azia.az
azia.az

Messinin oduna yanan “Qarabağ”...

16-08-2018, 09:50


Ola bilsin ki, Avropa Liqasının qrupunu qaranti etmiş BATE ilə yollarımız yenidən kəsişsin...
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE - “Qarabağ” oyunu istədiyimiz kimi başlamışdı, təəssüf ki, arzuladığımız kimi bitmədi. Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi.

“Qarabağ”ın bir neçə oyunçusuna göstərdikləri fədakarlığa görə təşəkkür etmək lazımdır. Sağ olsunlar, kişi kimi oynadılar. “Qarabağ” ÇL təsnifat mərhələsində ən yaxşı oyununu keçirdi, əvvəlki əzmkar klubu meydanda gördük. “Qarabağ” mərhələ adlaya bilərdi, amma ayrı-ayrı oyunçuların səhvi və epizodlarda bir az da bəxtimizin gətirməməsi ÇL pley-off istəyimizi reallaşdırmadı. Amma əsas odur ki, Qurban Qurbanov klub “özünə qaytarır”... Qayıtmaqdan söz düşmüşkən, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçirilən cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. “Qarabağ”ın səfərdə BATE ilə heç-heçə etməsi ölkəmizin hesabına 0.125 xal gətirib.

Azərbaycan 18.250 xalla 1 pillə irəliləyərək İsraili qabaqlayıb və 24-cü pilləyə yüksəlib.

***

Oyunun ilk dəqiqələrdə Mahir Mədətovun ötürməsini bütün qarşılaşma boyu kölgədə qalan, iki sarı vərəqə ilə klubu pis vəziyyətə salan Emeqara qola çevirsəydi, oyunun axarı tam başqa istiqamətə gedə bilərdi.

Emeqara haqda ötən yazılarımda qeyd etmişdim ki, bu futbolçu Allah eləsin, həm qol vursun, həm topu rəqibdən onun ayağını qırmadan alsın. Yəni adam kobud futbol oynayır. Belə mühüm oyunda hücumda oynayan futbolçu iki sarı vərəqəmi alar? Emeqara BATE ilə oyunda elə ilk sarı vərəqə alanda meydandan çıxarılmalı idi. 76-cı dəqiqədə meydanın mərkəzində rəqib oyunçunu yıxmağa axı nə lüzum vardı ki? Özü də sarı vərəqən olduğunu bilə-bilə. Hakim bağışlamaq istədi, amma BATE futbolçularını basqısı altında ədalətli qərar verdi. Emeqaranın yoxluğu yenə bilinmədi, amma klub həlledici 15 dəqiqədə azlıqda qaldı.

BATE-nin futbolçusu Yeqor Filipenkonun oyundan sonra verdiyi açıqlamada həmin epizod barədə dediklərini yada salaq: “”Qarabağ"ın azlıqda qalması bizə çox kömək etdi. Bəli, razıyam ki, İnnosent Emeqaranın qovulmasında bizim baş hakimdən tələbimizin də rolu oldu. Digər tərəfdən, hər şey ədalətlidir. Oyunçu sərt oynadı və ona ikinci sarı vərəqə verildi". Düz sözə nə deyəsən?

***

Karabakh BATE ile ilgili görsel sonucu

Qapıçı Hannes Halldorsson da yenə məyus etməkdə davam edir. Dünya çempionatında Messinin özünə arxayın bir tərzdə vurduğu 11 metrliyi qaytaran İslandiya millisinin qapıçısı bizi əcəb işə salıb. BATE Messinin intiqamını “Qarabağ”dan aldı.

Açıq deyirəm ki, bu qapıçını ilk dəfədən gözüm tutmayıb, BATE ilə Bakıdakı qarşılaşmada da həm də onun ləng reaksiyası ucbatından qapımızda top gördük. Müdafiə xəttinin səhvini heç kim inkar etmir, amma qoltuqaltından top buraxmaq... Şehiçlə də üzümüzü çox gülmürdü, amma bu Hallderson...Deyirlər, klubda yenidir, nə bilim daha nələr...19-cu dəqiqədə qapımıza vurulan topda Bədavi Hüseynovun məsuliyyəti nə qədərdirsə, qapıçı da o qədər günahkardır. Qapıçımız oyun ərzində də bir neçə dəfə ciddi səhvlər etdi. Allah bundan sonrasından saxlasın, bu qapıçı top saxlayana heç oxşamır... “Qarabağ”ın hər iki görüşdə buraxdığı qolun müdafiə xəttinin səhvi olduğuna dair sualı Qurban Qurbanov belə cavablandırıb: “Adətən qollar səhvlərdən sonra vurulur. Heyətimizin yeniləndiyini və futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq”. Klub rəhbəri komandanın oyunundan razı qaldığını da deyib.

***

Qara , Slavçev, Miçel və Gerye doğurdan da əjdaha kimi oynadılar. Bütün güclərini sərf etdilər ki, klub qələbə əldə etsin. Geryeni xüsusilə fərqləndirmək lazımdır, hər bir xətdə kluba köməyə çatırdı. Slavçevin də böyük zəhməti oldu, onun güclü zərbələri rəqib qapısını təzyiqdə saxladı. Mahir Mədətovun istəyi var, amma BATE ilə oyunu alınmadı. Qapıçı ilə az qala təkbətək epizodda işlək olmayan sol ayağı ilə zərbə vurmaq istədi, amma çifayda.

***

BATE gözlənildiyi kimi, tam müdafiə futbolu oynamadı, açıq oyuna üstünlük verdilər və bu da qarşılaşmanı maraqlı etdi. “BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər” deyə, Q.Qurbanov oyundan sonra bildirib.

“Gözlədiyimiz kimi, çətin oyun alındı. Yaxşı ki, ilk qolu vuraraq, kiçik üstünlük əldə etdik”. Bunları söyləyən BATE-nin baş məşqçisi Aleksey Baqa “Qarabağ”ın final fitinədək təslim olmadığını da qeyd edib.

Belarus klubunun ÇL qrupuna düşəcəyinə şəxsən mən inanmıram. Məncə, bu klubla işimiz bitmədi. Ola bilsin ki, Avropa Liqasının qrupunu qaranti etmiş BATE ilə yollarımız yenidən kəsişsin. Bu dəfə Avropa Liqasında...

Yada salaq ki, “Qarabağ” yolunu Avropa Liqasının “pley-off” mərhələsində davam etdirəcək. Klub “pley-off”da “Şerif” (Moldova) - “Valür” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

***

“Qarabağ”ın 2018/2019 mövsümündə avrokuboklarda iştiraka görə əldə edəcəyi mükafatın məbləği müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ÇL I, II və III təsnifat mərhələsinin iştirakçısı olan Ağdam təmsilçisinə müvafiq olaraq, 280, 380 və 480 min avro ödəniləcək. III raundda iki oyunun nəticəsinə əsasən (0:1, 1:1), Belarusun BATE komandasına uduzan “Qarabağ” Avropa Liqasının pley-off mərhələsindəki iştiraka görə daha 300 min avro qazanacaq. Bu isə ümumilikdə 1 milyon 440 min avro deməkdi. “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanarsa, 2 milyon 620 min avro əldə edəcək.

Qrup mərhələsində hər qələbəyə 570 min avro, heç-heçəyə 190 min avro veriləcək.

Nazim SABİROĞLU,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi