“Atletiko”- “Qarabağ” qarşılaşması: bu gün Simonenin taleyi həll olunur
“Atletiko” Bakıdan üç xal apara bilməsə də, iki əsas oyunçunu sıradan çıxarmaqla indidən “2 xal”ı aktivinə yazmış hesab oluna bilər...
Bu gün Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” İspaniyada “Atletiko”nun qonağı olacaq. “Atletiko” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:45-də “Metropolitano” stadionunda start götürəcək.
Çoxları belə düşünür ki, “Qarabağ” ondan olan gözləntiləri yerinə yetirib. “Çelsi” və “Roma” kimi superklubların da yer aldığı qrupda mümkün olanı edib. Həm 1 top vurub, həm 1 xal qazanıb. Bu qiymətləndirmə ilə razılaşmaq olar, çünki Çempionlar Liqasında “Qarabağ”dan da təcrübəli elə klublar var ki, hələ də xal qazana bilməyiblər. Qurban Qurbanov da reallığı yaxşı başa düşür və ola bilsin ki, “Qarabağ” yalnız sonuncu turda “Çelsi” ilə Bakıdakı oyunda yaxşı nəticəyə ümid etsin. Çünki “Atletiko” ilə qarşılaşmadan sonra “Qarabağ” Romaya gedəcək ki, bu oyun da olduqca çətin olacaq. Hələlik isə “Atletiko” ilə oyun barədə düşünmək lazımdır...
“Atletiko” Bakıya gəlməzdən öncə “Barselona”nı öz doğma meydanında məğlub edə bilməmiş, hərəyə bir top vuraraq sülhlə ayrılmışdılar. “Qarabağ”la oyuna da “Atletiko” eyni motivasiya ilə çıxır. “Atletiko” bu dəfə “Vilyareal”ın müqavimətini qıra bilməyib.(1:1). “Atletiko” “Barselona”nun intiqamını almaq üçün Bakıya dişini qıcayaraq gəlmişdi və mütləq 3 xal aparmağa ümidli idilər. Bu isə “Qarabağ”ın işinə yaradı. “Qarabağ” Bakıda son ayların ən yaxşı oyununu göstərdi, buna söz yox. Amma “Atletiko” da çox zəif oynadı ki, bunu, doğrusu, gözləmirdik. “Atletiko” bir il bundan əvvəlki kluba heç oxşamır. Top itkisi çoxdur, sürətli oyun yoxdur. Hazırda 20 xalla turnir cədvəlində 4-cü yerini qoruyan “Atletiko”nun bu oyunla LaLiqada çempionluğa iddia etməsi çətin görünür. Elə Bakıda itirdiyi 2 xaldan sonra Çempionlar Liqasının nəinki finalında, heç növbəti mərhələyə adlaya biləcəyi şübhəli görünür. İspaniya kubokunda 1/16 final mərhələsinin ilk oyununda “Atletiko” səfərdə aşağı liqada oynayan “Elçe” ilə qarşılaşmada xal itirib. Oyun 1:1 hesablı bərabərliklə başa çatdı. “Atletiko”da bizim bilmədiyimiz bir krizis olduğu aydındır. Bunu adlaya bilməsələr, xüsusən Dieqo Simonenin işi çox çətin olacaq. Dördüncü turda qruplarda artıq hər şey 90 faiz yəqinləşə bilər, o səbəbdən bu gün “Atletiko”nun qarşısında Bakıdakı kimi oyun sərgiləmək çətin olacaq. “Atletiko” bu gün “Qarabağ”a uduzarsa və ya Ağdam klubu növbəti dəfə madridlilərdən xal qopararsa, Simonenin azarkeşlərə nə deyəcəyi maraq doğurur. Hətta istefaya göndərilə də bilər... Ümumiyyətlə, məndə belə bir hiss var ki, argentinalı baş məşqçi klubdakı missiyasını sanki başa vurmuş kimi görünür və getmək istəyir. Yeri gəlmişkən, gələn turda “Atletiko” “Deportivo” ilə qarşılaşacaq. Bu klubu baş məşqçisi Pepe Mellə ötən həftə istefaya göndərilib. “Deportivo” bu mövsüm 9 oyuna 8 xal yığıb və 16-cı pillədə qərarlaşıb. Futbolun biznes olduğu ölkələrdə belə məşqçini titulundan asılı olmayaraq əzizləmirlər. Topun da, müqaviləsini də qoltuğuna verib yola salırlar...
İspaniya klubunun argentinalı yarımmüdafiəçisi Anxel Korrea “Qarabağ”la keçirəcəkləri görüşün əhəmiyyətindən danışarkən qarşılaşmanın finala bərabər olduğunu deyib. “Çalışmağa davam etməliyik. Çünki oktyabrın 31-də evdə daha bir finala bərabər oyunumuz var. Qol epizodları zamanı sakit olmalıyıq. Qələbə qazanacağımıza ümid edirəm”. Əlbəttə ki, final dedikdə “Qarabağ”ın gücündən çox, özlərinin ağır durumu nəzərdə tutulur.
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl isə qarşılaşmanı tarixi oyun kimi qiymətləndirib. “Təbii ki, nəticə də bizim üçün çox önəmlidir. Madridə oynamağa, əlimizdən gələni etməyə gedirik. İnşallah, xalla dönmək istəyirik. Arzumuz budu. Bakıda ilk dəqiqələrdən göstərdiyimiz oyunu orda təkrarlaya bilsək, xalla dönmək mümkündür” deyə, o bildirib.
“Qarabağ”ın bugünkü oyunda işini çətinləşdirən iki mühüm səbəb var. Məlumdur ki, Bakıdakı görüşdə klubun Cənubi Afrikadan olan hücumçusu Dino Ndlovu qırmızı kart alaraq cəzalı duruma düşüb. Dino Ndlovu bekar qalmayacaq, çünki CAR milisi noyabrın 14-da öz meydanında Seneqalla mühüm oyuna çıxacaq ki, qarşılaşmaya Dino da dəvət alıb.
“Atletiko” ilə oyunun sonlarına yaxın zədələnən “Qarabağ”ın əsas müdafiəçilərindən olan Bədavi Hüseynovun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı məlum olub. Müdafiəçinin diz çarpaz bağları qopub. Almaniyada artıq əməliyyat olunan B.Hüseynovun 7-8 ay meydana çıxa bilməyəcəyi məlum olub.
“Atletiko” Bakıdan üç xal apara bilməsə də, iki əsas oyunçunu sıradan çıxarmaqla indidən “2 xal”ı aktivinə yazmış hesab oluna bilər. Çünki həm hücumda, həm müdafiədə hər iki oyunçunu əvəz edə biləcək ehtiyat oyunçu yoxdur. Yəqin bu gün baş məşqçi Qurban Qurbanov vəziyyəti düzəltmək üçün nəsə düşünəcək, amma inanmıram ki, onların yerini tuta biləcək əvəzedici olsun.
Sonda qeyd edək ki, matçı almaniyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Deniz Aytekin olacaq. Türkəsilli referiyə yan xətt hakimləri Quide Kleve və Markus Heker kömək edəcəklər. Allah da “Qarabağ”a kömək olsun..