azia.az
azia.az

Dizel yanacağının bahalaşmasına görə fermerlərə verilən subsidiyalar artırıldı

13-03-2021, 13:35

Sərnişindaşıma şirkətlərinə kompensasiya mexanizmi isə hələ işə salınmayıb
Azərbaycanda dizel yanacağının bahalaşmasının kənd təsərrüfatı istehsalçılarına mənfi təsirini aradan qaldırmaq üçün real addım atılıb. Kənd Təsərrüfatı Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, qurumda fəaliyyət göstərən Aqrar Subsidiya Şurası tərəfindən aqrar istehsalçılara dövlətin ayırdığı subsidiya məbləğləri artırılıb.
Dizel yanacağının bahalaşmasına görə fermerlərə verilən subsidiyalar artırıldı
Belə ki, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib: “Şuranın qərarında yeni əkin əmsalları öz əksini tapıb. Əkin əmsallarının artırılması Tarif (qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyır. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur”.

Hazırda fermerlərə bitkiçilik sahəsində subsidiya ödənişləri davam edir. Fermerlərə ilkin mərhələdə ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə subsidiyalar ödənilir, yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi isə cari il ərzində həyata keçiriləcək.

Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd formada, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər. Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək.

Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyasının məbləği buğda üzrə hər hektara görə 20-40 manat, çəltik, qarğıdalı, sorqo, qarabaşaq, yer fındığı, zəfəran, günəbaxan, tütün, pambıq, kartof üçün 40 manat, soya, darı, digər dənli və dənli paxlalılar (arpa, covdar, vələmir, noxud, mərci və s.), tərəvəz, yonca, bostan bitkiləri üçün 20 manat, şəkər çuğunduru üçün 50 manat, digər bitkilər üçün 30 manat artırılıb.

Meyvələrə gəlincə, üzüm, çaya görə əkin subsidiyası 10-40 manat, intensiv bağlara görə 10-30, digər meyvə bağlarına görə 10, giləmeyvələrə görə 30, təkrar əkinlərə görə isə 26 manat əlavə subsidiya ödəniləcək.

Dizel ilə bağlı əkin subsidiyası əmsalları artırılıb

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi 182650 nəfər fermerə 2020-ci ilin payız əkininə görə subsidiya ödənişi edib.

Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) məlumatına görə, ümumilikdə 335 min nəfərdən artıq fermer payız əkini etdiyi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan yerləşdirib. Fermerlərin əkin bəyanları yoxlandıqca, mərhələli şəkildə subsidiya ödənişlərinin qalan hissəsi də köçürülür.

2021-ci il üçün Subsidiya Şurasının təsdiqlədiyi subsidiya əmsallarındakı yeniliklər ödənilən subsidiyalarda öz əksini tapıb.

2020-ci ilin sonuna qeydiyyatdan keçmiş 477,1 min nəfər fermer torpaq sahəsinə dair məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edib. Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatına əsasən bunlardan 451,5 min nəfər əkinlərin bəyan ediblər.

EKTİS-də hazırda 579 min toxum təchizatıçısı, 454 gübrə təchizatçısı, 11 tütün tədarükçüsü, 7 pambıq tədarükçüsü, 1 şəkər çuğunduru tədarükçüsü və 1 barama tədarükçüsü qeydiyyatdan keçərək fəaliyyət göstərir.

Onu da bildirək ki, aqrar sektordan sonra dizel yanacağının ən çox istifadə olunduğu sahə ictimai nəqliyyatdır. Tarif Şurasının dizelin qiymətinin artırılmasına dair qərarında 1 ay müddətində sərnişindaşıma ilə məşğul olan şirkətlər üçün kompensasiya ödənilməsi üçün mexanizmin hazırlanacağı bildirilmişdi. Fevral ayında Şuradan “Yeni Müsavat”a verilən məlumatda qeyd olunurdu ki, dizel yanacağının qiymətində dəyişikliyin sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin neytrallaşdırılması məqsədilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiyanın verilməsi mexanizminə dair təkliflər hazırda aidiyyəti qurumlarla müzakirədədir. Təkliflər və rəylər nəzərə alınmaqla aidiyyəti üzrə təqdim olunacaqdır.

Qiymət artımından 2 ay, Şuranın təkliflərin müzakirədə olduğuna dair açıqlamasından isə 1 ay keçir, hələlik bu istiqamətdə real addım atılmayıb.

DÜNYA,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi