"Məhkəmələr Cinayət Məcəlləsinin 66.5 və ya 67-ci maddəsi üzrə cəza təyin edərkən fərqli yanaşmalar sərgiləyir"
Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov Konstitusiya Məhkəməsinə müraciət edib.
E-huquq.az-ın məlumatına görə, hakim müraciətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş edib.
Həmin müraciəti təqdim edirik:
"Barəsində cəza təyin edilməklə ittihamedici hökm çıxarılmış təqsirləndirilən şəxs, sonradan Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif edilən bir neçə əməlin törədilməsində də təqsirləndirilərkən, həmin əməllərdən bir qismi barəsindəki hökm qüvvəyə minməzdən əvvəl törədilmiş, bir qismi isə barəsindəki hökm qüvvəyə mindikdən sonra törədilmiş olduqda, bu zaman həmin şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və ya 67-ci maddəsi üzrə cəza təyin edilməsi məsələsində çətinliklər yaranır.
Belə ki, şəxs barəsində əvvəlki hökm olan, yəni CM-nin 179.3.2-ci maddəsi ilə cəza təyin edilməklə qüvvəyə minmiş ittihamedici hökm olduğu təqdirdə, həmin şəxsin qeyd edilən hökmün çıxarılmasından (qüvvəyə minməsindən) əvvəl də bir neçə epizod üzrə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma əməlləri törətməsi ilə yanaşı, həmin hökm qüvvəyə mindikdən sonra da bir neçə epizod üzrə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma əməlləri törətməsi müəyyən edilir va hökmdən əvvəlki və hökmdən sonrakı həmin vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma epizodları üzrə əməllərinə görə CM-nin 213.3-cü maddəsi ilə vahid ittiham aktı tərtib edildikdə, həmin ittiham aktı üzrə cinayət işinə baxılarkən, şəxsin təqsiri sübuta yetirildikdə, cəza təyini məsələsində məhkəmələr tərəfindən müxtəlif yanaşmalar sərgilənir və həmin yanaşmalara uyğun da müxtəlif hökmlər çıxarılır.
Baxmayaraq ki, təqsirləndirilən şəxsin CM-nin ayrı-ayrı maddələrində nəzərdə tutulmuş bir neçə əməlin törədilməsi nəticəsində, bu əməllərin bir qismi (yeni bir maddə üzrə) onun barəsindəki hökm çıxarılmazdan əvvəl, yəni həmin hökm qüvvəyə minənədək (Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən hökm qüvvəyə minənədək), bir qismi isə (digər maddə üzrə) hökm qüvvəyə mindikdən sonra törədilmişdirsə, belə vəziyyətdə cəzaların təyin edilməsi qaydası "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Ali Məhkəmə Plenumunun 25.06.2003-cü il tarixli Qərarının 17-ci bəndində izah edilmişdir, lakin yuxarıda göstərilən vəziyyətdə, cəzanın təyin edilməsi məsələsi CM-də dəqiq tənzimlənməmişdir, bununla bağlı izah mövcud deyildir.
Bu cür hallarda cəzalar aşağıdakı fərqli formalarda təyin edilir.
1) Belə ki, bir qism yanaşmaya görə məhkəmələr hesab edirlər ki, belə vəziyyətdə yalnız CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Hesab edirlər ki, necə ki, məhkəmənin icraatında olan ittiham aktındakı cinayət əməllərinin bir qismi təqsirləndirilən şəxsin barəsindəki qüvvəyə minmiş hökmdən əvvəl törədilmişdir, belə olduğu təqdirdə də hər bir halda, cəza hər bir əmələ görə deyil, cəza CM-nin maddəsinə görə təyin edilməli olduğundan, həmin əməllər isə CM-nin vahid bir maddəsi ilə tövsif edildiyindən, cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Ona görə də hesab edirlər ki, bu cür vəziyyətdə baxmayaraq ki, ittiham aktındakı əməllərin bir qismi hökm qüvvəyə mindikdən sonra törədilsə də, belə vəziyyətdə CM-nin 67-ci maddəsinə əsasən, cəzanın təyin edilməsi, həmin təqsirləndirilən şəxsin vəziyyətini hökm qüvvəyə minməzdən əvvəlki cinayətlərə münasibətdə ağırlaşdırır. Ona görə də bu cür yanaşma zamanı, hətta belə bir vəziyyətdə hökm qüvvəyə mindikdən sonrakı vaxtda törədilmiş cinayətlərə görə residiv əmələ gəlsə belə, məhkəmələr CM-nin 66.5-ci maddəsinə əsasən cazanın təyin edilməli olduğu qənaətinə gəldikləri üçün, residivin olmadığı qənaətinə gəlirlər və residiv nəzərə alınmır.
