“Şimal-2" elektrik stansiyasının Bakı üçün strateji əhəmiyyəti
Deputat: “Azərbaycanın elektrik enerjisinə olan tələbatı bir daha möhkəmləndi, ölkəmizin elektrik enerjisi ixracatçısı kimi gücü artdı”
Sentyabrın 5-də Bakıda “Şimal-2" elektrik stansiyası istismara verilib. Azərbaycan Prezidenti İlham Əliyev stansiyanın istismara verilməsi mərasimində iştirak edib.
1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə mərhum prezident Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1" Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq ”Şimal-1" stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2" Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq ”Şimal-2" Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Ümumi qoyuluş gücü 800 MVt olan “Şimal-1" və ”Şimal-2" elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə Binası inşa edilib.
AzərTAC xəbər verir ki, binada elektrik stansiyasının tarixini əks etdirən eksponatların sərgiləndiyi muzey də fəaliyyət göstərir. Burada iclas və konfrans zalları da yaradılıb. Yeni istifadəyə verilən idarəetmə binasında vahid dispetçer idarəetmə mərkəzi və stansiyanın mikro SCADA sistemi yaradılıb. Stansiyanın enerjisisteminin ümumi idarəetmə sisteminə inteqrasiyası üçün serverlər quraşdırılıb və optik kabel xətti çəkilib. Yeni binada stansiyaya aid olan bütün kommunikasiya əlaqələrinin vahid sxemə uyğun birləşdirilməsi təmin edilib. “Şimal-1" və ”Şimal-2" elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.
Stansiyada Yaponiyanın “Mitsubishi” şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb. Enerji blokunda istehsal olunan elektrik enerjisi 480 MVA gücündə olan blok transformatordan qapalı tipli yarımstansiya vasitəsilə elektrik veriliş xətlərinə ötürülür. Müxtəlif gərginlik sinfinə malik olan paylayıcı qurğular arasında əlaqəni təmin etmək üçün 2 avtotransformator quraşdırılıb. Burada istehsal olunan elektrik enerjisinin ötürülməsi məqsədilə Abşeron regionunda 220 kV-luq dairəvi sxem qurulub, “Şimal” Elektrik Stansiyasının “Sumqayıt ES” və “Abşeron YS” ilə əlaqələndirilməsi üçün 65 kilometr uzunluğunda 220 kV-luq dörd hava elektrik verilişi xətti istismara verilib. Qəza rejimlərində stansiyanın vacib sistemlərinin elektrik enerjisi ilə qidalandırılması üçün qəza dizel generatoru quraşdırılaraq xüsusi sərfiyyat sxeminə qoşulub və avtomatik ehtiyatdan qoşulması təmin edilib.
Hazırda ən yüksək faydalı iş əmsalına malik olan “Şimal-1" və ”Şimal-2" elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək. “Şimal” Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, “Şimal” Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 milyard kVts elektrik enerji istehsal edəcək və hər bir kVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.
Bəs, “Şimal-2" elektrik stansiyasının istismara verilməsi Bakı və ölkə üçün hansı strateji əhəmiyyəti daşıyır?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Şimal-2" elektrik stansiyasının istismara verilməsi böyük strateji əhəmiyyət daşıyır: ”Cənab prezident də stansiyasının istismara verilməsi mərasimində bildirdi ki, Azərbaycanda elektrik enerjisinə olan tələbat artır və əlbəttə ki, istehsal gücləri bu tələbata uyğun olmalıdır. Ona görə bu stansiyanın çox böyük əhəmiyyəti var.
Bilirsiniz ki, bir zamanlar Azərbaycanda elektrik enerjisi ilə əlaqədar ciddi problemlərlə üzləşirdik. Elektrik enerjisinin müəyyən hissəsini Rusiyadan alırdıq. Amma İlham Əliyev prezident seçiləndən sonra faktiki olaraq işıq problemi aradan qaldırıldı və artıq Azərbaycan xaricə elektrik enerjisi ixrac etməyə başladı. Bunun əsas səbəbi elektrik stansiyalarının qurulması istiqamətində aparılan işlərdir. “Şimal-2" elektrik stansiyasının yenidən qurulması və istismara verilməsi əlavə elektrik enerjisinin istifadə olunması deməkdir. Bu böyük bir layihədir və strateji əhəmiyyəti var. Keçən ilin yayında Mingəçevir Elektrik Stansiyasında çox böyük hadisə baş verdi və respublika faktiki olaraq işıqsız qaldı. Bundan sonra elektrik enerjisi sahəsində ciddi əməliyyatlar həyata keçirilməyə başladı və Şimal DRES-i faktiki olaraq yenidən quruldu. Bu da Azərbaycanın elektrik enerjisinə olan tələbatını bir daha möhkəmləndirdi. Eyni zamanda ölkəmizin elektrik enerjisi ixracatçısı kimi gücünü bir daha artırmış olacaq”.
Etibar SEYİDAĞA,