Mahir Emreli "Qarabağ"a qayıtması barədə DANIŞDI
Azərbaycanlı futbolçu Mahir Emreli peşəkar karyerasına hazırda fəaliyyətini davam etdirməyən “Bakı” klubunda başlayıb.
Daha sonra “Qarabağ”a keçən hücumçu Ağdam klubunda keçirdiyi 6 ildə (2015-2021) bir çox uğurlar qazanıb. “Köhlən atlar”ın heyətində dəfələrlə ölkə çempionu, Azərbaycan Kubokunun qalibi olmuş forvard komandası ilə birlikdə müxtəlif illərdə avrokubokların qrup mərhələlərində də iştirak edib.
2021-ci ildə Polşanın “Legiya” klubuna keçən Mahir bir il bu klubda oynadıqdan sonra Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna transfer olunub. Hazırda “Dinamo”da çıxış edən Emreli Azərbaycan milli komandasının da şərəfini qoruyur.
Azia.az Mahir Emrelinin "Report"a müsahibəsini təqdim edir:
- "Dinamo"da əsas heyətə düşməkdə çətinlik çəkirsiniz. Bu, nə ilə bağlıdır?
- Hər halda, hazırkı vəziyyət baş məşqçinin qərarı ilə bağlıdır.
- Ölkə xaricində çıxış edən nadir yerli futbolçulardansınız. İnsanlar sizdən daha çoxunu gözləyir. Ona görə də ehtiyatda qalmağınız futbol ictimaiyyətini, azarkeşləri narahat edir. Onlara nə demək istərdiniz? Mahir Emrelini yenidən nə vaxt əsas heyətdə görə biləcəyik?
- Mən də bu yola uğur qazanmaq üçün çıxmışam. Bunu hamıdan çox istəyirəm. Açığı, Azərbaycanda azarkeşlərin mənə görə narahatlıq keçirdiyini düşünmürəm (gülür). Narahat olanlar varsa, onlara təşəkkürümü bildirirəm.
- "Dinamo"nun baş məşqçisi Ante Çaçiçlə münasibətləriniz necədir? Onunla durumunuzla bağlı söhbətiniz olubmu?
- Münasibətimiz məşqçi və futbolçu səviyyəsindədir. Baş məşqçilərin qərarları müzakirə olunmur. Ona görə də bu barədə heç bir danışığımız olmayıb. Mən, sadəcə, üzərimə düşəni edirəm.
- Bir müddət öncə keçmiş klubunuz olan Polşa "Legiya"sı ilə bağlı problem yaşadınız. Nəticədə FIFA sizi cəzalandırdı. Futbolla bağlı fəaliyyətinizə qadağa qoyulması xəbərini eşidəndə hansı hissləri keçirdiniz?
- "Legiya" ilə söhbət "Dəlinin biri quyuya daş atdı" məsəlinə oxşadı (gülür). Mənə aid bir məsələ deyildi. Heç bir qərarla tanış olmadım və fərqli hiss keçirmədim. Mənim üçün hər şey yolunda idi.
- Ümumiyyətlə, həmin proses barədə bir qədər ətraflı məlumat verə bilərsiniz? Qərar nə dərəcədə ədalətli idi?
- Yuxarıda dediyim kimi, mənim üçün hər şey yolunda idi. Gördüyünüz kimi, heç bir oyunu buraxmadım. "Legiya"nın bir işçisinin şəxsi tviti idi, rəsmi deyildi.
- Amma sonradan "Dinamo" da rəsmi açıqlama yaydı ki, qarşı tərəfə 100 000 avro təzminat ödəmisiniz...
- Bu barədə çox danışmaq, dərinə getmək istəmirəm.
- Bir müddət öncə sizin yenidən "Qarabağ"a qayıda biləcəyiniz barədə xəbərlər yayılmışdı. Amma təsdiqini tapmadı. Qış fasiləsində bu keçid gerçəkləşə bilərmi?
- "Qarabağ"a qayıtmaqla bağlı xəbərlər də birilərinin uydurması idi. Mətbuatdan eşitdim. Haqqımda yazılan yalan xəbərlərə alışmışam (gülür).
- Ümumiyyətlə, başqa təklifləriniz varmı?
- Mənim "Dinamo" ilə davam edən müqaviləm var.
- "Qarabağ"ın Avropa Liqasındakı oyunlarını, yəqin ki, izləyirsiniz. Keçmiş komandanızın çıxışı barədə nə deyə bilərsiniz?
- "Qarabağ" həm avrokuboklarda, həm də yerli çempionatda möhtəşəm çıxış edir. Oyun sistemi olaraq baş məşqçinin işi həqiqətən görünür. Meydanda komandanın əzmkarlığı ən yüksək səviyyədədir. "Qarabağ"ın oyunlarını hər zaman izləyirəm və uğurlarına çox sevinirəm. Ürəyim hər zaman onlarladır. İstəsəm də, istəməsən də, orada gözəl illərim keçib.
- Azərbaycan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Belçika, İsveç, Avstriya və Estoniya ilə eyni qrupda mübarizə aparacaq. Rəqibləri və şansları necə dəyərləndirirsiniz?
- Gördüyünüz kimi, ağır qrupdur. Amma son matçlarda qazandığımız qələbələr bizim üçün böyük motivasiyadır və oyun sistemini yaxşılaşdırdığımız aydın görünür. Sadəcə, burada rəqiblər daha usta, daha güclü keyfiyyətə malikdirlər. Ümid edirəm, hər şey bizim üçün yaxşı keçər. Ayrılıqda heç bir rəqib haqqında danışmaq istəməzdim. İndi nəinki futbolda, heç bir idman növündə asan rəqib yoxdur.
- AFFA milli komandanın baş məşqçisi Canni De Byazi ilə müqaviləni uzatdı. Buna münasibətinizi də bilmək maraqlı olardı...
- De Byazinin müqaviləsinin uzadılması yaxşı oldu. Artıq ona alışmışıq. Getdikcə nəticələrimiz də yaxşılaşır. İnanıram ki, daha yaxşı çıxış edəcəyik. Baş məşqçi mənimlə hər zaman maraqlanır. Zədələnəndə zəng vurur, tez-tez vəziyyətimi soruşur. Diqqət mənim üçün çox önəmlidir. Ona göre De Byazi ilə çalışmaq şəxsən mənim üçün xoşdur. Bu gün ehtiyatda qalmağımın onu necə narahat etdiyini bilirəm. Vaxtaşırı danışıb vəziyyəti müzakirə edirik. Dəstəyi üçün ona “çox sağ ol” deyirəm.
- Hazırkı durumunuzla bağlı Qurban Qurbanovla danışırsınız? Sizə nə məsləhət verir?
- Hoca ilə son vaxtlar danışmamışam. "Legiya" ilə bağlı xəbər çıxanda söhbətimiz oldu. Başa düşürəm, vacib oyunlara hazırlaşır. Çox gözəl də nəticələr qazanır. O, bizim dəyərimizdir.