"Qarabağ"a 2 milyonluq "CƏZA" - "Köhlən atlar"a nə MANE OLDU?
Dünən Avropa Liqasının qrup mərhələsindəki son oyununda "Qarabağ"la heç-heçəyə razılaşan Almaniya Bundesliqasının hazırki vəziyyətə görə turnir cədvəlində 3-cü pilləsində qərarlaşan "Frayburq"un çalışdırıcısı Kristian Ştrayx matçdan sonra Bakıda jurnalistlərə açıqlamasında bildirdi ki, "Qarabağ" bu oyunla çox irəli gedə bilər".
Elədir ki, var! Amma bir klubun irəli getməsi üçün tək statistik rəqəmlər kifayət etmir. Mərhələ adlamaq, daha böyük yerlər uğrunda mübarizə aparmaq üçün sənə mütləq şəkildə ələ düşən qol epizodlarından yararlanmaq gərəkdir. Topa sahib olma faizi, hər oyunda rəqiblərindən daha çox ötürmə etmək matçın nəticəsinə, tablodakı rəqəmlərə təsir etmirsə, bu, heç kəsə lazım deyil. Hələ yer üzündə elə bir azarkeşə rast gəlinməyib ki, komandası məğlub olduğu halda topa sahib olmada, yaratdığı qol epizodlarının çox olmasına görə sevinə və bunu qeyd edə. Qələbəni heç nə əvəz etmir. Onu əldə etmək üçün isə ələ düşən imkanlardan yararlanmaq əsas şərtdir.
Biz "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə kimi bu sezon keçirdiyi matçlara nəzər salsaq görərik ki, Ağdam təmsilçisinin hücum xətti daha dişli, daha kəsərli görünürdü. Ta o zamana kimi ki, İbrahima Vadji klubdan ayrıldı. 2,6 milyon avro qarşılığında Fransaya yollanan forvardın əvəzinə "Qarabağ"ın ən azı o səviyyədə bir hücumçu ilə anlaşacağı gözlənilsə də, gözləntilər özünü doğrultmadı. Əvəzində "köhlən atlar"ın rəsmiləri və çalışdırıcısı bəyan etdi ki, "Qarabağ" AL-də əlindəki oyunçularla yoluna davam etmək barədə düşünür.
Halbuki "Qarabağ" heyətinə bir-iki yerində müdaxilə etməklə daha iddialı yerlər uğrunda mübarizə aparmaqla Vadjinin transferindən qazandığı məbləğin 3-4 qatını əldə edə bilərdi. Amma "köhlən atlar" özünü bu fürsətdən məhrum etdi.
Klub rəhbərliyinin bu qərarı Fransa ("Nant"), Almaniya ("Frayburq") və Yunanısan ("Olimpiakos") klubları ilə keçirdiyi hər bir oyunda sübut etdi ki, Azərbaycan təmsilçisi transfer siyasətində ciddi yanlışlığa yol verdi.
Qrup matçlarının hər birində rəqiblərindən üstün oynayan, qol epizodlarının sayı və topa sahib olmada digər komandalardan bir neçə baş üstün olan "Qarabağ" lazımı xalları toplaya bilmədi və nəticədə Çempionlar Liqasının təsnifatından başladığı Avropa macərasını Konfrans Liqasında davam etdirmək məcburiyyətində qaldı. Belə olan halda günahı nə hakimdə, nə də rəqibin oyun tərzində axtarmaq lazımdır. "Köhlən atlar"ın Avropa Liqasında geridə qalan 6 oyunu da göstərdi ki, səbəblər tamamilə keyfiyyətli hücumçu probleminə bağlıdır.
Bunu UEFA-nın açıqladığı statistik rəqəmlər də təsdiq edir. Ötən tur "Nant"la səfər matçından sonra (2:1) UEFA Avropa Liqasının qrup mərhələsində çərviçəyə ən çox dəqiq zərbə endirən futbolçuların adlarını açıqladı ki, bundan bütün futbol ictimaiyyətinin xəbəri oldu.
"Qarabağ"ın hücumçusu Kvabena Ovusunun 5 oyuna (son tura kimi) 10 dəqiq zərbə ilə birinci yerdə qərarlaşdığını hər kəs gördü. Lakin 25 yaşlı hücumçu çərçivəyə gedən bu zərbələrdən cəmi ikisində fərqlənməyi bacarmışdı.
Dünən "Frayburq"la Azərbaycan futbolunun məbədi hesab edilən "Tofiq Bəhramov" adına Respublika stadionunda keçirilən həyati əhəmiyyətli matç "Qarabağ"ın Avropada macərasını harada davam etdirəcəyi adına olduqca önəmli hesab edilirdi. Beş turdan sonra Fransa təmsilçisi "Nant"ı bir xal qabaqlayan "köhlən atlar" Bundesliqa klubunu doğma divarlar arasında mütləq məğlub etməli idi ki, taleyini artıq heç bir iddiası qalmayan (Qrup sonuncusu) "Olimpiakos"un ümidinə buraxmasın.
Amma şansın da ondan üz döndərdiyi "Qarabağ" "Frayburq"la görüşdə hətta təxminən 30 dəqiqə bir nəfər azlıqda mübarizə aparmasına baxmayaraq rəqibdən üstün oyun sərgiləyərək məşəqqətli, iztirablı, həyəcandan ürəklərin ağıza gəldiyi xeyli qol epizodlarından sonra bərabərlik topunu rəqib qapısından keçirməyə nail oldu.
Bu oyun bir daha açıq şəkildə göstərdi ki, Ovusu müdafiənin arxasına atılan topları, yaranan real qol epizodlarını nadir hallarda qola çevirə biləcək bir forvarddır, onun bundan artığına gücü çatmır. Amma "Qarabağ" hətta on nəfərlə belə "Frayburq"a qarşı oynadığı bu matçla düşən epizodları qola çevirməyə nail ola bilsəydi bu gün vəziyyət tamamilə fərqli ola bilərdi və biz bu gün "köhlən atlar"ın Avropa Liqasında pley-offda qarşılaşacağı rəqibin adına aydınlıq gəlməyini səbirsizliklə gözləmiş olacaqdıq.
Təəssüf ki, hər şey istəklərimizin əksinə cərəyan etdi. Bakıdakı bərabərlik təkcə "Qarabağı"ın yox, stadiona topalaşan 30 min azarkeşlə yanaşı, ekran qarşısında bu matçı izləyən milyonlarla həmvətənlərimizin AL-də növbəti mərhələ arzularının üstündən xətt çəkdi. Gözlənildiyi kimi AL və Konfrans Liqası ilə bağlı heç bir iddiası qalmayan "Olimpiakos" matçın sonlarında "Nant"ın qələbəsi üçün əlindən gəlməyən hər şeyi etdi (0:2). Bu nəticə ilə "Nant" AL-də növbəti mərhələdə oynamaq şansı qazandı, Azərbaycan təmsilçisi isə yoluna Konfrans Liqasında davam edəcək.
Amma qrup lideri kimi növbəti mərhələyə yüksələn "Frayburq"la hər iki oyun göstərdi ki, "Qarabağ" nəinki qrupun, hətta Avropa Liqasının ən gözəl oyun nümayiş etdirən klubu idi.
Necə ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda evdə "Frayburq"la 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında qeyd etdi: "Bu il Avropanın 3 ən gözəl komandasından biri "Qarabağ"dır".
Amma təəssüf ki, belə gözəl oyunla "Qarabağ"ın AL macərası bu dəfə də tez yekunlaşdı. Səbəb isə məlum - hücumçu problemi! Bunu bilmək üçün mütəxəssis olmaq lazım deyil. Amma bu vəziyyətlə üzləşməmək üçün də eyni zamanda xəsis də olmaq lazım deyildi.
Bütün bu təhlillər və statistikalardan sonra bir nəticəyə gəlinir: "Qarabağ" bu sezon Vadjiyə görə "Sent -Etyen"dən qazandığı 2 milyonun bədəlini ödəyir. Heç bir oyunçu əvəzedilməz deyil, amma sənin qarşında bir hədəf varsa, bunun üçün konkret və məntiqli addımlar atmalısan. Bütün ümidlər qaldı bu qışa. Ümid edək ki, "Qarabağ" Konfrans Liqasında da eyni səhvi buraxmayacaq, hazırlıqlarına daha ciddi yanaşaraq, ən azı hücumdakı dişsizliyi doldurmaq üçün əməli-praktiki addımlar atacaq.