azia.az
azia.az

Putin və Ərdoğan "Akkuyu" AES-in üçüncü blokunun tikintisinə start verdilər

10-03-2021, 22:36


Çərşənbə günü Türkiyənin cənubunda yerləşən Mersin əyalətində "Akkuyu" AES-in üçüncü enerji blokunun təməlqoyma mərasimi keçirilib.
Putin və Ərdoğan "Akkuyu" AES-in üçüncü blokunun tikintisinə start verdilər
Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin mərasimdə video-konfrans rejimində iştirak ediblər.

Türkiyənin Enerji Nazirliyinin rəhbəri Fatih Donmez "Akkuyu" AES layihəsini ölkənin tarixində ən iri enerji layihələrindən biri adlandırıb.

""Akkuyu" AES Türkiyənin enerji təhlükəsizliyinə töhfə verəcək", - deyə türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, AES-in fəaliyyəti 60 ilə hesablanıb ki, bu da ətraf mühitə vurulan zərəri azaltmağa imkan verəcək və Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini əhatə edəcək.

“AES tam gücü ilə istismara veriləndən sonra 4 min nəfər işlə təmin olunacaq”, - deyə Donmez qeyd edib.

Türkiyənin Mersin əyalətindəki "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisi və istismarı haqda Türkiyə ilə Rusiya arasında hökumətlərarası saziş 2010-cu ildə imzalanıb.

İlk Türk AES-in layihəsi 3+ nəsil ümumi gücü 4800 meqavat olan VVER-1200 reaktorlu dörd enerji blokunu əhatə edir.

Mersin əyalətinin Gülnar rayonunda yerləşən "Akkuyu" AES - in ilk enerji blokunun təməli 3 aprel 2018-ci ildə, ikinci enerji blokununku isə 2020-ci ilin aprelində qoyulub.

"Akkuyu" AES-in üçüncü enerji blokunun tikintisi üçün lisenziya ötən ilin noyabrında verilib.

Bu, qlobal nüvə sənayesində öz-özünə işləyən ilk layihədir.

Nüvə elektrik stansiyasının ilk enerji blokunun Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ilində - 2023-cü ilə qədər istifadəyə verilməsi planlaşdırılır. Qalan üç enerji blokunun, bir illik fasilələrlə, 2026-cı ilədək istismara verilməsi planlaşdırılır.

Dördüncü enerji blokunun inşası üçün lisenziya müraciəti ötən ilin may ayında verilib. Lisenziyanın cari il ərzində veriləcəyi gözlənilir.

Dörd enerji blokunun istismara verilməsi ilə bu müəssisədə təxminən 15 min nəfər işlə təmin olunacaq.

“Akkuyu” AES ətraf mühitə zərərli istixana qazları atmadan, sıfır emissiya ilə davamlı elektrik enerjisi istehsal edə biləcək. Müəssisənin xidmət müddəti 60 ildir, daha 20 il uzadılması mümkündür.

İldə təxminən 35 milyard kWh elektrik enerjisi istehsal edəcək stansiyanın, Türkiyənin daxili elektrik enerjisinə olan tələbatının yüzdə 10-unu təmin edəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi