarda nifrət, ürəklərdə kin,
Qaçqın, köçkün və yaxud da didərgin,
Gör bizə qoyulan ad necə pisdir.
Uzun illər yadımda qalan bu misralar laçınlı bir el şairinin şeiridir və mənim kimi, oxşar taleyi yaşayan çoxlu insanlar əzbər bilirlər və zaman-zaman ürək ağrısı ilə söyləyirlər. Bu şeiri niyə xatırladım? Bu günlərdə məcburi köçkünlük statusu ilə bağlı Milli Məclisdə müzakirələr getdi və mətbuatda rezonans yaratdı. Bu şeir göstəriri ki, biz bu ad altında yaşamaqdan o qədər də məmnun deyilik. Bilmirəm kənardan necə görünür. Bəzən yerli admlar düşünürlər ki, məcburi köçkünlərin hamısı bu statusdan geninə-boluna istifadə ediblər və hər şeylə təmin olunublar. Mən buna sadəcə təəssüf eləyirəm və səbəbini ictimai şüurumuzun, vətəndaş məsuliyyətimizin olmamısında görürəm. Xüsusən Laçınla bağlı postlar paylaşılırdı ki, şəhərə qayıdan sakinlər evlərini kirayəyə verirlər. Bu evləri o admlar özləri tikiblər və şəxsi mülkləridir. Dövlətimiz zəif idi, ordumuz yox idi, o insanların öz evində yaşamaq haqqını qoruya bilmədik. İndi dövlətin gücü var, torpağı geri alıb, evləri təmir eləyib verib, adamlar da öz mülkləri kimi istifadə edə bilərlər. Orada hamı işlə təmin edilməyib, hamının Bakıda biznesi yoxdur, öz ata-baba evlərinin bir otağını kirayə verib beş manat qazanmaları niyə bizi narahat etməlidir? Əlbəttə, bu gün dövlətin prioriteti işğaldan azad olunmuş yerlərə qayıdışı yüksək səviyyədə təmin etməkdən ibarətdir. Lakin bu məsləyə çox həssas yanaşılmalıdır. İnsanların fərdi vəziyyətləri, əhəmiyyətlilik dərəcəsi nəzərə almalıdır. Yerli ziyalıların, ağsaqqalların, ictimai sektorun nümayəndələrinin fikrini soruşmaq, onlarla məsləhətləşmək lazımdır. Qayıdış hansısa bir məmur üçün statistika ola bilər, amma nəzərə almalıyıq ki, qarşımızdakı insandır. Torpaqların azad edilməsi Bakı şəhərindən və digər yerlərdən bütün məcburi köçkünlərin ucdantutma qovulması mənasına gəlməmlidir. Bir cəlilabadlı, bir qəbələli Bakıda necə yaşayırsa, bir laçınlı, bir ağdamlı da elə yaşaya bilər. Qayıdışda isə insnaların köçdüyü yerdə dolanışıq tapması çox vacib amildir. İnsan iqtisadi təminatı olmadan ana yurdunu da vətən kimi hiss eləyə bilməz. Hamı orada özünü ixtiyar sahibi kimi hiss etməlidir. Təəssüf ki, tikinti aparılan bəzi yerlərdə sakinlərin rahat yaşaması üçün imkanlar məhduddur. Onlara həyətlərində adi bir tiknti eləmək icazəsi də verilmir. Ancaq bunun əksinə olaraq hələ tikilməyən dağ kəndlərinə güclü axın var. İşıq olmasa da, ev olmasa da insanlar çadır qurub, taxta-tuxtadan daxmalar düzəldib yaşayırlar. Çünki heyvan saxlayırlar. Arı saxlayırlar. Onların vətən sevgisi dolanışıqları ilə üst-üstə düşür, beləliklə yurda bağlılıqları güclənir. Çoxu şəraitsizliyə baxmayaraq qışda da gəlmək istəmir. Bizim kənd işğal olunanda oradan 120 ev çıxmışdı, keçən yay isə kəndə 60-a yaxın ailə qayıtmışdı. Əmin olun, kəndimiz tikilsə, bu rəqəm ən azı üç dəfə artacaq. Kim işğaldan azad edilmiş yerlərə çox adamın köçməyəcəyini düşünürsə, kökündən yanılır. Lakin, dediyim kimi, bircə şərtlə: insanlara yaşamaq, dolanmaq imkanı yaradılsın.
