azia.az
azia.az

AMEA-da mini futbol turnirinin açılışı olub

23-04-2025, 19:35


 Azərbaycan Milli Elmlər Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və AMEA-nın 80 illiyinə həsr olunmuş institutlararası  mini futbol turnirinin açılış mərasimi keçirilib.

AMEA Azad Həmkarlar ittifaqının təşkilatçılığı ilə baş tutan turnirin açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Akademiyanın elmi müəssisə və təşkilatlarının rəhbərləri, həmkarlar təşkilatlarının, Gənc Alimlər və Mütəxəssislər Şurasının, akademiyanın YAP ərazi təşkilatlarının və Mülki Müdafiə qərargahının rəhbərləri və fəalları iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildib. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasına qarşı hər zaman diqqət və qayğı ilə yanaşıb. Hələ keçmiş Sovet İttifaqı dövründə məhz Ulu Öndər Heydər Əliyevin çoxşaxəli tarixi fəaliyyəti ilə AMEA-nın maddi-texniki potensialı daha da güclənmiş, bir sıra institut və təşkilatlar yaradılmışdır. 

“Elmlər Akademiyasının ən çətin, ən həssas dönəmi müstəqilliyimizin ilk illərinə, 90-cı illərə təsadüf edir. Bütün respublikamız üçün çətin sınaq dövrü olan bu illərdə də Ulu Öndər Azərbaycan Milli Elmlər Akademiyasına qarşı həssas, qayğıkeş münasibətini əsirgəməmişdir. Bu gün fəaliyyət göstərən alimlərimizin, akademiyanın həqiqi və müxbir üzvlərinin böyük əksəriyyəti məhz Ulu Öndərin hakimiyyəti illərində elmi fəaliyyətə başlamış, respublikamızın elmi potensialının güclənməsinə öz töhfələrini vermişlər” – deyə AMEA rəhbəri vurğulayıb.

Ulu Öndərin Azərbaycan elminə, Elmlər Akademiyasına göstərdiyi qədirşünas münasibətin bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən də davam etdirildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının əsas prioritetlərindən biri respublikamızın elmi potensialının daha da güclənməsidir. Son illərdə AMEA-da dünya elminin tələblərinə və müasir dövrün çağırışlarına cavab verən islahatlar həyata keçirilir, Akademiya öz fəaliyyətini həmin tələb və çağırışlara uyğun şəkildə qurur. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamı, bu Sərəncamda akademiyanın dünəni, bugünü haqqında verilən tarixi qiymətin, akademiyanın ölkənin ali elmi təşkilatı olaraq vurğulanmasının Akademiya kollektivini qürurlandırdığını deyən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Azərbaycan Milli Elmlər Akademiyasına olan bu diqqət, qayğı və etimad həm də böyük məsuliyyətdir. AMEA kollektivi hər zaman olduğu kimi bu gün və gələcəkdə də Prezident İlham Əliyevin etimadını öz əməli işi ilə doğruldacaq və ölkə başçısının müdrik siyasətini dəstəkləyəcəkdir.  

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və AMEA-nın 80 illiyinə həsr olunmuş mini futbol turnirinin ümümakademiya miqyasında idman bayramı olduğunu diqqətə çatdıran AMEA prezidenti komandalara uğurlar arzulayıb. 

Sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxış edərək bildirib ki, AMEA-da ciddi elmi-təşkilatı işlərlə bərabər əməkdaşların sosialyönümlü fəaliyyətləri də dəstəklənir. Bu işdə AHİ-nın üzərinə düşən bütün öhdəlik və məsuliyyət əsaslı şəkildə yerinə yetirilir. Açılışı edilən və hər il ənənəvi hal alan mini futbol turniri buna əyani misallardan biridir. Sənan Həsənov AMEA və Azərbaycan Həmkarlar İttifaqları Kondefederasiyasının rəhbərliyinin bu kimi layihələrdə dəstəyinə görə AHİ və iştirakçı komandalar adından akademik İsa Həbibbəyliyə və AHİK sədri Sahib Məmmədova dərin minnətdarlığını bildirib, iştirakçı komandalara uğurlar arzulayıb.

Sonra ATİAHİ Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq elmləri doktoru Habil Qurbanov və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu komandasının üzvü, elmi işçi Orxan İsayev çıxış edərək turnirin keçirilməsi məqsədilə yaradılan şəraitə görə AMEA rəhbərliyinə minnətdarlığını bildiriblər. 

Sonda iştirakçı komandalarla xatirə şəkli çəkilib və akademik İsa Həbibbəyli turnirin açılışının rəmzi olaraq topa ilk toxunuşu edib. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi