“Neftçi”nin uğursuzluğunun məsuliyyətini öz üzərində götürdü: Bütün günah məndədir
«Neftçi»nin baş məşqçisi Yuri Vernidub avrokuboklardakı uğursuz çıxışın bütün məsuliyyətini öz üzərinə götürüb.
Klub funksionerləri ilə bir araya gələn ukraynalı çalışdırıcı Konfrans Liqasında «Dinamo»ya məğlubiyyətin əsas günahkarının özü olduğunu bildirib: «Bunun cəzasının cəkməyə hazıram».
Mütəxəssis deyib ki, ayrı-ayrı futbolçuların səhvləri ümumi nəticəyə mənfi təsir göstərsə də, o, təqsiri fərdiləşdirmək niyyətində deyil. Çünki bütün hallarda nəticəyə cavabdeh şəxs baş məşqçidir.
Vernidub əlavə edib ki, komandanın durumunu bir neçə istiqamət üzrə araşdırır. Həm psixoloji, həm də fiziki vəziyyət sarıdan mövcud çatışmazlıqları tədricən aradan qaldırmağa çalışacaq.
60 yaşlı sükançı qarşıdakı 10 gün ərzində kollektivi toparlamaq üçün əlindən gələni eləyəcəyini vurğulayıb, Premyer Liqada yeni mövsümə uğurlu başlaycaqlarına inandığını söyləyib.
Bakılılar 3 ildən sonra qatıldıqları Avropa arenasında qrup mərhələsinə qədər irəliləməyi qarşısına məqsəd qoysa da, mübarizəni elə startda dayandırıb.
Konfrans Liqasının ikinci təsnifat mərhələsində «Dinamo»ya rəqib olan «ağ-qaralar» evdə minsklilərə 2:4 hesabıyla uduzub.
Bolqarıstanda keçirilən cavab görüşündə əldə olunan 1:0 növbəti etapa keçməyə və «Braqa» (Portuqaliya) ilə düşməyə kifayət etməyib.