Kino camiəsində nə baş verir?
– Bildiyiniz kimi, mən bütün çıxışlarımda, müsahibələrimdə və yazılarımda sovetdən qalan yaradıcı təşkilatları tənqid edirəm, çünki heç birinin ciddi funksionallığı yoxdur. Bu mənada Kinematoqrafçılar İttifaqında baş verənlər mənim də diqqətimi çəkdi. İttifaqın katiblərindən biri, sədrliyə namizəd Əli İsa Cabbarov bir çox mütərəqqi yeni nəsli ətrafında birləşdirərək qurultay keçirdi və yekdilliklə sədr seçildi. Mətbuatda və sosial şəbəkələrdə güclü təbliğat getdiyi yerdə qəfil səsləri kəsildi və demək olar ki, indi cınqırları da çıxmır. Bu, məsələ ilə bağlı Ayaz Salayevin dediyi bir sözün haqlı olduğunu göstərdi: arxada kimsə var! Və sanki həmin kimsə bir işarə verdi, hamı sakitləşdi. Əli İsa Cabbarov nəinki Kinematoqrafçılar İttifaqına, hətta bundan daha üstün, daha böyük və daha funksional bir təşkilatın rəhbəri olmağa layiqdir, çünki kinonun həm industriya, həm yaradıcı tərəfini yaxşı bilir, dünya kinosu haqda məlumatlıdır, eyni zamnada, həvəsli və işgüzardır. Lakin bu prinsiplərlə o da ciddi iş görə bilməz. Məncə, dövlət yaradıcı sahələrlə əməkdaşlıq üsulunu dəyişməlidir. İndiki halda mütərəqqi yeni nəsil tənqid elədiyi köhnə nəslin nümayəndələrinə çevrilir və şəxsən məndə belə bir təssürat yaranır: indiyədək onların vasitəsi ilə kino yox idi, indi də imkan verin bizim vasitəmizlə olmasın. Olsun! Bir az da belə yaşayaq. Ən azı ümumi ab-hava dəyişər. Lakin ciddi iş görüləcəyinə inanmıram. Çünki sovetdən qalan bütün yaradıcı təşkilatlarda heç vaxt sənət davası getməyib, yalnız karyera və qazanc davası gedib.
Ayaz Salayevin müsahibəsi...
– Həftənin maraqqlı hadisələrindən biri də hörmətli kinoşünas Ayaz Salayevin internet televiziyalarının birinə verdiyi müsahibə oldu. Həm “kinoittifaq”ın qurultayından danışdı, həm də vaxtı ilə Rüstəm İbrahimbəyov haqqında yazdığı bədnam yazıdan... Həmin vaxt yazırdılar ki, bu yazı Əli Həsənovun sifarişi ilə yazılıb. Ayz müəllim indi deyir, heç kim sifariş verməyib, mən səmimi olaraq Rüstəm müəllimin “Qafqaz triosu” filmi haqqında bu cür düşünürəm. Hətta Rüstəm müəllim haqqında, onun ölümündən sonra belə təhqiramiz ifadələr işlətməkdən çəkinmir. Ayaz müəllim düşünür ki, o film Azərbaycanın dövlətçilik maraqları əleyhinə çəkilib və bizi istəməyən qüvvələrin dolayı sifarişini yerini yetirir. Ayaz Salayevə görə, bizim sənət, o cümlədən kino azərbaycanlı mənəviyyatının böyüklüyünü ortaya qoymalıdır. Hətta o, Rüstəm İbrahimbəyovun Bakını bir cənub şəhəri adlandırmasını da qəzəblə qarşılayır. Deyir, mən ömrüm boyu bu düşüncə ilə mübarizə aparacam, kino siyasətdir və ilk növbədə milli maraqlardan çıxış etməlidir. Bu məqamda Ayaz müəllimə bir sual vermək istərdim: sən özün o dövlətçilik maraqları ilə hansı işi ortaya qoymusan? Ayaz Salayevin son dövrlər çəkdiyi yalnız primitiv vəytənpərvərlik təbliğatı aparan roliklərdir. Halbuki son bədii filmi “Ehram TV”-də medianın manipulyasiyası mövzusuna toxunmuşdu, dövlət sifarişi olduğu üçün ekranlara buraxılmadı, kino ictimaiyyəti və mətbuat Ayaz müəllimin müdafiəsinə qalxdı, lakin o öz mövqeyindən geri çəkilərək filmi kəsib-doğradı və nəticədə ortaya heç nə çıxmadı. Hərədn mənə elə gəlir ki, Ayaz Salayev acığa belə danışır. Sanki xalqın öz arxetipindən çıxış edərək ona demək istəyir ki, sən elə buna layiqsən. Ən dəhşətlisi, Ayaz müəllim belə düşünməklə qalmır, o öz mürtəce fikirlərini həm də Mədəniyyət Nazirliyinin ssenarilərinin qiymətləndirilməsində ağır çəkili bir münsif kimi tətbiq də edir. Və kinoya zərər vurur! Elə buna görə, bu düşüncəyə görə, bu düşüncənin ixtiyar sahibi olmasına görə illərdir normal bir film çəkə bilmirik.
Baboşun canlısına baxanlar...
Bəli, bu da bizim Baboş. Yəqin çoxunuz deyəcəksiniz ki, bu mövzu verilişin və mənim çxışışlarımın formatına uyğun deyil, amma məncə uyğundur. Niyə? Mirzə Cəlil necə deyirdi: sözünü o kəslərə de ki, sənə qulaq vermək istəmirlər. Bizim tamaşaçıların əksəriyyəti mənim danışdıqlarımı məndən də yaxşı bilirlər, biz məhz bizi dinləməyən, anlamayan insnalara üzümüzü tutmalıyıq. O admlara ki, indi Baboşa baxırlar. Təsadüfən qarşıma çıxdı. Tik-tokda canlı yayım açıb ət doğrayır, arada özü üçün danışır və on mindən artıq tamaşaçı ekrana kilidlənib ona baxır. İyirmi dəqiqə sonra bir də yoxladım, düşündüm, insanlar saatlarla buna necə baxırlar? Dedim, yəqin sayı azalar, əksinə, artmışdı. Bəlkə, ilk baxışdan qeyd etdiyim fakt sizə qəribə gəlməz, amma balaca bir statistika ilə faciənin miqyasını göstərə bilərəm. Təsəvvür edin, Azərbaycanda bir siyasi partiya yaratmaq üçün 5 min imza toplamaq yetərlidir. Ölkənin ən güclü yazıçılarının kitabı uzağı 500 tirajla çıxır. On min tiraj bizim istənilən bir yazıçı üçün fantastik rəqəmdir. Deyə bilərsiniz ki, başqa ölkələrdə də tiktokerlərə maraq var. Bəli, var, ancaq orda kitabın tirajı da var. Teatrlarda anşlaq olur. Ciddi və intellektual verilişlərə də on minlərlə adam baxır. Mən müxtəlif internet resurslarındakı səhifələrə baxdım, bu sayaq fenomenlərin milyonlarla izləyici var. Üstəlik belələri bir deyil, beş deyil. Biz isə bu insanlarla normal cəmiyyət qurmaq, səviyyəli ədəbi-mədəni mühit yaratmaq istəyirik. Məncə, bu faciəvi vəziyyətin səbəbləri haqda ciddi, həm də çox ciddi düşünmək lazımdır.