"MY mənə xəyanət etdi, ten Haqa hörmətim yoxdur" - Ronaldu "partladı"
"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu ilin ən qalmaqallı müsahibəsini verib.
Fanat.Az-ın məlmatına görə, "Talk TV"-nin qonağı olan 37 yaşlı ulduz MY-ni xəyanətdə ittiham edibsə, baş məşqçi Erik ten Haqa hörmət etmədiyini dilə gətirib:
"Son bir il həyatımın ən çətin dönəmidir. "Mançester Yunayted" mənə xəyanət etdi. Niyə bu müsahibəni verirəm? Çünki insanlar həqiqəti bilməlidirlər. Bəli, mən özümü satılmış, xəyanətə məruz qalmış hesab edirəm. Yalnız bu il yox, ötən ildən belədir. Məni bütün problemlərin səbəkarı kimi təqdim etmək çox qıcıqlandırıcıdır...
İyulda yeni doğulan oğlum reanimasiyaya düşdü. Məni hamıdan az MY rəhbərliyi dəstəklədi. Özümü çox pis hiss etdiyim üçün məşqlərə vaxtında başlaya bilmədim. Klub bossları isə belə dönəmdə mənə qarşı inamsızlıq sərgilədilər. Doğru danışdığıma şübhə ilə yanaşdılar. Bu il nələrdən keçdiyimizi də nəzərə alsaq, ailə mənim üçün hər şeydir.
Baş məşqçi Erik ten Haqa hörmətim yoxdur. Bu, mənə qarşı münasibətindən qaynaqlanır. Sən mənə hörmət etmirsənsə, mən sənə heç vaxt etməyəcəyəm".
Ronaldu "Mançester Yunayted"in keçmiş ulduzu Ueyn Runini də hədəfə alıb: "Məni niyə tez-tez tənqid etdiyini bilmirəm. Güman edirəm ki, bu, mən hələ də ən yüksək səviyyədə futbol oynadığım halda sənin futboldan təqaüdə çıxmağına görədir”.