Yəni bu cür yanaşma üzrə son nəticədə məhkəmənin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxsə CM-nin 213.3-cü maddəsi üzrə cəza təyin edilir, sonra isə CM-nin 66.5 ci maddəsinə əsasən təyin edilmiş həmin cəza, məhkumun barəsindəki əvvəlki hökmlə təyin edilən cəza ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edirlər.
Bu cür yanaşma zamanı şəxs barəsində CM-nin 67-ci maddəsinin tətbiqinə əsas verən cinayət əməllərinə münasibətdə, cəza təyin etmə CM-nin ümumi prinsipləri ilə uzlaşmır, həmçinin hökm qüvvəyə mindikdən sonra törədilmiş cinayətlərə görə şəxsin əməlində residivin olması baş verərsə, residivin nəzərə alınmamasına gətirib çıxarır.
2) Digər yanaşma isə bundan ibarətdir ki, şəxsin barəsindəki hökm qüvvəyə minməzdən əvvəl də cinayət törətməsi müəyyən olsa da belə, necə ki vahid ittiham aktındakı eyni maddə ilə tövsif edilən cinayətlərin bir qismi də hökm qüvvəyə mindikdən sonra törədilmişdir, belə vəziyyətdə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törətməsi halı baş verdiyi üçün, şəxsə cəza CM-nin 67-ci maddəsi üzrə təyin edilir. Ona görə də belə vəziyyətdə hökmdən əvvəlki cinayətlərin olması əhəmiyyət kəsb etmir, CM-nin 67-ci maddəsi üzrə cəzanın təyin edilməsi, hökmdən əvvəlki cinayətləri də əhatə edir. Hətta belə bir vəziyyətdə hökm qüvvəyə mindikdən sonrakı vaxtda törədilmiş cinayətlərə görə residiv əmələ gəlirsə, həmin residiv də nəzərə alınır.
Digər bir problem bundan ibarətdir ki, şəxsə hökmlə təyin edilmiş cəzasını çəkib qurtardıqdan sonra, müəyyǝn edilir ki, şəxsin həmin hökmdən əvvəl töretdiyi cinayət əməli aşkar edilir və həmin əmələ görə şəxsə ittiham verilərək, yeni cinayət işi məhkəmənin icraatına verilir. Bu vəziyyətdə şəxsin əməli təsdiq edildiyi təqdirdə, təqsirli bilindiyi həmin əmələ görə cəza birmənalı olaraq CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Lakin bu vaxtə da məhkəmələr tərəfindən fərqli yanaşmalar sərgilənir.
1) Belə ki, bir qism hakimlər hesab edirlər ki, artıq əvvəlki hökmə əsasən təyin edilmiş cəza çəkilib qurtardığı üçün, sonradan aşkar edilmiş və məhkəmənin icraatında olan həmin cinayət işi üzrə şəxsə cəza adi qaydada, yəni təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilir. Əvvəlki hökm üzrə cəza çəkilib qurtardığı üçün, yeni hökmlə təyin edilmiş cəza CM-nin 66.5-ci maddəsinə əsasən, məhkumun barəsindəki əvvəlki hökmlə təyin edilən cəza, nə daha ciddi cəza ilə əhatə edilir, nə də təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Yəni, əvvəlki hökm üzrə təyin edilmiş cəza çəkilib qurtardığı üçün yeni iş üzrə cəza təyini zamanı nəzərə alınmır və qəti cəza təyin edilmir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmır.
Halbuki, CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.
Bu zaman məhkumun hüququ pozulmuş olur.
Misal üçün. Şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (və ya 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir).
Həmin hökm üzrə cəza çəkilib qurtardıqdan sonra müəyyən edilir ki, şəxs həmin hökmdən də əvvəl başqa bir əməl törətmişdir, həmin əməl CM-nin 178.2.4-cü maddəsinin tərkibini yaradır. Cinayət işi açılır, həmin əmələ görə şəxsə CM-nin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülür və cinayət işi məhkəməyə göndərilir. Yəni, cinayət işi açılan zamanı şəxs əvvəlki hökmlə təyin edilmiş cəzasını çəkib qurtarmış olub.
İşə məhkəmədə baxılır və şəxsə cəza təyin etmə məsələsi zamanı şəxs yenə də CM nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinir və şəxsə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilir (və ya 03 il azadlıqdan məhrumetmə cəzası təyin edilir). Bu zaman əvvəlki hökmlə təyin edilmiş cəza çəkilib qurtardığı üçün, yeni hökmlə təyin edilmiş cəza ilə CM-nin 66.5-ci maddəsinə əsasən nə əhatə edilir, nə qismən və ya tamamilə toplanır, nə də yekun cəzadan əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilmiş hissəsi çıxılır.
Bu zaman faktiki olaraq nəticə etibarilə şəxs cinayətlərin məcmusuna səbəb olan CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindəki əməlləri üzrə 06 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkmiş olur (və ya 06 il azadlıqdan məhrumetmə cəzası çəkmiş olur). Halbuki bu zaman şəxs qanunsuz olaraq CM-nin 178.2.2, 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın son həddində də artıq cəzalanmasına səbəb olur, həm də azadlığın məhdudlaşdırılması cəzasının həddi barədə CM-nin 52-1.4-cü maddəsində müəyyən edilmiş hədd aşılır. Halbuki, həmin maddəyə əsasən, azadlığın məhdudlaşdırılması 06 aydan 05 ilədək müddətə təyin edilir.
Bu cür yanaşma "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Ali Məhkəmə Plenumunun 25.06.2003-cü il tarixli Qərarının 16-cı bəndində izah edilmiş tələblərə də ziddir.
Belə ki, həmin Qərarın 16-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz.
2) Digər yanaşma isə bundan ibarətdir ki, belə bir vəziyyətdə çəkilmiş cəza CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza müddətinə hesablanmalı olduğundan, məhkəmənin icraatında olan həmin cinayət işi üzrə şəxsə cəza adi qaydada, yəni təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilir, bundan sonra CM-nin 66.5-ci maddəsinə əsasən, əvvəlki hökmlə təyin edilmiş cəza çəkilmiş olsa da, həmin cəza yeni hökmlə təyin edilən cəza ilə toplanır (əhatə etmə yolu ilə və ya qismən və ya tamamilə) cəza təyin edilir, bundan sonra həmin qəti cəzadan əvvəlki hökmlə təyin edilərək çəkilmiş cəza çıxılır və qəti cəza təyin edilir. Bu cür yanaşma sərgiləyən hakimlər, cəzanı aşağıdakı kimi təyin edirlər.
Yuxarıdakı misal üzrə cəza artıq aşağıdakı kimi təyin edilmiş olur. Yəni, cinayət işinə məhkəmədə baxılır və şəxsə cəza təyin etmə məsələsi zamanı şəxs yenə də CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinir və şəxsə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilir (və ya 03 il azadləqdan məhrumetmə cəzası təyin edilir). Bundan sonra əvvəlki hökmlə şəxsə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilərək çəkilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası (və ya 03 il azadlıqdan məhrumetmə cəzası) çəkilib qurtarsa da, həmin təyin edilmiş cəza (çəkilib qurtarmış cəza) yəni, hökmlə təyin edilmiş cəza ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılır və yekun olaraq şəxsə 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilir (və ya 04 il azadlıqdan məhrumetmə cezası təyin edilir). Bundan sonra təyin edilmiş həmin cəzadan əvvəlki hökmlə təyin edilmiş və artıq çəkilib qurtarmış cəza çıxılır və beləliklə də şəxsin üzərində qəti olaraq 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış olar (və ya 01 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış olur) Bu cür cəzatəyinetmə zamanı həm şəxsin hüquqları qorunur, həm də CM-nin tələbləri pozulmur.
Lakin qanunvericiliklə dəqiq müəyyən edilmədiyi üçün, müraciətdə göstərilən yaranmış bu cür vəziyyətlərdə, həmin qeyri-müəyyənlik müxtəlif cür nəticələnir.
Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında "hüquqi müəyyənlik prinsipinin əhəmiyyəti vurğulanmışdır. Qərarlarında qeyd edilmişdir ki, Konstitusiya hüququnun doktrinasi hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz aksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.
Yuxarıda göstərilənlər baxımından qanunvericilikdə aydınlıq gətirilmədiyi və birmənalı müəyyən edilmədiyi üçün, məhkəmənin icraatında olan bu cür işlərin cəza təyini mərhələsində çətinliklər yaranır.
Bununla da müraciətdə qoyulmuş məsələlərə aydınlıq gətirilməklə, CM-nin 66.5 və 67 ci maddələri üzrə yaranmış vəziyyətlərdə cəza təyini məsələlərində hüquqi müəyyənlik prinsipi təmin edilmiş olar. Barəsində cəza təyin edilməklə ittihamedici hökm çıxarılmış təqsirləndirilən şəxsin həmin hökm qüvvəyə minməzdən əvvəl və qüvvəyə mindikdən sonra da Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif edilən bir neçə əməlin törədilməsində də təqsirləndirildiyi cinayət işi üzrə cəza təyin etmə zamanı, həmçinin məhkumun hökmlə təyin edilmiş cəzasını çəkib qurtardıqdan sonra birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edildiyi hallarla əlaqədar, cinayətlərin və hökmlərin məcmusu üzrə cəza təyini zamanı müraciətin mətnində göstərilən qeyri-müəyyənliklər nəzərə alınmaqla CM-nin 66.5 və 67-ci maddələri əlaqəli şəkildə şərh edilsin".
Konstitusiya Məhkəməsi Plenumu işi icraata götürüb, müraciətə aprelin 15-də baxılacaq.