Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Yeni tədris ilindən etibarən "tamştatlı müəllim" modeli tətbiq olunur. Bu modelin tətbiq edilməsi həm də repetitorluğun aradan qaldırılması istiqamətində nəzərdə tutulub.
Bu məqamda sual yaranır ki, yeni model repetitorluğu qismən də olsa azalda biləcəkmi? Ümumiyyətlə, "tamştatlı müəllim" modelinin hansı üstünlükləri var?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "İlin gənc müəllimi" Xəzri Muradov modelə kor-koranə yanaşmanın doğru olmadığını bildirirb:
"Mən hesab edirəm ki, tamştatlı müəllim modelinə keçid təkcə müəllimi məktəbdə daha çox saat saxlamaq kimi başa düşülməməlidir. Əgər müəllimdən məktəbə tam bağlılıq tələb ediriksə, bundan ötrü ona real imkanlar yaratmalıyıq.
Tamştatlı müəllim modelinin əsas üstünlüyü ondan ibarət ola bilər ki, müəllim öz enerji və vaxtını yalnız dərslə məhdudlaşdırmadan şagirdin inkişafına yönəltsin. Şagirdlə əlavə məşğələlər keçirsin, zəif tərəfləri üzərində işləsin, olimpiadalara, imtahanlara hazırlıq aparsın, valideynlərlə işləsin. Yəni müəllim məktəbdə sadəcə dərs deyən yox, məktəbin bütün təhsil prosesinin bir hissəsinə çevrilən şəxs olsun.
Amma bunun üçün modelə kor-koranə yanaşmaq olmaz. Müəllimi 8 saat məktəbdə saxlamaq özü-özlüyündə təhsilin keyfiyyətini artırmır. Müəllim məktəbdə fiziki olaraq 8 saat otura bilər, amma onun motivasiyası, maddi vəziyyəti və işə münasibəti nəzərə alınmırsa, bundan gözlənilən nəticəni almaq çətin olacaq.
Repetitorluq məsələsinə də bu prizmadan baxmaq lazımdır. Mən repetitorluğun tamamilə aradan qaldırılmasına qarşı deyiləm. Əksinə, əgər məktəb müəllimə lazımı əməkhaqqı və iş şəraiti yaratsa bu, repetitorluğun azalmasına ciddi təsir edə bilər"
Amma bütün məsuliyyəti müəllimin üzərinə qoymaq da doğru deyil:
"Müəllim qazancının böyük hissəsini kreditə verirsə, ailəsini dolandırmaq üçün əlavə gəlirə ehtiyac duyursa, onun qarşısına “sən artıq tamştatlısan, başqa yerdə məşğul ola bilməzsən” tələbi qoymaq nə dərəcədə ədalətlidir?
Mənim üçün əsas məsələ budur: müəllimin əlindən bütün alternativləri alıb, sonra “belə dolan” demək olmaz. Əvvəlcə müəllimin normal yaşayışını təmin edən əməkhaqqı formalaşdırılmalı, sonra ondan tam bağlılıq tələb olunmalıdır.
Müəllim cəmiyyətin ən üstün təbəqələrindən biri olmalıdır. Çünki gələcəyin həkimini də, mühəndisini də, hüquqşünasını da, alimini də yetişdirən məhz müəllimdir. Əgər müəllim özü ehtiyac içində yaşayırsa, onun iş rejimini dəyişməklə problemin kökündən həll olunacağını düşünmək düzgün deyil.
Ona görə mən tamştatlı müəllim modelini prinsip etibarilə müsbət addım hesab edirəm, amma şərtlə ki, bu model müəllim üçün yalnız yeni öhdəliklər yox, yeni imkanlar da yaratsın. Müəllim məktəbə bağlanmalıdır, amma bunun yolu qadağalardan yox, layiqli əməkhaqqı, normal iş şəraiti və müəllimin əməyinə verilən dəyərdən keçir.
Repetitorluğu azaltmağın ən sağlam yolu onlarla mübarizə aparmaq deyil, məktəbdə elə bir sistem qurmaqdır ki, şagird əlavə hazırlığa ehtiyac hiss edib, əlavə qazanc axtarmağa məcbur qalmasın.
Çünki məsələni yalnız “repetitorluq bitsin” səviyyəsində qoysaq, problemin nəticəsi ilə mübarizə aparmış olarıq. Əsas səbəbləri həll etsək, nəticə onsuz da dəyişəcək".