Azərbaycanlı biznesmenin şirkəti uğrunda 20 milyard dollarlıq MÜBARİZƏ
Amerikalı milyarder və maliyyəçi Tod Boeli Rusiyanın neft şirkəti LUKOIL-un xaricdəki aktivlərini almaq üçün yeni konsorsium formalaşdırıb.
Xəbər verilir ki, bu barədə Financial Times məlumat yayıb.
Nəşrin məlumatına görə, Boeli LUKOIL-un beynəlxalq aktivlərinin alınması üçün ABŞ hökumətinin dəstəyi ilə yanaşı, Körfəz ölkələrindən olan nüfuzlu investorları da konsorsiuma cəlb edib. Konsorsiumun tərkibinə ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC), Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın qardaşı, şeyx Tahnun bin Zayed Al Nəhyan və Qətərin “Al-Khayyat” milyarder ailəsi daxildir. Məlumata görə, DFC yeni şirkətdə təxminən 15 faizlik pay əldə edə bilər.
Boeli-nin konsorsiumu LUKOIL-un beynəlxalq biznesinin alınması ilə bağlı daha əvvəl razılaşma əldə etmiş ABŞ-ın Carlyle investisiya şirkəti ilə rəqabət aparır. LUKOIL 2026-cı ilin yanvarında Carlyle ilə beynəlxalq aktivlərinin satışına dair razılaşma imzalayıb. Şirkətin rəsmi açıqlamasına əsasən, sövdələşmə LUKOIL International GmbH-yə daxil olan beynəlxalq aktivləri əhatə edir, Qazaxıstandakı aktivlər isə razılaşmadan kənarda saxlanılıb. Əməliyyatın başa çatması üçün ABŞ-ın müvafiq qurumlarının razılığı tələb olunur.
Vahid Ələkbərovun rəhbərlik etdiyi LUKOIL-un xarici aktivlərinin ümumi dəyəri təxminən 20 milyard dollar qiymətləndirilir. Portfelə Mərkəzi Asiyadan Meksikaya qədər müxtəlif regionlardakı neft-qaz yataqları, minlərlə yanacaqdoldurma məntəqəsi, eləcə də Avropadakı iri neft emalı zavodları daxildir. Financial Times-in məlumatına görə, aktivlər paketində 3 milyard barreldən çox təsdiqlənmiş və ehtimal olunan neft ehtiyatı var. Bolqarıstan və Rumıniyadakı iri neft emalı zavodları da bu portfelə daxildir.
Hazırda Carlyle ilə əvvəlki razılaşmanın yekunlaşdırılması ABŞ hakimiyyətinin təsdiqindən asılıdır. FT yazır ki, proses artıq uzun müddətdir Vaşinqtonda müxtəlif dövlət qurumları arasında razılaşdırılır. Eyni zamanda, Boehly konsorsiumunun təklifinin danışıqlarda irəliləmiş mərhələdə olduğu bildirilir. Lakin LUKOIL ilə yekun razılaşmanın hələ əldə edilmədiyi vurğulanır.
Beləliklə, Vahid Ələkbərovun rəhbərlik etdiyi LUKOIL-un beynəlxalq aktivləri uğrunda iki böyük ABŞ investor qrupu arasında rəqabət yaranıb. Digər tərəfdən, ABŞ hökumətinin həm prosesdə iştirak edən tərəflərdən birinə dəstək verməsi, həm də sövdələşmənin yekun təsdiqi ilə bağlı qərar qəbul etməsi məsələnin diqqət çəkən tərəflərindən biri kimi qiymətləndirilir.