David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi
İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.
İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizadə məhkəmə iclasında iştirak etməyəcəyini əvvəlcədən məhkəməyə teleqram vasitəsilə bildirib.
Vəkilin sözlərinə görə, Qənizadə sentyabrın 18-də - məhkəmə bildirişinin imzalandığı gün - göndərdiyi teleqramda beş gün sonra keçirilməsi nəzərdə tutulan iclasda iştirak etməyəcəyini qeyd edib. Bununla əlaqədar məhkəmə onun iştirakının təmin edilməsi məqsədilə iclası sentyabrın 28-nə təxirə salıb.
Sahil Allahverdiyev qeyd edib ki, müvəkkilinə qarşı aparıldığını iddia etdikləri qarayaxma kampaniyasına millət vəkili Anatoli Rafailovun adının da məqsədli şəkildə cəlb edilməsi ilə bağlı hesab etdikləri sübutları məhkəmənin diqqətinə çatdırıb.
"İttihamımız konkret açıqlamalara və sübutlara əsaslanır. Məhkəmə baxışı zamanı həmin materialların araşdırılmasını və mübahisələndirdiyimiz əməllərə hüquqi qiymət verilməsini istəyirik", - deyə vəkil bildirib.
Qeyd edək ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə növbəti məhkəmə iclasının sentyabrın 28-də keçirilməsi nəzərdə tutulur.