Bu tarixdə Ay yerə çox yaxınlaşacaq
İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq.
Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd olunub ki, bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə – perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur.
Ay iyunun 15-i Bakı vaxtı ilə saat 03:19-da perigey nöqtəsindən keçəcək, bu zaman onun Yerə qədər məsafəsi 357 195 km olacaq. Cəmi bir neçə saat sonra, saat 06:56-da Ay Təzə Ay fazasına daxil olacaq. Perigey ilə Təzə Ay arasındakı zaman fərqi təxminən 3 saat 37 dəqiqə təşkil etdiyindən, bu hadisə astronomiyada Super Təzə Ay adlandırılır.
Qeyd edək ki, indiyədək qeydə alınan ən yaxın Super Təzə Ay hadisələrindən biri 22 yanvar 2023-cü ildə baş verib. Bu zaman Ay Yerə təxminən 356 568 km məsafəyə qədər yaxınlaşıb.