Aktual.az "Bizim Rusiya” adlı rubrikanı davam etdirir.
Hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələcək rubrikada Rusiyada fəallığı ilə seçilən azərbaycanlılardan, daha doğrusu onların keçdiyi həyat yolundan bəhs ediləcək.
Haqqında bəhs edəcəyimiz növbəti azərbaycanlı, Rusiyanın "İntersever” şirkətlər qrupunun prezidenti, cəmiyyətdə Frenk Elkaponi kimi tanınan iş adamı Fizuli Məmmədovdur.
Məmmədov niyə Elkaponi oldu, bu onun hansı işinə yarayırdı?..
1963-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olan Fizuli Məmmədov ixtisasca hüquqşünasdır.
20 yaşında Rusiyaya köçən Fizulinin çox keçmir ki, sahibkar kimi böyük uğurlar qazanır. 1989-cu ildə "İnterserver” şirkətinin prezidenti vəzifəsinə keçir.
Dostlarının dediyinə görə, məhz onun bu şirkətə rəhbərliyi "İnterserver” şirkətinin qarşısında geniş imkanlar açır. Təsadüfi deyil ki, uğurlu idarəçilik fəaliyyəti bu şirkəti öz sahəsində öncüllərdən birinə çevirib. Onun Moskvada və Rusiyanın bir çox şəhərlərində "Frend Fondu" fəaliyyət göstərir.
Hazırda həm Rusiya, həm də İtaliya vətəndaşı olan F.Məmmədovun adını və soyadını dəyişdirməsi cəmiyyətdə heç də birmənalı qəbul olunmur. Düzdür sahibkar sonradan Frenk Elkaponi ad və soyadından imtina etsə də, uzun müddət bu ləqəblə yaşayıb. Nəinki Rusiyada, hətta Azərbaycanda da onu bu adla tanıyırlar. Özünə əcnəbi ləqəb götürməsini sırf texniki səhv kimi qiymətləndirən azərbaycanlı iş adamının birinci həyat yoldaşı italiyan əsillidir və Elkaponi soyadını daşıyıb.
Biznesdən siyasətə keçid etsə də...
Fizuli Məmmədov bir müddət aktiv siyasətlə də məşğul olub. Azərbaycanda "XXI əsr Azərbaycan" adlı partiyası fəaliyyət göstərib. Ötən əsrin 90-cı illərində bu partiyaya rəhbərlik edən Frenk partiya yetkilələrinə o dövr üçün "xam xəyal" sayılan məvacib də kəsib. Deyilənlərə görə, həmin illərdə partiyanın rayon təşkilatlarına rəhbərlik edən şəxslər 300-500 dollar arası maaş alırmışlar.
Bir ara adı "Milyarderlər İttifaqı" ilə əməkdaşlıqda hallanan F.Məmmədov qəti şəkildə bu iddiaları rədd edib. O, mətbuata açıqlamasında ümumiyyətlə siyasi fəaliyyətlə məşğul olmadığını deyib:
"Mən hazırda yalnız öz işlərimlə məşğulam. Siyasətlə maraqlanıram, amma məşğul olmuram. Heç bir problem yoxdur, hər şey öz qaydasında davam edir".
O niyə İtaliyaya köçdü, Rusiyadan qaçaq salan səbəblər...
Rusiyada yaşayan postsovet sahibkarlarının hamisi rolunda çıxış edən Yuri Lujkovun vəzifədən gedişi bir çox biznesmenlər, o cümlədən F.Məmmədov üçün arzuolunmaz nəticələrə gətirib çıxarır. 2014-cü ildə Moskvadakı biznesini Avropaya köçürən F.Məmmədovun bu addımının səbəbi kimi Moskva meri olan Lujkovun vəzifədən getməsi göstərilirdi.
Belə ki, Lujkov və onun xanımı Yelena Baturina ilə sıcaq əlaqələri olan Frenkin onların Moskvadan getməsindən sonra mövqeləri zəifləyib. Onun obyektləri Moskva vergi departamenti tərəfindən davamlı yoxlamalara məruz qalıb, Moskvanın "Reçnoy vokzal" metrostansiyası yaxınlığındakı ticarət mərkəzi də buna görə günlərlə bağlı qalırmış. Onun Palermoda da ticarət obyektlərinin olduğu bildirilir. Hazırda İtaliyada biznes fəaliyyətini davam etdirən Fizuli Məmmədovun hazırda Rusiyada da müəyyən biznes əlaqələrinə malik olduğu deyilir.
İki uşaq atası olan sahibkarın dəbdəbəli həyat sürdüyünə sosial şəbəkələrdə müxtəlif videolar yayılıb. Bu videolarda onun bahalı avtomobillərdə pozlar verməsi öz əksini tapıb.
// Adnan, Aktual.az