Azərbaycan gimnastı: "Dünya Kuboku seriyasında nəticələrimiz uğurlu oldu"
Dünya Kuboku seriyasında nəticələr Azərbaycanın akrobatika gimnastları üçün uğurlu olub.
Bunu mediaya açıqlamasında Azərbaycan gimnastı Murad Rəfiyev deyib.
O, yarışdan öncə uğur qazanacaqlarını gözlədiyini söyləyib:
“Sonuncu Dünya Kubokunda nəticələr bizim üçün uğurlu oldu. Yarışı gümüş medalla başa vurduq. Bu, cari mövsümdəki son belə yarışımız idi. Mövsüm ərzində keçirilən bütün dünya kuboklarının nəticələri ümumiləşdirildi və 96 xalla seriyanın qalibi olduq. Yarışdan öncəki hazırlıqlarımıza əsaslanaraq qızıl və ya gümüş medal qazanacağımızı və ümumi seriyanın qalibi olacağımızı gözləyirdik. Sonda elə də oldu”.
M.Rəfiyev növbəti planlar barədə məlumat verib:
“Qarşıda bizi dörd ildən bir keçirilən Dünya Oyunları gözləyir. Bu yarışa çox ciddi şəkildə hazırlaşırıq ki, ölkəmizə medalla qayıdaq”.
Qeyd edək ki, Azərbaycanın akrobatika gimnastikası üzrə kişi cütlüyü (Murad Rəfiyev - Daniel Abbasov) Beynəlxalq Gimnastika Federasiyası tərəfindən Purs, Burqas, Bakı və Jeşuvda keçirilən mərhələlərdə yüksək nəticələr göstərərək Dünya Kuboku seriyasının qalibi olub.report